Rafael Cəbrayılov mandatının ləğvi astanasında - iş MSK-ya gedə bilər
28-09-2019, 08:57

“Deputat Rafael Cəbrayılovun məsələsinə nə vaxt baxılacağı hələ məlum deyil. Əgər baxılacaqsa, elə ilk sizin xəbəriniz olacaq. Bu haqda geniş danışmaq imkanım yoxdur”.
Bu sözləri “Yeni Müsavat”a Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev həmkarı Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoymaqla borc götürməsi barədə danışarkən qeyd etdi. O, İntizam Komissiyasının nə vaxt toplanacağını bilmədiyini söylədi. Komissiya sədri sentyabrın 26-da azpolitika.info-ya müsahibəsində isə bildirmişdi ki, məsələyə mütləq baxılacaq: “İndi deputat gedib kimdənsə borc alıbsa, bunu İntizam Komissiyası bilməli idimi? Belə məsələlər sonradan ortaya çıxır. Siz jurnalist, carçısınız və belə xəbərləri bizdən də əvvəl bilməlisiniz. Məsələni bilib car çəkirsiniz və düz də edirsiniz. Etirazım yoxdur. Amma biz baxarıq. Narahat olmağa ehtiyac yoxdur.
Biz etik normalara qayıdacağıq. Ancaq nəzərə almaq lazımdır ki, komissiya öz səlahiyyəti çərçivəsində məsələlərə yanaşır. Konkret siz dediyiniz informasiya haqqında geniş məlumatım yoxdur. İkincisi, Rəfael Cəbrayılovu dinləmədən onu ittiham etmək doğru olmazdı. Onun özünün də fikrini öyrənmək vacibdir. Bəlkə haqqında doğru-dürüst yazılmayıb. Bu mənada deyirəm ki, tələsmək lazım deyil. Ümumiyyətlə, insanlar qana susamalı deyillər. Kimisə qovmaq, edam etməyə tələsmək lazım deyil. İntizam Komissiyası öz çərçivəsində qaldırılan məsələyə baxıb obyektiv qərarını verəcək”.
Komissiyanın katibi Məlahət İbrahimqızı isə modern.az-a deyib ki, yaxın günlərdə toplaşacaqlar. Onun sözlərinə görə, iclasda R.Cəbrayılovun deputat vəsiqəsini girov qoyması mütləq müzakirə olunacaq: “Milli Məclisdə deputatlarla bağlı hansısa məsələ gündəmə gələndə İntizam Komissiyası buna münasibət bildirir və ona uyğun qərar da qəbul edir. Ötən illərdə də bunun şahidi olmusunuz. Son günlər mətbuatda yayılan məsələ deputat həmkarımız Rəfael Cəbrayılovla bağlıdır. Ola bilsin ki, Milli Məclis Aparatına məsələ barədə məlumat daxil olub. İstənilən halda, baş verən məsələ qanqaraldıcı haldır. Millət vəkili adına yaraşmayan hadisədir. Milli Məclisin İntizam Komissiyası bu məsələyə mütləq münasibət bildirməlidir. Həmçinin həmkarımız olan deputat Rəfael Cəbrayılov mətbuat vasitəsilə ictimaiyyətə ətraflı məlumat verməli və baş verənlərə aydınlıq gətirməlidir”.
Bu arada Real TV sözügedən məsələ ilə bağlı sujet hazırlayıb. Deputat Siyavuş Novruzov bu addımı cinayət adlandırıb. Artıq bu açıqlamadan görünür ki, R.Cəbrayılovun vəziyyəti olduqca mürəkkəbdir və mandatının ləğvi astanasındadır. S.Novruzovun sözlərinə görə, mandatı xalq verib: “İnsanlar onu seçiblər və etibar ediblər. Hər hansı bir şəxsin marağa görə hər hansı bir sənədi, deputat vəsiqəsini girov qoyması ən azı cinayətdir. Bu məsələyə ancaq İntizam Komissiyası baxa bilər. Parlamentin sədri bununla bağlı İK-ə müraciət edir. Əgər belə faktlar ortaya çıxırsa, o zaman İK bunu parlamentə çıxarır, parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasına göndərilir və mandatı ləğv olunur”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də məsələyə reaksiya verib. O, redaktor.az-a danışıb ki, qanunsuz əməlləri olan deputatların mandatları əlindən alınmalıdır: “Elə götürək Rəfael Cəbrayılovu... Bu insan həbs edilməlidir. Heç onun adı siyahıda da olmayıb. Bu gün o, deputatlıq statusundan istifadə edib, Azərbaycan xalqını aldatmaqla məşğuldur. O, eyni zamanda Azərbaycan parlamentinin deputatlıq mandatına da hörmətsizlik edir. Bu insanlar Azərbaycan xalqına baş qaxıncıdır”.
Hacıyev vurğulayıb ki, il yarım əvvəl R.Cəbrayılovun “moşennik” olduğunu göstərib: “Dəfələrlə bu məsələni gündəmə gətirdim. Rəfael Cəbrayılov hüquq komitəsinin üzvü olsa da, ora yaraşmayan işlərlə məşğuldur. Onun arxasında kim durursa, deputat ona güvənib”.
Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı isə hesab edir ki, müəyyən hədd var, seçicilərin üçdə iki hissəsi deputatın işindən narazı olduğu üçün imza toplayaraq, bu şəkildə məktubla parlamentə müraciət edə bilər: “Bu zaman deyirlər ki, ”biz bu deputatın işini bəyənmirik və xahiş edirik onu geri çağırın". Bu cür prosedurlardan bizim vətəndaşlar istifadə etmirlər. Hamı gözləyir ki, ya prezident, ya da Milli Məclis həmin deputatın mandatını əlindən alsın. Milli Məclis bunu edə bilər. Amma burada əsas söz sahibi vətəndaşlardır".
Yeri gəlmişkən, deputat Hadı Rəcəbli İTV-də yayımlanan “3D” verilişinin qonağı olub. Verilişdə ondan deputat vəsiqəsinin üzərində olub-olmadığı soruşulub. Bu isə deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürən həmkarı Rafael Cəbrayılova söz atmaq kimi dəyərləndirilib.
Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, R.Cəbrayılovun mandatı ləğv olunsa belə, növbəti parlament seçkilərində iştirak etmək hüququ var. Vəkilin sözlərinə görə, deputatın məhkumluğu olmasa, qarşıdakı seçkilərdə namizədliyini irəli sürə bilər: “Qanun və hüquq ona heç bir məhdudiyyət qoymur. Hətta indiki mandatı ləğv olunsa belə, növbəti seçkidə namizədliyini verə bilər. Sadəcə, mandat ləğv edildikdən sonra növbəti seçkidə seçicilərin mövqeyi, etimadı nədən ibarət olacaq, deyə bilmərik, hər şey seçicidən asılıdır”.
Qeyd edək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub. Hazırda mətbuatda və sosial şəbəkələrdə deputatın baş verənlərdən sonra mandatının geri alınıb-alınmayacağı müzakirə olunur.
R.Cəbrayılov o deputatdır ki, 2015-ci ildən bəri ancaq və ancaq qalmaqallarla, tikinti şirkətinin vətəndaşları aldatması, sələmçilik və s. hadisələrlə gündəmə gəlib. Bundan az əvvəl Bakı sakini Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadıldığını bildirmişdilər. Deputatla qardaşının “Dərhal” MMC firması bir neçə vətəndaşı aldadıb, indiyə qədər iş məhkəmələrdədir.
Mirəhməd Abbasov deputat Rəfail Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olaraq digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevidə eyni qaydada aldadaraq 165 min manat pullarını mənimsəyib. Ona aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın “Nikoil Bank”ı arasında da məhkəmə çəkişməsi olub. Bank R.Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas göstərək məhkəməyə müraciət etmişdi.
14.11.2012-ci ildə Ali Məhkəmədə “NikoilBank”ın deputat R.Cəbrayılov, qardaşları ElşənCəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevə qarşı kasasiya şikayəti əsasında məhkəmə prosesi keçirilmiş və kasasiya şikayəti təmin olunmamışdı. Bundan başqa, deputata və onun yeznəsinə qarşı iddia “AG Bank” ASC tərəfindən qaldırılıb. Belə ki, R.Cəbrayılov və kiçik bacısının həyat yoldaşı olan sürücüsü Talıbov Aqil Mirqasım oğlu bankdan külli miqdarda kredit götürüblər. Daha sonra isə ödənişlərdə problem yaranıb.
Belə olduqda “AG Bank” ASC Abşeron Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsini tələb edib.
“Yeni Müsavat”