5 aydır maaş ala bilməyən işçilər... - Yenidən küçələrə tökülüşürlər...
29-10-2015, 15:30
Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyevə məxsus olduğu iddia edilən "Azərinşaatservis" MMC şirkətinin 5 aydır maaş ala bilməyən əməkdaşları yenidən aksiya etmək qərarına gəliblər.
Musavat.com-a daxil olan məlumata görə, işçilər şirkətlə işə qəbul olarkən müqavilə bağlasalar da, maaşlarını vaxtında ala bilmirlər. İşçilər bildirirlər ki, işlədikləri ayın haqqını alana qədər “Azəryolservis” ASC-nin qarşısına toplaşaraq, orada aksiya edəcəklər. Onlar həmçinin qeyd edirlər ki, işlədikləri müddətdə şirkətlə bağladıqları müqavilədə qeyd olunan iş saatından çox çalışıblar. Lakin əlavə saatlar bir yana heç təyin olunan maaşlarını da ala bilmirlər. Aksiya edən şəxslərin əksəriyyəti rayon sakinləridir. Məlumata görə, şirkətin təkcə Lənkəran-Masallı layihəsində 250 işçi çalışıb. Onlar həmçinin qeyd ediblər ki, bir müddət öncə “Azəryolservis” ASC-nin qarşısında keçirdikləri aksiyadan sonra maaşlarının veriləcəyi ilə bağlı işçilərə söz verilib. Lakin deyilən sözlərə əməl olunmayıb.
Onu da qeyd edək ki, qurumun işçiləri 13 oktyabr tarixində də aksiya keçirmişdilər. Əldə etdiyimiz məlumata görə, həmin aksiyadan sonra şirkətin Ələt qəsəbəsində çalışan əməkdaşlarının bir qisminin maaşları ödənilib. Lakin digər əməkdaşlar hələ də maaş ala bilmirlər.
Xatırladaq ki, "Azərinşaat" MMC respublikada birinci dərəcəli yolların tikintisi ilə məşğuldur.