Jurnalistlərin “kupça” problemi həllini tapdı

3-10-2019, 08:36           
Jurnalistlərin “kupça” problemi həllini tapdı
İkinci binanın sakinləri ilə bağışlanma müqaviləsi bağlanır
Jurnalistlər üçün inşa olunan binanın sakinləri ilə bağışlanma müqaviləsi bağlanır. Bu barədə “Yeni Müsavat”a binanın sakini jurnalist Aqil Ələsgər məlumat verib. O bildirib ki, artıq oktyabr ayının 2-dən etibarən kommunal borcu olmayan jurnalistlərlə müqavilələr bağlanıb.

Jurnalist onu da qeyd edib ki, onlara verilən məlumata görə, kommunal borcunu ödəyən sakinlərlə müqavilələrin bağlanması prosesi davam edəcək. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli də Report-a açıqlamasında bildirib ki, bu gün (oktyabrın 2-də) jurnalistlər üçün inşa olunan ikinci binanın sakinləri ilə notarial qaydada müqavilələr (bağışlanma müqaviləsi) bağlanacaq.

O bildirib ki, daha sonra həmin sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil veriləcək: “Dövlət Komitəsi də təyin etdiyi vaxtda SMS vasitəsilə sakinlərə məlumat göndərəcək. Bunun rüsumu ödəniləcək və elektron qaydada çıxarışlar alınacaq”.


V.Səfərli xatırladıb ki, jurnalistlər üçün tikilən üçüncü bina 2020-ci ildə hazır olacaq: “Üçüncü bina 3 girişli 255 mənzildən ibarətdir. Gələn il vaxtı çatanda bütün meyar və şərtlər məlum olacaq. 4-cü binaya hazırlıq işləri barədə isə heç nə deyə bilmərəm. Yəqin ki, bu barədə məlumatlar gələn il bilinəcək. Hələ ki bir şey yoxdur”.

Yada salaq ki, jurnalistlər üçün inşa olunan binaya “kupça” verilməməsi məsələsi bir neçə dəfə həmin binanın sakinləri tərəfindən qabardılıb. Sonuncu dəfə

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) mətbuat katibi Qulu Xəlilov bildirmişdi ki, məsələ yaxın günlərdə həll olunacaq:

“Ölkə rəhbəri Prezident İlham Əliyevin ”Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilən və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar (“kupça”) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək", - deyə o, söyləmişdi. Artıq qeyd edilən proses başlayıb.

Əli RAİS,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.