Yüz minlərlə adamı düşündürən sual: Badamdar yolu açılacaq, yoxsa...
17-04-2019, 08:36

Müvafiq qurumların sözçüləri vətəndaşları narahat olmamağa səsləyir, yolun isə nə zaman istifadəyə veriləcəyi məlum deyil...
Bakıda “Formula-1" yarışlarının keçirilməsinə 10 gündən də az vaxt qalır. Artıq paytaxtın mərkəzi küçələrində hazırlıq işləri yekunlaşmaq üzrədir. Trek ətrafı ərazilərdə beton laylar, qoruyucu sədlər demək olar ki, tamamilə çəkilib. Bunun nəticəsində mərkəzi küçələrdə avtomobillərin hərəkəti çətinləşib və tıxac problemi yaşanır. Ümumilikdə isə əsas küçələrin aprelin 22-dən hissə-hissə bağlanacağı, aprelin 26-30-u tarixlərində isə tamamilə bağlı olacağı bildirilir. Doğrudur, artıq 4-cü ildir ölkəmizdə bu yarışlar təşkil olunur. Hər il mərkəzi küçələr bağlandığı üçün Bayıl massivində yaşayan sakinlər Badamdar yolundan istifadə etməklə, evlərinə gedirdilər. Eləcə də marşrut xətləri də müvəqqəti olaraq həmin yola dəyişdirilirdi. Lakin bu dəfə Badamdar yolunun da bağlanması şəhərin cənub istiqamətində yaşayanları narahat etməyə başlayıb.
Onlar sual edirlər ki, 20-ci sahədə, Bayıl massivində yaşayanlar şəhərə necə gəlib-gedəcəklər, hansı alternativ yollar təklif olunacaq? Bundan əlavə, həmin ərazidən keçən 88 nömrəli marşrut xətlərinin avtobusları “Bakubus” şirkəti tərəfindən təmin olunur. Yeni avtobusların ölçü baxımından əvvəlkilərdən iri olması, onların dar yollarda hərəkət, manevr imkanlarını da zəiflədib. Bəs proses necə tənzimlənəcək?
Yada salaq ki, Badamdarda ötən ilin oktyabr ayında sürüşmə hadisəsi baş vermişdi. Həmin hadisə nəticəsində torpaq layı sürüşərək, avtomobil yolunun bir hissəsini tutmuşdu. Bu prosesdən sonra yolda hərəkət məhdudlaşdırıldı, ərazidə yaşayanların köçürüləcəyi xəbəri yayıldı. Rəsmilər əhalinin köçürüləcəyi açıqlamasını versələr də bu, gerçəkləşmədi. Sürüşmə zonasında bir neçə villa var ki, hazırda onlar nə sökülüb, nə də onlarla bağlı digər bu kimi tədbir görülməyib.
Bəs belə olduğu halda yol nə üçün bağlıdır?
Hələ ötən aylarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi, qərargah üzvü Əziz Qaralov mətbuata açıqlamasında bildirmişdi ki, ərazidə sürüşmə aktiv deyil. O, yolda hərəkətin sürüşməyə ciddi təsir etməyəcəyini söyləmişdi.
Hazırda isə onun məsələ ilə bağlı fikrini ala bilmədik. Ə. Qaralov “Yeni Müsavat”a bildirdi ki, bu gündən etibarən nazirlik daxilində ekspedisiyalar ləğv edilir:
“Bu gün biz təhvil-təslim prosesindəyik. Artıq sürüşmə sahəsinə bizdən heç kim getməyəcək. Çünki ekspedisiya ləğv edilib, işçilər isə ixtisara salınıb...”
Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz ekspedisiyanın üzvləri ərazidə mayaklar quraşdırıb, sürüşmənin vəziyyətini nəzarətdə saxlayırdılar.
Bəs yolun məsələsi necə olacaq?
Avtosfer.az saytı məsələnin araşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Oradan bildiriblər ki, hazırda həmin ərazidə təhlükə qaldığı üçün nəqliyyat vasitələrinin o yoldan istifadəsinə icazə verilməsi nəzərdə tutulmur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, məsələ araşdırılacaq, əgər müvafiq komissiya yolun açılmasına müsbət rəy verərsə, o zaman həmin ərazidə avtomobillərin hərəkətinə icazə verilə bilər. Bildirilib ki, bütün bunlar aprelin 22-nə qədər öz həllini tapacaq.
Onu da qeyd edək ki, 2018-ci il oktyabrın 13-də həmin ərazidə sürüşmə baş verəndən etibarən, mütəxəssislərin rəyi gözlənilir. Hər dəfə rəsmilər açıqlama verəndə bildirirlər ki, mütəxəssislər rəy verdikdən sonra yolla bağlı qərar qəbul olunacaq. Mütəxəssislər isə rəy verməyə tələsmirlər. Yaxud da bunu ictimaiyyətə açıqlamağı lüzum bilmirlər....
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov “Yeni Müsavat”a bildirib ki, vətəndaşlar qəti şəkildə narahat olmasınlar. Onun sözlərinə görə, yarışlara bir neçə gün qalmış ətraflı məlumat veriləcək.
Avtobusların hərəkətinə nəzarət etməli olan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə aşağıdakıları söyləyib:
“Yarışlar üç gün davam edəcək və adi intervaldan fərqli olaraq, bu müddətdə avtobuslar gecə saat 3-ə qədər işləyəcəklər. Adi günlərdə avtobuslar axşam saat 11-12-yə qədər işləyir, yarış vaxtı isə avtobuslar daha çox işləyəcəklər. Əsas məqsədimiz bu cür tədbirlər keçirilən zaman nəqliyyatın fəaliyyətinin fasiləsiz təşkilini təmin etməkdir ki, insanların gündəlik güzəranına təsir göstərməsin. Artıq çoxdan alternativ yolların xəritəsi hazırlanır, heç kəs narahat olmasın, vətəndaşlara daha ətraflı məlumat veriləcək”.
Yuxarıda da qeyd etdiyimiz kimi, yarışa cəmi 9 gün qalıb. Ancaq hələ ki alternativ yollar barəsində dəqiq məlumat yoxdur...
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai də yuxarıda səslənən fikirlərə oxşar cümlə işlədib. O bildirib ki, yollar qran-pri həftəsində məhdudlaşdırılacaq: “Bununla bağlı öncədən hər şeyi bildirəcəyik”.