Diplomun həqiqi olub-olmadığını necə yoxlayaq - ekspertdən təklif
30-10-2019, 08:27

Kamran Əsədov: “Saxta diplomlar daha çox fəaliyyəti dayandırılmış universitetlərin adından olur”
Azərbaycanda saxta diplom hazırlayıb satan şəxslər həbs olunub. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Yayılan məlumata görə, Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta-ixtisas müəssisələrinə qəbul olmaq hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırılması, qanunsuz hazırlanması və satışı ilə məşğul olan bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub. Onlar vətəndaşları aldadaraq, dələduzluq yolu ilə xeyli vəsait ələ keçiriblər. Şəxslərə qanuna müvafiq cəzalar verilib.
Bəs Azərbaycanda saxta diplomlar necə hazırlanır? Diplomun həqiqiliyini təsdiqləyən sistem varmı?
Saxta diplomlar Təhsil Nazirliyinin verdiyi dövlət sənədindən bir sıra işarələri ilə fərqlənir. Görünüş vasitəsilə diplom tam uyğun gələ bilər. Amma blankın içərisində gizlədilmiş qoruyucu işarələr saxta diplomlarda olmur. Ekspertlər bildirirlər ki, saxta diplomları əsasən keçid balını toplaya bilməyib xarici ölkələrin bir sıra universitetlərinə qeyri-leqal yolla qəbul olub, sonra Azərbaycandakı dövlət universitetlərinə köçürülən şəxslər alır. Təhsil müəssisəsinin rəhbərləri də diplom vermək məqsədilə bir sıra saxtakarlıqlara əl atır. Bütün bu halların aşkar edilməsi üçün Təhsil Nazirliyinin müraciəti əsasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində vəzifə saxtakarlığı və vəzifəsindən sui-istifadə maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
“Yeni Müsavat”a danışan ekspert Kamran Əsədov bildirib ki, diplomların həqiqiliyini yoxlamaq üçün elektron sistem olsa da bu, tam şəkildə fəaliyyət göstərmir: “Eyni zamanda bu məsələdə şəxsi informasiyanın toxunulmazlığını qorumaq prinsipinə görə tam şəkildə mexanizm tətbiq edilmir. Hazırda diplom.edu.az portalı var ki, hər kəs ora daxil olmaqla, diplomunu yoxlamalıdır. Bu portal üçün çox böyük məbləğdə vəsait ayrılsa da, faktiki olaraq tam işlək vəziyyətdə deyil. Dəfələrlə aidiyyəti dövlət qurumlarına təklif göndərmişik ki, həm yerli, həm də xarici ölkələrdəki universitetlər üçün təhsil alanlarla bağlı məlumat portalı olmalıdır. Dövlət İmtahan Mərkəzi (DİM) bu tipli çağırışlara müsbət cavab verdi. Təəssüf ki, bir çox azərbaycanlı gənclər öz imtahan nəticələrini dəyişərək, çap edib, DİM-in adından xarici ölkələrdəki universitetlərə təqdim edirdilər. Ancaq DİM-in bu ildən etibarən ərsəyə gətirdiyi portal vasitəsilə hər kəs arayışın və imtahan nəticələrinin doğruluğunu yoxlaya bilir. Təəssüf ki, diplomun yoxlanılması kimi problemlər həll olunmayıb. El arasında ”qara bazar" deyilən yerdə eşidirik ki, xaricdə təhsil alan tələbələrə diplomlarının tanınması ilə bağlı saxta şəhadətnamələrin verilməsi də genişlənib".
Ekspert bildirib ki, saxta diplomlar daha çox fəaliyyəti dayandırılmış universitetlərin adından olur: “Onların adından köhnə tarixdən diplomların verilməsi halları baş verir. Həmin universitetlər bağlanana qədər onların informasiya bazası yox idi. Hətta 2003-2004-cü ilə qədər hər bir ali təhsil müəssisəsinin özünün daxili qaydada tələbə qəbulunu həyata keçirmək hüququ var idi. Hazırda isə ali təhsil müəssisələrinə yalnız DİM-in keçirdiyi imtahanların, müsabiqələrin nəticələri ilə qəbul mümkündür. Hazırda vətəndaşlara saxta diplomların verilməsi əsasən iki formatda həyata keçirilir. Birincisi, fəaliyyəti dayandırılan universitetlərin adı ilə verilən diplomlardır.
Müstəqilliyimizin ilk illərində kadra olan ehtiyaca görə bir neçə təhsil müəssisəsi yaradılmışdı. Onların bəzilərinin lisenziyası olmasa belə diplom verirdilər. İkinci format isə bir qədər fərqlidir. Belə ki, hər il qəbul dövründə müəyyən sayda abituriyent tələbə adını qazanır. Məsələn, 2019-cu ildə ali təhsil müəssisələrinə 43 min nəfər qəbul olub. Bu, o deməkdir ki, 4 ildən sonra universitetlərə 43 min diplom verilməlidir. Ancaq təhsilini yarımçıq qoyanlar, akademik borcuna görə universiteti vaxtında bitirməyənlər də olur. Lakin aidiyyəti qurumlar qeyd etdiyimiz sayda diplomları universitetlərə göndərir.
Bu zaman bəzi işbazlar, universitet rəhbərləri kiməsə verməli olduğu diplomu başqasına verir. Hesab edirəm ki, hər kəs, hər müəssisə diplom.edu.az portalında diplomunu yoxlamalıdır. Hər bir işə qəbul edilən haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Elektron Dövlət Portalında məlumat olur. İşə götürən şəxsin məlumatlarını sistemə daxil edib, onun haqqında bilgi əldə edə bilər. Elektron məzun bazası da olmalıdır ki, hər bir ali təhsil müəssisəsi özünün məzunları barəsində ora məlumat yerləşdirsin. Nəticədə bilmək olar ki, bu şəxs universitetdə məzun olub, yoxsa yox. Hazırda bu, çox ciddi məsələdir. 2013-2014-cü ildə o zamankı TQDK sədri Məleykə Abbaszadə demişdi ki, 20 mindən çox şəxs var ki, diplom alıb, ancaq onlar ali təhsil müəssisələrinə bizim vasitəmizlə qəbul olmayıblar. Eyni zamanda təhsil naziri də bildirdi ki, 6 minə yaxın şəxs var ki, onlar müəllim kimi çalışsalar da, diplomları dövlət nümunəli deyil. Hesab edirəm ki, dediyim vahid portal yaradılarsa, bu problem aradan qalxa bilər”.