“Pandemiya dövründə kommunal xərcləri ödəməyən imkansız şəxslərin nə qazı, nə suyu, nə də işığı kəsilməyəcək” - deputat
16-04-2020, 16:11

“Pandemiya dövründə kommunal xərcləri ödəməyən imkansız şəxslərin nə qazı, nə suyu, nə də işığı kəsilməyəcək”
Yeniavaz.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa saytımıza açıqlamasında deyib.
Onun sözlərinə görə, kommunal xərclərlə bərabər pandemiya dövründə gələn bank faizlərinə nəzarət ediləcək:
“Bankların faiz məsələsinə dövlət nəzarət edəcək. Böyük ehtimal ki, pandemiya dövründə gələn faizlər aradan qalxacaq. Bu məsələ ilə bağlı Milli Məclisdə sual verildi, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirdi ki, müzakirələrimiz davam edir və yaxın günlərdə qərarı açıqlayacağıq. Çox güman ki, vətəndaşın xeyrinə olan qərar veriləcək.
Kommunal xərclərə gəldikdə isə həmin qurumlar seçə bilmir ki, kimin imkanı var, kimin yoxdur. İmkanı çatan şəxslər gedib kommunal xərcləri ödəyir, imkanı olmayanlar da ödəmir. Pul ödənmədikdə heç bir şəxsin nə qazı, nə suyu, nə də işığı kəsilmir və kəsilməyəcək də. Heç kim bunu xüsusi sərt qaydada tələb etmir və qapı-qapı gəzib suyunuzu, işığınızı kəsəcəyik demirlər. Azərişıq, Azəriqaz konkret olaraq xidmət göstərir. Hər şeyi dövlət gücünə dotasiya vermək olmur. Ona görə onlar müraciət edir və kağızı göndərirlər. Hətta Azərsu özü açıqladı ki, borc ödənmədikdə su kəsilməyəcək. Lakin bu vicdan məsələsidir. Əgər vətəndaşın ödəmə imkanı varsa ödəməlidir ki, imkansızlar üçün də şərait yaransın”.
Fazil Mustafa eyni zamanda pulsuz internet verilməsi məsələsinə də toxundu:
“Pandemiya dövründə internet vətəndaşlara pulsuz verilməlidir. Çünki insanlar evlərinə qapanır və onların da internet resurslarından istifadəsinə şərait yaradılmalıdır. Pulsuz verilə bilməsə də ən azından yüksək güzəştlərlə təklif olunmalıdır. Bu məsələni mən əvvəl də təklif etmişdim ki, provayderlər vətəndaşlara qarşı addımlar atmalıdırlar. Hər kəs bir-birinə dəstək olmalıdır ki, karantin prosesini uğurla apara bilək və daha az risklərlə yola salaq”.