Şeyxin cavab verməli olduğu sual: NƏZİR QUTULARINDAKI BÖYÜK PULLAR HARA GEDİR?
20-04-2019, 00:01

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı son açıqlaması ilə ölkə ictimaiyyətini çoxdandır, narahat edən mövzunu yenidən gündəmə daşımış oldu. Söhbət ziyarətgahlara və nəzir qutularına gün ərzində toplanan küllü miqdarda vəsaitin şəffaf və məqsədyönlü xərclənməsindən gedir.
Savash.org bildirir ki, Sabir Rüstəmxanlı Allah yolunda insanlara yardım etməyin hər bir müsəlmana vəzifə olduğunu xatırladaraq bu yöndə sözdən əmələ keçməyin vacibliyinə toxunub:
“İslam aləmində bir Vaqf anlayışı vardır. Əgər müsəlmanıqsa mənasını bilməliyik. Məqsədi, çox qısa şəkildə desək, Allah yolunda insanlara yardım etməkdir. İmkanlılar könüllü şəkildə, etiqadı və təmiz niyyəti ilə öz malından mülkündən imtina edib onun xeyriyyəçilik, lmkansızlara əl tutmaq niyyətiylə, təhsilin, elmin inkişafı, xalqın müdafiə gücünün artırılması, haqqın- ədalətin qorunması, vətənin abadlaşması yolunda sərf olunmasını istər. Vaqfçılıq insanın insanlığını göstərən çox böyük mənəvi məktəbdir. Hələ çoxallahlıq zamanlarından başlanır. İslamda ilk vaqfı Həzrəti Məhəmməd özü qurub. Qardaş Türkiyədə böyük vaqflar gələnəyi var. Vaqflar bankı, vaqflar idarəsi çalışmaqdadır . Vaqfların çoxu xeyirxah insanların ümumi səyi ilə qurulub, lazım olanda dövlət də yardımını əsirgəmir”.

Savash.org xatırladır ki, bu məsələ uzun illərdir ki, həm medianın, həm də bütövlükdə ictimai sektorun diqqətində olsa da bu günə qədər toplanan nəzirlərin konkret olaraq hansı məqsədlər üçün xərclənməsi sirr olaraq qalıb. Müşahidələr göstərir ki, nəzir qutularına heç də az vəsait toplanmır. Rəsmi məlumatlara görə, ölkədə 500-ə qədər ziyarətgah var. Onlardan 50-dən çoxu daha məşhurdu, daha fəal fəaliyyət göstər. Bu ziyarətgahlara hər gün yüzlərlə ziyarətçi baş çəkir. Amma nəzir qutularına yığılan pulların miqdarı barədə rəsmi açıqlama verilmir.
Maraqlıdır gün ərzində dolub-boşalan qutulardakı nəzirlər hansı sosial məqsədlər üçün istifadə edilib və ya edilməkdədir?

“Məscidlərin nəzir qutularına toplanan vəsait, ilk növbədə, məscidin daxili ehtiyacları-kommunal xərclərin ödənilməsi, cari təmir işləri, işçilərin məvacibi üçün sərf olunur. Əgər yığılan nəzirdən lazımi məqsədlər üçün istifadə etdikdən sonra artıq qalırsa, ehtiyacı olanlara da yardım edilir. Vəsait qalırsa, icmanın qərarı ilə müraciət edən ehtiyacı olan şəxslərə də yardım edilir".
Göründüyü kimi ümümi sözlərlə kifayətlənən, nə konkret rəqəm, nə də xərclənmə istiqamətlərinin aydınlaşmadığı bu tipli açıqlamalar problemin həllinə yardımçı ola bilməz. Məsələnin yenidən qaldırılması isə mövzunun yenidən ictimai müzakirəyə təqdim olunması və bu yöndə əməli addımların atılacağına ümüdləri artırır. Məsələ ilə bağlı QMİ-nin rəhbəri Şeyx Hacı Allahşükür Paşazədənin geniş açıqlama verməsi isə arzuolunandır.
Gözləyək...