Kredit əsirliyi: 3 milyondan çox vətəndaşın kredit borcu var... - faizlər də bundan yaxa qurtarmağa imkan vermir
Bu gün, 11:36

Əhali ağır kredit əsirliyi yaşayır. Milli Məclisin mayın 1-də keçirilən iclasında Mülki Prosessual Məcəllədə və “İcra haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı da bu haqda danışılıb. Deputat Vüqar Bayramov 3 milyondan çox vətəndaşın banklara istehlak krediti borcu olduğunu deyib.
Bizimyol.info xəbər verir ki, Milli Məclisdəki müzakirədə 2024-cü ilin yekunlarında istehlak kreditlərinin həcminin 6 milyard 937 milyon manatdan 8 milyard 445 milyon manata yüksəlməsi qabardılıb. Vüqar Bayramov vaxtı keçmiş kreditlərin son 3 ay ərzində 32 milyon manat artmasını dilə gətirib.
Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə adambaşına 13,8 min manat bank borcu var. İnanılmaz böyük göstəricidir. Beş il əvvəl əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11,5 faiz idisə, bu göstərici keçən ilin sonunda 18 faizə qədər artıb.
Göründüyü kimi, bütün kredit istiqamətlərində vəziyyət pisləşib. Ölkə əhalisinin nəzərəçarpan hissəsi borc bataqlığında çırpınır. Problemli kreditlərin yükü getdikcə ağırlaşır. Zamanla gəlirlərin daha böyük hissəsini kredit borclarına yönəltmək lazım gəlir.
Durumun belə olmasında istehlak kreditlərinin faizlərinin yüksək olması çox rol oynayır. Rəsmi statistika 2024-cü ildə bu kreditlərin illik orta faiz dərəcəsinin 27 olduğunu göstərmişdi. Məsələn, depozitlərin orta faiz göstəricisinin 8 olduğunu bilirik. Yəni banklar 8 faiz qazanc vədi ilə götürdüyü vəsaiti əhaliyə 19 faiz yüksək şərtlə verir. Bu halda müştərilərin daha çox borclanması, kreditin öhdəsindən gələ bilməməsi təbiidir.
Sosial-iqtisadi vəziyyətin pisləşməsini bir daha qeyd etmək istərdik. Real gəlirlərin azalması istehlak kreditlərinə müraciətlərin sayını da artırıb. İnsanlar gündəlik problemlərin həlli üçün yüksək faizlə təklif olunan kreditlərə möhtac qalırlar. Ümumiyyətlə, istehlak kreditlərinin bu qədər populyarlaşması yaxşı hal sayı bilməz. Müştəri qidalanmaq üçün bu istiqamətdə kredit götürməyə məcbur qalmamalıdır.