Ekspert həyacan təbili çaldı: “ÜDM-də xarici borc yükü sürətlə artır”

6-12-2019, 14:28           
Ekspert həyacan təbili çaldı: “ÜDM-də xarici borc yükü sürətlə artır”

Bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə - 69,3 trilyon ABŞ dollarına çatıb.

Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatına görə, hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 22 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin qərarlaşıb.

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanın xarici borcunun ÜDM-in 65%-ni təşkil etdiyini deyib:

“5 il əvvəl rəsmi rəqəmlərə görə, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun (ÜDM) 8%-ni təşkil edirdisə, hazırda 22%-dək artıb. Rəsmi rəqəmlər sözünü ona görə xüsusi vurğulayıram ki, Azərbaycanda xarici borcun hesablanma qaydaları doğru deyil. Azərbaycan hökuməti ancaq aldığı və xərclədiyi vəsaiti xarici borc kimi sayır. Hətta dövlət zəmanəti ilə dövlət şirkətlərinin aldığı borcu da xarici borc kimi göstərmir. Bu isə doğru deyil. Dünyanın yanaşması, borc hesablama metodologiyası başqadır.

Məsələn, SOCAR dövlət şirkəti olsa da, onun götürdüyü borclar xarici borc kimi hesablanmır. Eləcə də “Azəreneri”nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin, “Azərbaycan Hava Yolları”nın xarici borcları dövlət borcu kimi qeyd olunmayıb. Bu da doğru yanaşma deyil. Onları da hesablasaq, o zaman dövlətin xarici borcu ümumi daxili məhsulun 60-65%-ni təşkil edəcək. Bunun da səbəbi Azərbaycan təbii qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsi oldu. Çünki “Şahdəniz-2”, TANAP-TAP layihələrinin əsas yatırımçısı Azərbaycandır.

Son illər xarici borcun artım tempi sürətlə davam edir. Təhlükəli hədd isə dövlətin xarici borcu ümumi daxili məhsulun 80%-ni keçəndə olur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.