Restoran-kafelərin 10 faiz xidmət haqqı oyunu - vəsait vergidən yayındırılır, xidmətçilər bir qəpik də almır...

26-07-2019, 17:54           
Restoran-kafelərin 10 faiz xidmət haqqı oyunu - vəsait vergidən yayındırılır, xidmətçilər bir qəpik də almır...
Ölkəmizdə fəaliyyət göstərən kafe-restoranların fəaliyyətinə birmənalı münasibət yoxdur. Elə yerlər var ki, yaxşı xidmət və dadlı təamlar təqdim etsələr də, yekun hesabda müştərini aldadırlar. Bir çox restoran müştəriyə menyu təqdim etmir. Müşahidələrimiz göstərir ki, bəzi restoranların menyuda göstərdiyi qiymətlə yekun hesab arasında kəskin fərq yaranır. Bir sözlə, tətbiq edilən bütün bu fırıldaq metodlar həm də ölkəmizin turizm potensialına mənfi təsir göstərir.

Son zamanlar isə restoranlar yeni fırıldaq metodundan daha çox istifadə etməyə başlayıblar. Göstərdiyi xidmətlə bağlı heç bir güzəşt təqdim etməyən restoran sonra təqdim etdiyi hesabın üzərinə ümumi məbləğin 10 faizini də əlavə edir. Çox maraqlıdır ki, restoran ucuz alıb baha satdığı və bundan qazanc götürdüyü xidmətdən əlavə də “ofisiant payı” adı ilə müştərinin cibinə girmək istəyir. Həmin restoranlardan birində fəaliyyət göstərən ofisiantlarla etdiyimiz söhbət zamanı məlum olur ki, onların adı ilə alınan faizdən onlara heç nə çatmır: “Bizə gündəlik 15 manat pul verirlər. Bir də müştərinin əlavə verdiyi “çayevoy” özümüzə qalır. Ümumi hesaba əlavə olunan 10 faizi restoran yiyəsi özünə götürür”. Belə durumla rastlaşanlardan biri, vətəndaş Miryusif Həsənzadə “Bakı-Xəbər”ə açıqlamasında bunun son vaxtlar dəb halını aldığını və böyük narazılığa səbəb olduğunu bildirdi: “Ölkəmizdə turizmin inkişafına mənfi təsir edən bir çox amil var. Bunlardan önəmli səbəblərdən biri də restoranlarda xidmətin və keyfiyyətin aşağı, qiymətin isə qat-qat yüksək olmasıdır. Təqdim edilən son hesab qəbzlərinin hissəsindəki "servis" haqqı adı ilə müştəridən ümumi hesabın 10 faizi tələb olunur. Deməli, restoran sahibləri bu qədər baha qiymətlərin qarşısında işçilərin maaşını da müştərilərə, yəni normal yanaşsaq, turistlərə ödətdirirlər. Məgər xidmət göstərən ofisiantlarla müştərinin müqaviləsi var ki, müştəri xidmət haqqı ödəyir? Bu restoranlarda gün ərzində ən azı 150-200 nəfər yemək yeyir. Hər müştəridən orta hesabla 5 manat xidmət haqqı tutsalar, bu, gün ərzində 750-1000 manat civarında pul deməkdir. Onda sual yaranır: restoran sahibi bu pulu günün sonunda ofisianta verirmi? Yox təbii ki. Bu rəqəmləri 30 günə vursaq, 22500-30000 manat olur. Ofisianta isə ən yaxşı halda ayda 300 manat verilir. Bu məbləğ də 100 nəfər ofisiant və digər işçi deməkdir. Sual yaranır, bu restoranların hansında 100 nəfər işçi var? Deməli, belə çıxır ki, restoran sahibləri bu variantla müştərinin cibinə girirlər. Bir də əvvəlcədən müştəriyə heç bir məlumat verilmir. Müştəri iradəsindən asılı olmayaraq soyulur. Bu cür ödənişlər həm də vergiyə cəlb edilmədiyi üçün, kütləvi vergidən yayınma halları baş verir”.

Ekspert Elşən Əliyev də hesab edir ki, bu cür hallarda müştərinin aldadılması baş verir: “Bəlkə müştəri menyuya baxıb ona uyğun şəkildə sifariş verib ki, hesabı ödəməyə pulu çatsın. Üstünə 10 faiz gəlməklə ola bilər ki, müştərinin cibində həmin məbləğ olmasın. Nəticədə biabırçı mənzərə yaranır. Əksər hallarda biz görürük ki, həmin 10 faizdən əlavə olaraq, xidmətçilər müştərinin verdiyi “çayevoy”u da qəbul edirlər. Onda sual olunur: restoran niyə xidmət üçün iki dəfə müştəridən əlavə pul alır? Əlaqədar qurumlar mütləq bu vəziyyətə nəzarət etməlidirlər. Yoxsa bunun bir adı var: müştərinin cibinə girmək”.

Məhəmmədəli QƏRİBLİ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.