"Access Bank"da problemli kreditlərin həcmi xeyli artıb - Böhran
14-04-2015, 12:59
"Access Bank" QSC-nin problemli kreditlərinin həcmi 2015-ci ilin ilk rübündə 6,5 dəfə artaraq aprel ayının 1-nə 49,5 mln. manata çatıb.
"Report"un Bankın baş ofisə istinadən verdiyi xəbərə görə, əgər bu ilin əvvəlinə problemli kreditlərin ümumi kredit portfelində payı 0,92% olubsa, I rübün sonuna bu göstərici 5,35%-ə yüksəlib.
Qeyd edək ki, "Access Bank"ın cari ilin ilk rübündə xalis zərəri 2,346 mln. manat təşkil edib. Müqayisə üçün bildirək ki, 2014-cü ilin IV rübünü bank 8,334 mln. manat xalis mənfəətlə başa vurub, ötən il orta rüblük xalis mənfəəti isə 10,109 mln. manata bərabər olub.
Rüblük hesabatına əsasən, bank 2015-ci ilin yanvar-mart aylarında məzənnə dəyişməsi də daxil olmaqla valyuta əməliyyatlarından ümumilikdə 5,06 mln. manat zərər edib. Ötən ilin yekununda isə bank əksinə, bu əməliyyatlardan 887 min manat gəlir əldə edib.