“Minimum yaşayış standartları yenidən qiymətləndirilməlidir” - GƏLİŞMƏ
20-04-2019, 11:04

Azərbaycanda əmək haqqı və pensiyaların artırılması üzərində iş aparılır. Bu barədə aprelin 18-də Bakı sakinləri ilə görüşündə Prezident İlham Əliyev məlumat verib.
Prezident minimum əmək haqqı və pensiya məbləğinin artırılmasının mühüm addım olduğunu, lakin prosesin bununla başa çatmadığını qeyd edib: “Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.
Ölkədə minimum əmək haqqı və pensiyaların artımı ilə bağlı hökumət hansı məsələlərə diqqət yetirməlidir? Bu istiqamətdə növbəti addımlar nələr olmalıdır?
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, əmək haqqı artımları təşəbbüsü ilə bağlı hökumətin əsas işi yaşayış minimumunun yenidən qiymətləndirilməsi olmalıdır: “Yaşayış minimumunun qiymətləndirilməsi zamanı elə göstəricilər ortaya çıxır ki, o məbləğlərlə mövcud şərtlər daxilində normal yaşayışın təmin olunması çox çətindir. Yaşayış minimumu ilə yalnız fiziki mövcudiyyəti qoruyub saxlamaq olar. Burada qiymətləndirmənin real bazar şərtləri daxilində aparılmasına ehtiyac vardır. Eyni zamanda istehlak səbətinin strukturuna yenidən baxmaq lazımdır. Azərbaycanda istehlak səbətinin strukturuna baxdıqda bəzi məhsulların istehlakı üzrə aylıq normalar dünya standartlarından geri qalır. Bu normaların dünya standartlarına uyğunlaşdırılması yaşayış minimumunun məbləğinin artmasına gətirib çıxaracaq. Eyni zamanda Azərbaycanda minimum əmək haqqı ilə orta aylıq əmək haqqı arasındakı fərq çox böyükdür. Belə ki, minimum əmək haqqı orta aylıq əmək haqqının təxminəm 30 faizi həcmindədir. Layiqli əmək haqqının təmin edilməsi ilə bağlı ortaya qoyulmuş yanaşmalarda bu nisbət minimum 60 faiz təşkil edir. Səhv etmirəmsə, ”Azərbaycan 2020: gələcəyə strateji baxış konsepsiyası"nda belə bir hədəf müəyyən olunub. Hələlik bu hədəfə tam çatılması real görünmür. Çünki hazırda ölkədə orta aylıq əmək haqqı 550 manat civarındadır. Minimum əmək haqqının bu məbləğin 60 faizindən yuxarı olmasa da, 50 faizinin üstünə qaldırılması başlıca hədəf olmalıdır. Hökumət bu sahədə addımlar atsa, düşünürəm ki, daha effektiv olar”.
Ekspertin fikrincə, əmək haqqı və pensiyalarda artımlar davamlı olmalıdır: “Çünki istehlak qiymətləri indeksi bir yerdə dayanmır, artmaqdadır. Rəsmi elan olunan istehlak qiymətləri indeksi çox aşağı səviyyədədir və reallığı əks etdirmir. Təkcə yanvar ayında əksər istehlak məhsulları üzrə qiymətlər 15 faizdən çox artıb. Amma rəsmi inflyasiya 2,1 faiz göstərilir. Bu, əlbəttə, real deyil. İstehlak qiymətlərinin dəyişməsi səviyyəsi olduğu kimi qeyd olunmalıdır. Büdcə xərclərinin cəmi 31,5 faizi sosial istiqamətlidir. Beynəlxalq normalarda bu göstərici 70-80 faiz ətrafında dəyişir. Azərbaycan büdcəsində sosial xərclərin artırılması üçün yetərincə imkanlar var. Səmərəsiz xərcləri azaltmaq, xərcləmələrdə şəffaflığı və qənaətcilliyi təmin etməklə sosial xərcləri əhəmiyyətli səviyyədə artırmaq mümkündür. Bu ilin dövlət büdcəsi 25 milyard manatdır. Təsdiq olunmuş büdcə xərclərinin 8,2 milyard manatı sosialyönümlü idi, son dəyişikliklərdən sonra bu məbləğ 9,5 milyard manata yüksəldi. Bunu effektivliyi və səmərəliliyi təmin etməklə kifayət qədər artırmaq mümkündür. Artan məbləğləri isə ölkədə əmək haqqı, pensiya və müavinətlərin artırılmasına yönləndirmək olar”.