“Azəriqaz”-da təhlükəli təlatümlər
16-10-2015, 11:38
Ötən gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini Qamət Məmmədov işdən azad olunduğu barədə xəbər yayıldı.
Qamət Məmmədovun işdən çıxarılmasına səbəb kimi onun işdə yol verdiyi ciddi nöqsanlar göstərilirdi. Məlumatda deyilir ki, müvafiq qərar “Azəriqaz” İB-nin oktyabrın 10-da keçirilən iclasında verilib.
Qamət Məmmədov əvvəllər Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi işləyib. “Azəriqaz” sədrinin müavini vəzifəsinə 4 il əvvəl təyin olunmuşdu. Xatırladaq ki, prezident İlham Əliyev qaz təsərrüfatı sahəsindəki nöqsanları son çıxışlarında dəfələrlə tənqid edib.
Bizimxeber.az-a daxil olan məlumata görə, vəzifədən uzaqlaşdırılan Qamət Məmmədov bərk narahat olub. O, həbs olunmaq ehtimalından narahatdır.
Məlumatlarda qeyd olunur ki, hazırda “Azəriqaz” İstehsalat Birliyində ciddi yoxlama aparılır. Bu yoxlamadan sonra daha bir neçə nəfərin, eləcə də Birliyin baş mühasibi və maliyyə şöbəsinin müdiri də işdən uzaqlaşdırılacağı gözlənilir.
Həmçinin Qamət Məmmədovu vəzifədən uzaqlaşdırmaqla bütün yeyinti faktlarını onun üzərinə yükləməyə çalışmaqla diqqətdən yayınan Birliyin sədri Əkbər Hacıyevin də vəziyyətinin ağır olduğu deyilir. Onun da yaxın günlərdə vəzifədən uzaqlaşdırılması və ya diğər bir quruma göndərilməsi müzakirə mövzusudur…