Zamirə Hacıyevanın oğurladığı pullara Azərbaycan sahib çıxa bilər
7-02-2020, 10:14

Hüquqşünas çıxış yolu göstərdi: “Bunun müqabilində əmlakın 60-70 faizi Azərbaycana qaytarılacaq...”
London məhkəməsi Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın apelyasiya şikayətini rədd edib. Onun vəkilləri ötən ilin dekabrında Milli Cinayət Agentliyinin müvəkkillərinin mülkünü müsadirə etməsi cəhdinə qarşı Apelyasiya Məhkəməsinə şikayət etmişdi.
Zamirə Hacıyeva ilk hədəfi olduğu Britaniyanın “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ona qarşı tətbiq olunmasının qarşısını almağa çalışırdı. Lakin apelyasiya instansiyası Zamirə Hacıyevanın qərardan şikayət etmək üçün icazə almaq barədə vəsatətini rədd etməklə məsələyə nöqtə qoyub. Bu, o deməkdir ki, Zamirə Hacıyeva qərardan Ali Məhkəməyə şikayət verə bilməz. 55 yaşlı Zamirə Hacıyeva Britaniya mediasında lüks “Harrods” mağazasında 16 milyon funt xərcləməklə tanınır. Bu sərəncama əsasən o, Londonun Knightsbridge ərazisində yerləşən 15 milyon funtluq mülkünü və Berkshiredə təmtəraqlı qolf kursunu almaq üçün var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Zamirə Hacıyeva gəlirinin qanuni mənbəyini açıqlaya bilməsə, Milli Cinayət Agentliyinə (NCA) mülkü və qolf kursunu müsadirə etmək üçün məhkəməyə müraciət edəcək. Onun əri Cahangir Hacıyev Azərbaycanda həbsxanadadır - o, bir vaxtlar idarə etdiyi dövlət bankından milyonlarla pulu mənimsəməkdə təqsirləndirilib. Hacıyevlər onlara qarşı bütün ittihamları rədd edirlər və Britaniyada bu məsələ ilə bağlı Zamirə Hacıyevaya qarşı cinayət işi başlamayıb. Buna səbəb isə “İzaholunmaz Sərvət Sərəncamı” adlanan qanunun mülki xarakterli olmasıdır. Əmlakın mənimsənilməsinə baxmayaraq, Zamirə Hacıyevaya qarşı ittihamların irəli sürülməsini nəzərdə tutmur.
Zamirə Hacıyevanın 2018-ci ilin noyabrında həbsi isə Azərbaycanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub və sonradan o, girov qarşılığında azad edilib. O, Azərbaycana ekstradisiya edilməyəcək. Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 21 milyon dollar xərcləyib. Bundan başqa, o, 2013-cü ildə Berkşir qraflığının Askot kəndində 10 milyon funt sterlinqə (12,15 milyon dollar) malikanə alıb. 57 yaşlı Hacıyevanın məhkəmə işi zamanı rəsmən işsiz olması, buna baxmayaraq, Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) şəxsi istifadə üçün “Gulfstream G550 Jet” təyyarəsi aldığı da üzə çıxıb. Dükanlarda xərclənən vəsait hüquq-mühafizə orqanlarını və məhkəməni maraqlandırmasa da, “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən o, on milyonlarla dollar hesabına Londonun Kinghtbridge səmtində və Askot kəndində aldığı onmilyonlarla dollar dəyərində əmlakını hansı pullarla aldığını göstərməlidir.
Maliyyə vəsaitinin mənşəyini yaxın 1 həftə ərzində göstərməsə, Zamirə Hacıyevanın həmin əmlakları müsadirə olunacaq və açıq hərracda satışa çıxarılacaq. Satışdan əldə olunmuş gəlirlər isə Böyük Britaniya büdcəsinə daxil olacaq. Amma pulun mənbəyi göstərilsə, Milli Cinayət Agentliyi həmin sənədləri 60 gün ərzində öyrənərək əmlakın mənimsənilməsi, yaxud geri qaytarılması barədə yekun qərar verəcək.
Aydındır ki, bu pullar Azərbaycan büdcəsindən oğurlanaraq Londona ötürülüb. Bu gün Zamirə Hacıyevanın ixtiyarında olan, dəyəri on milyonlarla ölçülən varidat faktiki olaraq Azərbaycan dövləti, Azərbaycan xalqının vəsaitidir. Bu pulların geri qaytarılması mexanizmi varmı? Azərbaycan dövləti müsadirəsi nəzərdə tutulan əmlaka sahib çıxmaq üçün hansı addımlar atmalıdır?
Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, Zamirə Hacıyevaya “İzaholunmaz Sərvət Sərəncamı” adlanan qanun tətbiq ediləndən aydın idi ki, proses hansı nəticə ilə yekunlaşacaq. Zamirə Hacıyeva istəsəydi belə, adına olan əmlakların mənbəyini ortaya qoya bilməzdi. Çünki həmin əmlakların necə əldə olunması bu prosesi izləyənlərdə müəyyən təxminlər yaratmışdı: “Zamirə Hacıyeva işsiz-gücsüz qadındır. Əvvəldən də məlum idi ki, o, həmin əmlakların mənbəyini təsdiqləyəcək hər hansı bir sənədi ortaya qoya bilməyəcək. İngilislər də həmin qanunu məhz ”zamirə hacıyeva"lardan əmlakları müsadirə etmək üçün qəbul ediblər. Həm də bu qanun üzrə müsadirə İngiltərənin Avropa Birliyindən ayrılmasından (Breksit) dərhal sonraya təsadüf edir. Bu qanun ona görə qəbul edilib ki, Londonda məskunlaşmış və varidatlarının mənbəyini açıqlaya bilməyən “zamirə hacıyeva”lardan alsınlar. Breksit-dən sonra İngiltərədə iqtisadi durumun pisləşməsi gözlənilir. Böyük varidat sahiblərinin mal-mülklərinin müsadirəsindən əldə olunan gəlirlər isə iqtisadi durumun düzəlməsinin qarantı olacaq. Əmlaklarının mənbəyini açıqlaya bilməyəcək şəxslərə “İzaholunmaz Sərvət Sərəncamı”nı tətbiq edib əmlaklarını müsadirə edib İngiltərənin büdcəsinə keçirəcəklər".
Əkrəm Həsənov deyir ki, Azərbaycan dövləti gələcəkdə sübut etsə ki, əmlaklar ona məxsusdur, həmin əmlakların qarşılığını ala bilər: “Zamirə Hacıyevanın həyat yoldaşı uzun müddət Azərbaycan Beynəlxalq Bankına rəhbərlik edib. Həmin bankdan verilən 35 kredit kartı da Zamirə Hacıyevanın sərəncamında olub. O da həmin kartlardan istifadə etməklə Londonda 109 milyon manata bərabər alış-veriş edib. Bu pullar Azərbaycan dövlətinindir. Amma bunu sübut etmək lazımdır. Bu gün Azərbaycan dövləti iqtisadi maraqları nöqteyi-nəzərindən Zamirə Hacıyeva ilə əqd bağlaya bilər. Əqddə Azərbaycan dövləti təsdiqləyir ki, əmlak qanunidir. Bunun müqabilində isə Zamirə Hacıyeva əmlakın 60-70 faizini qaytarır Azərbaycan dövlətinə. Bu əqdin bir bəndi kimi Cahangir Hacıyevin azad edilməsi də ola bilər. Bu gün Azərbaycanda yaşayan, İngiltərədə mal-mülkü olan çoxlu sayda insanlar var. Həmin insanlar gedib London məhkəməsində oradakı mal-mülkləri ilə bağlı suallara cavab vermək istəmirlər. Belə olsa, Cahangir Hacıyevin yanında yüzlərlə insan oturmalıdır. Bu gün Azərbaycan dövləti bu adamların razılığı olmadan bu məsələnin axırına çıxa bilmir. Həmin adamlar da Azərbaycan dövlətinin dəstəyi olmadan Londondakı mal-mülklərini ”İzaholunmaz Sərvət Sərəncamı"nın təsiri altından çıxara bilmirlər. Azərbaycan dövlətinə bu gün Cahangir Hacıyevin həbsdə qalması, Zamirə Hacıyevanın İngiltərədə əmlaksız qalması nəsə bir xeyir eləmir. Bu baxımdan Azərbaycan dövlətinə pul lazımdır, o qədər pulu da itirmək olmaz".
Əkrəm Həsənov deyir ki, Azərbaycan qanunları Zamirə Hacıyeva ilə dövlətimiz arasında əqd bağlanılmasını qadağan etmir: “İngiltərə məhkəməsi Zamirə Hacıyevadan əmlakların mənbəyinin təsdiqini istəyir. Əqd bağlanarsa, Azərbaycan dövləti Zamirə Hacıyevanın əmlaklarının dövlətə məxsus olmasını, sadəcə, Zamirə Hacıyevanın istifadəsində olduğunu yazılı surətdə təqdim edə bilər. Bundan sonra oradakı əmlaklar əqddə nəzərdə tutulan faiz nisbətində Azərbaycan dövlətinə qaytarıla bilər. Cahangir Hacıyevi də azad edib Zamirə Hacıyevanın yanına göndərmək olar. Onun həbsdə qalması Azərbaycan dövlətinə vurulan ziyanların qaytarılmasını şərtləndirmədi. Son nəticə olaraq hamı başa düşür ki, o pulları Zamirə Hacıyeva mənimsəyib. Sadəcə, o, pullar haqqında bilib və gizlədib. Azərbaycan Konstitusiyasına görə, onun övladları, həyat yoldaşı cinayətləri haqda məlumat verməyə borclu deyil”.
Hüquqşünasın sözlərinə görə, ümumilikdə Azərbaycanda maliyyə amnistiyasına çox ciddi ehtiyac var. Onun qənmaətincə, bu halda büdcədən oğurlanan pulların Azərbaycan dövlətinə qaytarılması maliyyə amnistiyasının verilməsindən keçir.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”