Şəhriyardan şeir dedi, amma hələ də ana dilində məktəb yoxdur - FAKT BUDUR!

Bu gün, 15:30           
Şəhriyardan şeir dedi, amma hələ də ana dilində məktəb yoxdur - FAKT BUDUR!
İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri zamanı Azərbaycan dilində şeir səsləndirməsi və türkcə danışması cəmiyyətin müxtəlif təbəqələrində maraqla qarşılanıb. Onun ana dilində çıxışları bir tərəfdən təqdir edilir, digər tərəfdən isə fərqli yanaşmalara səbəb olur. Xüsusilə Pezeşkianın seçki kampaniyasından bəri qeyri-fars dilləri ilə bağlı atdığı addımlar cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub.

Gununsesi.info -ya danışan araşdırmaçı jurnalist Elman Cəfərli məsələyə fərqli prizmadan yanaşır. Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri zamanı dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyardan şeir səsləndirməsi hamımızda xoş duyğular oyadır.

“Sözsüz ki, Pezeşkianın istər seçki dönəmində qeyri-fars dilləri ilə bağlı verdiyi vədlər, seçicilərlə görüşdə türkcə danışması, istərsə də prezidentliyi dövründə Şəhriyardan tez-tez parçalar söyləməsi Güney Azərbaycanda ana dili hərəkatına böyük təkan verir”, – deyə o əlavə edib.

Onun fikrincə, şovinist çevrələr Pezeşkianın çıxışlarından narahatdır və hətta sosial şəbəkələrdə onun ölümlə hədələyirlər:

“Farslara aid sosial şəbəkə hesablarında Pezeşkiana sələfi İbrahim Rəisinin öldüyü helikopter qəzası xatırladılır və mesaj verilir: “Çox irəli getmə, aqibətin o cür olar”. Pezeşkian seçki dönəmində evində farsca danışılmadığını bəyan etmişdi. Ondan öncə İranın siyasi elitasında Azərbaycan türkləri olmuş və türk dilində mesajlar vermişdilər. İranın Ali lideri Əli Xamneyi də arada türk dilində danışır, nohələr deyir. Amma Pezeşkianın davranışı İranın siyasi elitasında yenilikdir. Doğrudur, İran “dərin dövləti” Azərbaycanla, Türkiyə ilə münasibətləri qaydasına qoymaq üçün ona müəyyən “dəhliz” yaradıb. Amma onun sərbəstliyinin limiti var, onu keçə bilməz. Keçə bilsəydi, prezident işlədiyi 9 ayda Azərbaycan dilində məktəblərin açılması ilə bağlı heç olmasa layihə təqdim edərdi”.

Elman Cəfərli hesab edir ki, Məsud Pezeşkiana bel bağlamaq lazım deyil:

“Mənim Pezeşkiandan gözləntim yoxdur. O, Azərbaycan dilində məktəb aça bilməz. Dil məsələsi rejimin qırmızı cizgisidir. Qadınların baş örütüyü də belədir. Əgər molla rejimi baş örtüyünə azadlıq versə, 6 aya rejim çökər. Qeyri-fars dillərinə də azadlıq versələr, imperiya dağılar. Ona görə də Pezeşkiana boşuna ümid etməyək. Urmiyalı doktor 3 il də Şəhriyardan şeirlə başımızı qatacaq, sonra müddəti bitəcək və çıxıb gedib həkimliyini edəcək. Amma dediyimiz kimi, Pezeşkianın da, ona “yaşıl işıq” yandıran çevrələrin də hesablamadığı bir məqam var. O, da bundan ibarətdir ki, doktorun ana dilində çıxışları Güney Azərbaycanda milli hərəkata təkan verir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.