Kim və nəyə görə cavabdehlik daşıyacaq? - GƏLİŞMƏ
Bu gün, 17:49

Ukrayna Silahlı Qüvvələri 2014-cü il sərhədlərinə qədər Rusiyanı “itələyə” bilməyəcək. Dünya mediası xəbər verir ki, bunu ABŞ lideri Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən ABŞ dövlət katibi Marko Rubio deyib.
Onun fikrincə, bunu fakt kimi qəbul etmək lazımdır: "Biz təslim olmaq fikrində deyilik. Amma elə bir vaxt gəlir ki, ABŞ Prezidenti Donald Tramp bunu daha nə qədər yüksək səviyyədə edə biləcəyimizə qərar verməlidir. Dünyada daha çox mühüm şeylər baş verir. Ukraynadakı münaqişənin vacib olmadığını demək istəmirəm, lakin Çin ətrafında baş verənlərin uzunmüddətli perspektivdə daha vacib olduğuna inanıram".
Bu, gözlənilən bəyanat idi. ABŞ öz maraqlarına əsaslanaraq, artıq Rusiya-Ukrayna müharibəsində real iştirak dərəcəsini azaldıb. Co Baydenin prezidentliyi dövründə Ukraynaya edilən o böyük silah tədarükü və nəhəng maliyyə yardımı paketləri artıq yoxdur. Bu isə təbii ki, rəsmi Kiyevin mövqeyinə, ritorikasına təsir edir.
Məlum olduğu kimi, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Ukraynanın 1991-ci il sərhədləri daxilində ərazi bütövlüyünün bərpası məsələsi ölkənin siyasi və ictimai diskursunda əsas məsələyə çevrilib. Ukrayna rəhbərliyi dəfələrlə Krımı, Donetsk və Luqansk vilayətlərinin bəzi hissələri də daxil olmaqla, müvəqqəti işğal olunmuş bütün əraziləri qaytarmaq arzusunda olduğunu bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna bütün ərazisi uğrunda döyüşəcək. O, 2022-ci ilin martında qeyd edib ki, “Ukrayna torpağının bir santimetri də sövdələşmə predmeti ola bilməz”.
Bununla belə, 2022-ci ilin birinci yarısında ritorika hələ də hərbi əməliyyatları dayandırmaq üçün kompromislərin mümkünlüyünə imkan verirdi. Ukrayna Silahlı Qüvvələrinin Xarkov və Xerson vilayətlərində əldə etdiyi uğurlardan sonra Ukrayna Prezidenti ritorikasını sərtləşdirdi.
2022-ci ilin noyabrında videomüraciətində Zelenski birbaşa bildirib ki, Ukraynanın məqsədi “1991-ci ilin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam bərpa etməkdir”.
Bundan əlavə, 2023-cü ilin yanvarında Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı Zelenski vurğulamışdı ki, “Ukrayna bütün ərazilər, o cümlədən Krım tamamilə azad edilməyincə dayanmayacaq”.
O, əlavə edib ki, “bu, sadəcə, siyasi mövqe deyil, xalq qarşısında borcudur”.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Andriy Danilovun açıqlamalarını da xatırlamaq məntiqlidir. 2022-ci ilin iyulunda o, “Krımsız sülh ola bilməz” demişdi. 2022-ci ilin dekabrında o bildirib ki, “müharibə yalnız Ukrayna 1991-ci il sərhədlərini bərpa etdikdə bitəcək”.
Bu personaj indi haradadır? Hətta ukraynalı ekspertlərin də bu suala dəqiq cavabı yoxdur. O, çoxdan informasiya məkanından yoxa çıxıb.
Eyni şeyi Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba haqqında da demək olar. O, müxtəlif Ukrayna və xarici KİV-lərə, necə deyərlər, dayanmadan şərhlər və müsahibələr verir. Aydındır ki, özünə həddən artıq aşiq olan bu şəxs indi özünü "şahin" kimi göstərməyə çalışır.
Və xatırlayırıq ki, əvvəllər Qərb mediasına müsahibələrində Kuleba dəfələrlə vurğulamışdı ki, Ukraynanın diplomatik səyləri “ərazi bütövlüyünü tam şəkildə bərpa etməyə” yönəlib. 2023-cü ilin mayında o demişdi: “Krımın işğaldan azad edilməsini istisna edən hər hansı təkliflər Ukrayna üçün qəbuledilməzdir”.
Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Komandanı Valeriy Zalujnı nadir ictimai bəyanatlarında Ukrayna ərazilərinin tam azad edilməsindən danışıb. 2023-cü ilin sentyabrında “The Economist” üçün yazdığı məqalədə o, qeyd edirdi ki, “əsas hərbi məqsəd Ukraynanı 1991-ci il sərhədlərinə qaytarmaqdır”.
Bu siyahını uzun müddət davam etdirmək olar, o cümlədən Ukraynanın müxtəlif səviyyəli rəsmiləri və siyasətçiləri də bu ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasına söz vermişdilər. Və onların hamısı sonda boş danışanlara çevrildi.
Bəli, düzdür. Çünki reallıqda ABŞ dövlət katibi Rubionun artıq vurğuladığı kimi, Ukrayna Silahlı Qüvvələri Rusiyanı 2014-cü ilin sərhədlərinə qədər “itələyə” bilməyəcək. Üstəlik, 2022-ci ilin fevralında Rusiya Federasiyasının tammiqyaslı işğala başlamasından əvvəl Ukraynanın sahib olduğu ərazilər üzərində faktiki nəzarəti bərpa edəcəyinə dair çox böyük şübhələr var. Ukrayna cəmiyyətinin isə real olmayan vədlər verən hər bir siyasətçisindən bunun bədəlini soruşmaq hüququ olacaq.
/AYNA.az