“Bakı Tekstil Fabriki”nin tibbi maskalarının qiyməti nə qədər olacaq?.. - AÇIQLAMA
17-04-2020, 16:23

“Hazırda birinci mərhələdə zavodda istehsal edilən maskaların depolanmasına başlanılıb”.
Bunu Modern.az-a açıqlmasında “Bakı Tekstil Fabriki"nin rəhbəri Səkinə Babayeva bildirib.
S.Babayeva qeyd edib ki, hökumətdə zavod tərəfindən maskaların qiymətilə bağlı verilən təkliflərə baxılır:
“Hökumət qərar verdikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək. Hələlik zavodda istehsal prosesi tam sürətilə davam edir, artıq depolama işləri gedir. İstehsalın günə 120 min olması üçün tam surətdə çalışıq.
Növbəti həftə ərzində daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq”.
S.Babayevanın sözlərinə görə hazırda zavodda 42 nəfər çalışır.
Qeyd edək ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal edilir. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdirilir.