Bakı üçün danışmağı yox, susmağı seçən Bəhram Bağırzadə...

24-04-2019, 10:37           
Bakı üçün danışmağı yox, susmağı seçən Bəhram Bağırzadə...
Paytaxtda tarixi irsimizin məhv edilməsiylə bağlı dəfələrlə istər mətbuat, istər memarlar, istərsə də tarixçilər səviyyəsində həyəcan təbili çalınıb.
Vaxtilə öz qədimiliyi ilə seçilən, tarixiliyi özündə əks etdirən Bakı indi şəhərə lazımsız görkəm verən kafe-restoranların, hündürmərtəbəli tikililərin, iri ticarət mərkəzlərinin məkanına çevrilib. Tarixi incilərimiz qazanc həvəskarlarının hədəfindədir. Bu dəfə də Bakıda daha bir arxitektura incisinin dağıdılmasına hökm verilib. Söhbət “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində kafe-restoranların genişləndirilməsindən gedir. Rəsmi qurumlar genişləndirmə işləri ilə bağlı həmin ərazidə yerləşən abidələrə heç bir zərər yetirilməyəcəyini israrla bildirsələr də, uzun illərin təcrübəsi göstərir ki, müəyyən vaxt keçdikdən sonra tarixi abidənin dayanıqlılığına mütləq xələl gəlir. İstənilən genişləndirmə işi mütləq tikinti mahiyyəti kəsb edir. Sözdə əlavə tikinti və genişləndirmə işlərinin ənənəvi memarlıq üslubuna uyğunlaşdırıldığı deyilsə də, aidiyyəti qurumlar çox hallarda buna əməl etmir. Bu zaman həm dayanıqlılıq, həm də tarixilik itir. Bu isə qədimliyin, tarixiliyin və mədəni irsin məhv edilməsi deməkdir. Ən dəhşətlisi odur ki, hazırda Bakının tarixi bəzi məmur və “işbilən”lərin əlində alət olub.
Maraqlısı isə odur ki, çoxları prosesi laqeyd baxışlarla izləyir. Özünü mədəniyyət qoruyucusu, ziyalı kimi qələmə verənlər bu məsələdə səssizliyini qoruyur, tarixi abidələrin, dməli həm də tariximizin müdafəsinə qalxmır. Halbuki istənilən məsələdə rəyini bildirməli olanlar həm də məhz onlardır- özlərinə ziyalı deyən mədəniyyət, incəsənət xadimləri.
Məsələn, Əməkdar artist Bəhram Bağırzadə Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması üçün aylardır ki, bir əraziylə bağlı israr edir. Bakının müxtəlif yerlərində böyük xeyriyyəçinin heykəli üçün yer təklif olunsa da, Bəhram Bağırzadə həmin məkanları bəyənmir. O, heykəlin məhz "Kukla” teatrı ilə üzbəüz bağda ucaldılmasını istəyir. Həmin yer isə əvvəllər Məhəmməd Əmin Rəsulzadənin heykəli üçün ayrılıb. Hər halda Bağırzadə də bu barədə məlumatlardan xəbərsiz olmayıb. Hətta xəbərsiz olsa belə, M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və Rəsulzadə irsinin araşdırmaçısı, tarixçi alim Nəsiman Yaqublunun etirazından, mətbuatın dəfələrlə bu barədə yazmasından sonra xəbər tutmuş olar. Ancaq Bəhram Bağırzadə üçün bu etirazların heç bir mənası yoxdur və təklifində israrlıdır. Tağıyevə abidə ucladılmas təklifi nə qədər yaxşı və təqdirediləsi təklif olsa da, abidənin məhz Rəsulzadənin heykəli üçün nəzərdə tutulan yerdə qoyulması israrı bir o qədər anlaşılmazdır. İkinci anlaşılmazlıq odur ki, nədənsə əslən Bakıdan olan, uşaqlığı, gəncliyi bu şəhərdə keçən Bəhram Bağırzadə İçərişəhərin məhv edilməsinə bircə dəfə də olsun etiraz bildirməyib. Yaxud paytaxtın getdikcə dəyişdirilən tarixi mənzərəsinin müdafiəsinə qalxmayıb. Görünür, bunun üçün də Bəhram Bağırzadənin öz səbəbləri var...
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.