“Provayderlər “halal internet” xidməti göstərməyə hazır olmalıdır” - OSMAN GÜNDÜZ
4-10-2019, 00:39

“TV-lər də verilişlərə yaş məhdudiyyətinin tətbiqinə hazır olmalıdır”
“1 yanvar 2020-ci il tarixdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minir: “Bu qanuna uyğun olaraq “Telekommunikasiya haqqında” qanuna da əlavələr edilib. Bu əlavəyə görə, hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır. Yəni bütün provayderlər təmiz, halal internet xidməti üçün hazırlıqlar görməlidir. Əgər valideyn halal internet istəyirsə, provayder gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
“Provayderlər süzgəc sistemi qurmalıdırlar”
“Təbii ki, bu məqsədlə provayderlər öz sistemlərində filtrasiya, yəni süzgəc sistemi qurmalıdırlar. Hansı ki, hazırda ölkənin təhsil sistemində bu tip süzgəc sistemi fəaliyyət göstərir. Bunun xərcini kim ödəyəcək? Hələlik bu məsələ açıq qalır”,-deyə O. Gündüz əlavə edib.
“İnformasiya məhsullarının yayımlanmasına bəlli bir vaxt məhdudiyyətləri tətbiq olunacaq”
O. Gündüz onu da vurğulayıb ki, adı çəkilən qanunvericiliyə görə gələn ildən TV-lər də yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməsinə hazır olmalıdır. Hər işarəyə uyğun olan informasiya məhsullarının yayımlanmasına bəlli bir vaxt məhdudiyyətləri tətbiq olunacaq. TV-lər indidən buna hazır olmalıdırlar. İndiyədək TV-lərdə formalaşan informasiya məhsulları ekspertizadan keçirilməli və yaşa görə işarələnməlidir. Eyni zamanda adı çəkilən qanuna görə, internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnlərini yerləşdirməyə hazır olmalıdırlar”.
Hurriyyet.org