"Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var..." Elşad Musayev
12-04-2020, 01:52

Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var, taxıl idxalında heç bir problem yoxdur , bu proses indinin özündə də davam etdirilir və ölkədə heç bir çörək qıtlığı gözlənilmir. Çox etibarlı mənbədən aldığım məlumatdır.
Bunu ona görə yazıram ki, insanlar panikaya düşməsinlər, real vəziyyəti bilsinlər. Çünki panika koronavirusdan qat-qat təhlükəli amildir.
Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov bir müddət əvvəl bəyan edirdi ki, ölkədə koronavirusa yoluxanların sayı həndəsi silsilə ilə artır. Adamın ağzından vurmadılar ki, hər bir həddi özündən əvvəlki həddə eyni bir qaydada vurmaqla alınan ardıcıllığa həndəsi silsilə deyilir və bunu bilmirsənsə danışma. Üstündən bir neçə gün keçdi, indi də bəyan etdi ki, ölkədə üç aylıq ərzaq ehtiyatı qalıb. Bu məsuliyyətsiz adamlar danışdıqlarının nə qədər təhlükəli olduğunun fərqində deyillər.
Əslində NK-nın mətbuat katibi deyi, mütəmadi olaraq Səhiyyə Naziri, hökumətin digər üzvləri gündəlik əhalini məlumatlandırmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət elə də pis deyil. Amma çatışmazlıqlarımız var və biz onları aradan qaldırmalıyıq.
Biz aylarla sərt karantin rejimində yaşaya bilmərik. Kimin üzərinə hansı vəzifə düşür, yerinə yetirməlidir. Hökumət xalqın problemlərini həll etməli, insanlarımız da karantin rejiminin şərtlərinə əməl etməlidir. Prosesin uzanması heç kəsin xeyirinə deyil. Koronavirusla bağlı təhlükəni birlikdə keçməliyik, ondan sonra yenə hərə öz görəvini yerinə yetirsin...
Elşad Musayev