Yeni Bakı" sakinlərindən "İDF" MMC-nin rəhbərinə -növbəti müraciət !
8-02-2019, 10:55

Gunboyu.az Yeni Baki Sakinləri Facebook səhifəsinə istinadən xəbər verir ki, bir neçə gün öncə sakinlər tərəfindən "İDF" MMC -nin rəhbərinə ünvanlanmış məktuba qarşı tərəfdən heç bir reaksiya olmadığından Yeni Bakı sakinləri "İDF" MMC -nin rəhbərinə yenidən müraciət məktubu ünvanlayıblar. Məktubun mətnini təqdim edirik:
Elnur Hüseynov, sakinlər olaraq sizinlə dəfələrlə görüşməyə, şəhərcikdə üzləşdiyimiz və bizə bilərəkdən yaradılan mənzil problemlərini həll edib yoluna qoymaq üçün bir neçə dəfə cəhd etmişik. Lakin bu görüş cəhdlərimiz hər dəfə sizin tərəfinizdən müxtəlif bəhanələr ucbatından baş tutmayıb. Artıq səbrimizin tükəndiyini gördükdən sonra bir ümid yeri kimi cənab Prezidentə və "Paşa" Holdinqin icraçı direktoru Mircamal Paşayevə sizin haqqınızda şikayət edib sizin görüşdən yayındığınızı və problemlərin həllindən getdikcə uzaqlaşdığınızı bildirdik. Nəhayət, bu şikayət məktubumuz öz bəhrəsini verdi və sizə edilən çox haqlı təzyiqlərdən sonra 10 fevral 2019-cu ildə şəhərcikdə görüşməyi planlaşdırdıq. Lakin bu gün tərəfinizdən bizə şəhərciyin qanunsuz komendantı vasitəsilə göndərdiyiniz xəbər biz sakinləri yenə məyus etdi. Belə ki, biz sakinlər bazar günü hamının evdə olduğu vaxt görüşü planlaşdırdığımız halda, siz bu görüşü şəhərciyə qanunsuz olaraq təyin etdiyiniz komendat vasitəsilə şənbə günü, 09 fevral 2019-cu ildə baş tutacağını bildirib üzərində israrla dayanmısınız və yenə məqsədli şəkildə sakinlərlə görüşdən yayınmağı və öz bildiyiniz məcraya yönəltməyi düşünürsünüz. Bəli, biz artıq sizin bu tipli görüşlərinizin bir neçə dəfə şahidi olmuşuq. Bir neçə ay əvvəl də şəhərciyin mənzil problemlərini, mənzillərə su sayğacları qoyulmaması, çıxarışlar verilməməsinin hələ də həllini tapmaması ilə bağlı sakinlərlə Abşeron rayon icra başçısının Yeni Bakıda planlaşdırdığı görüşü öz istədiyiniz məcraya yönəltdiniz. Cənab başçı ilə görüşə şəhərciklə və şəhərcikdəki mənzil problemlərilə heç bir əlaqəsi olmayan və Masazır kəndində yaşayan sakinkəri və qanunsuz komemdantlığın işçilərini çağırıb görüş keçirib mətbuata açıqlama da verdiniz. Daha bunu uzatmaq istəmirik. Keçək əsas məsələnin üzərinə. Sizə son olaraq bir neçə sualı daha ünvanlamaq istəyirik. Ölkə başçısı cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə məmur və sahibkarlara xəbərdarlıq edərək vətəndaşları incitməməyi və diqqət göstərməyi, problemlərini həll etməyi tələb edib. Hətta son olaraq şəhid ailələrini qəbul etməsini, Şamaxıda olan zəlzələdən zərər çəkmiş vətəndaşlara elə hadisə yerindəcə baş çəkib, problemlərinin həlli üçün müvafiq göstərişlər verməsini diqqətinizə çatdırmağı vacib bilirik. Cənab Prezident bu görüşlərində də yenə məmur və sahibkarları nümunə götürməyə çağırdı.
Elnur Hüseynov, cənab Prezidentin bu əməli addımları niyə sizə örnək olmur? Axı Şamaxı zəlzələsi 2 gün əvvəl baş verib və cənab Prezident hadisə yerınə dərhal özünü yetirdiyi halda, niyə siz bu qədər təkəbbürünüzdən əl çəkmirsiniz? Axı bu zəlzələni 10 il əvvəl Yeni Bakı şəhərciyində siz başlatmısınız və başlatmış olduğunuz zəlzələ yerinə gəlməkdən müxtəlif bəhanələrlə imtina edirsiniz? Niyə siz sahibkar olaraq dərk etmirsiniz ki, qazandığınız milyonlar biz vətəndaşları aldadaraq tora salmaq hesabına əldə edilib?
Biz sakinlər sizlərin efirlərdə göstərdiyiniz saxta reklamlara və yalan vədlərinizə aldanaraq tələyə düşmüşük. Niyə siz sakinlərlə görüşü öz istəyinizə uyğun şəkildə təşkil edib əvvəlki ssenarilərinizi cızırsınız?
Son olaraq görüşün biz sakinlər üçün uyğun vaxtda, 10.02.2019-da baş tutması üzərində qalır, gəlib şəhərcikdə sakinləri yerində dinləyib mənzil problemlərini, mənzillərə çıxarışlar verilməsini, mənzillərə Azərsuyun balansında olan su sayğacları qoyulmasını və s. problemləri həll etməyi tələb edirik!