“Twins Art” MMC-də çalışan fəhlələr ölümlə üz-üzə qalıb

27-12-2018, 08:44           
“Twins Art” MMC-də çalışan fəhlələr ölümlə üz-üzə qalıb
Çox təəssüflər olsun ki, aparılan yeni tikinti obyektlərində baş verən qəzaların tez-tez şahidi oluruq. Bu qəzaların, yaxud hündürmərtəbəli binalarda işləyən fəhlələrin hündürlükdən düşərək həyatını itirməsi, yaxud xəsarət alması çox acınacaqlıdır. Bu kimi qəzaların baş verməsində podratçılar, sahibkarlar və əməyin təhlükəsizliyinə nəzarət edən orqanlar birbaşa məsuliyyət daşıyırlar. Əgər, adıçəkilən tərəflər öz məsuliyyətini dərk edərək, işçiləri xüsusi təhlükəsizlik avadanlıqları ilə təmin edərsə, bu kimi faciəvi halların qarşısı alınmış olar. Lakin, nə yazıq ki, məsul tərəflər çox zaman öz istirahətlərini fəhlə ölümü və ailələrin faciəsindən üstün tuturlar.
Noyabrın 23-də H.Aslanov metrostansiyasının yaxınlığından keçərkən, orada tikintisi başa çatmaq üzrə olan yeni yaşayış binasında işləyən fəhlələr diqqətimizi cəlb etdi. Onlar əyinlərində xüsusi geyim, təhlükəsizlik kəməri olmadan, ayaqlarındakı çəkələklə hündürlükdəki armatur qurğular üzərində işləyirdilər. Biz fəhlələrə yaxınlaşdıq. Belə qəzalı şəraitdə çalışmalarının səbəbini soruşduq. Sualımız sükut ilə cavablandırıldı. Əslində bizə cavab verməli olan onlar deyil, onları o şəraitdə çalışdıran cavabdeh şəxslərdir. Biz də o cavabdeh tərəfin kim, yaxud kimlər olduğunu soruşduq, bilmədiklərini söylədilər. Tikinti aparılan binaın birinci mərtəbəsindəki ofisə yaxınlaşdıq. Qapı bağlı idi. Cavabdehlərdən kimsəni ərazidə tapa bilmədik. Maraqlıdır ki, heç bir məlumat lövhəsi də ətrafda gözə dəymirdi. Araşdırmalarımız zamanı aparılan tikintinin Twins Art MMC-yə məxsus olduğu məlum oldu. Ofisin qapısında yazılan telefon nömrələri ilə əlaqə saxladıq. Bizim telefon zəngimizə cavab verən şəxs rəhbərliyə məlumat verəcəyini və bizimlə təkrar əlaqə saxlayacaqlarını bildirdi. Lakin, hələ də bizim suallarımız cavabsız olaraq qalır. Yəqin ki, növbəti faciədən, daha bir ailənin başsız qalmasına səbəb olduqdan sonra özlərini təmizə çıxarmaq üçün üzə çıxacaqlar.
Biz yenə də adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir.
Ardı var...
Hazırladı: Jalə Asiman
stimulxeber.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.