143 qapını hazırlayan ustanın 30 qapılıq haqqı yeyilir... - ŞİKAYƏT VAR
29-10-2015, 14:58
“Qəsr” yaşayış kompleksinin rəhbərliyi ustanın halal haqqını vermir. TİA.AZ-a müraciət edən şikayətçi Elməddin Dərgahov gördüyü işin qarşılığında zəhmət haqqını ala bilmir.
Şirkət rəhbərliyində təmsil olunanlar – Polad, Rafiq və Arif adlı şəxslər onun pulunu ödəmirlər. Şikayətçinin sözlərinə görə, razılaşma əsasında 104 manatdan sözügedən şirkətə qapı düzəltməli imiş.
Usta sifariş olunan 143 qapını hazırlayıb. Amma onlardan 30 qapının pulunu ala bilməyib. E.Dərgahov bildirib ki, ona 3160 manat ödənilməlidir. Amma deyilən məbləğ verilmir. Buna isə heç bir səbəb göstərilmir. Vətəndaş problemin həlli üçün hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünür.
Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində hündürmərtəbəli bina tikən “QƏSR” MMC tikinti şirkəti E.Dərgahovu get-gələ salıb.
Şikayətçinin sözlərinə onu aldadan şəxs “QƏSR” MMC-nin işlərini həyata keçirən Polad adlı şəxsdir. Şirkətin üç nəfər Polad, Rafiq və Arif adlı şəxslər tərəfindən idarə edildiyini deyən E.Dərgahov bildirib ki, sonuncu düzəltdiyi 30 qapının pulunu Polad adlı şəxs verməkdən imtina edib.
Şikayətçi qeyd edir ki, “QƏSR” MMC-nin sahiblərindən biri olan Polad adlı şəxs əslində onun pulunu qəsdən verməyərək mənimsəyib. E.Dərgahov dəfələrlə şirkətin digər rəhbərlərinə müraicət edərək pulunu tələb etsə də, sonda heç bir nəticə olmayıb. Polad adlı şəxs ona açıq-aşkar deyib ki, “əlin hara çatırsa şikayət elə, lap prezidentə şikayət elə, mən heç kəsdən qorxmuram”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.