Karantin cərimələrilə bağlı mübahisə böyüyür – Yol polisi israr edir, amma ortada faktlar var
28-05-2020, 01:10

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən 56 mindən artıq şəxsə yazılan cərimələrin məcburi ödətdirilməsi prosesinə başlanılıb.
Onun sözlərinə görə, cərimə məbləğini ödəməyən şəxslərin əmlakının və mülkiyyətinin üzərinə həbs qoyula bilər: “Qanunvericiliklə inzibati cərimənin ödənilməsi üçün verilən bir aylıq müddət bitdiyi halda həmin cərimə ödənilməsə, toplanmış müvafiq materiallar məcburi icraata göndərilir. Daha sonra da məcburi icraatda həmin şəxsin əmlakının və mülkiyyətinin üzərinə məhkəmə qərarı ilə həbs qoyula, digər gəlirlərinə yönədilə bilər ki, cərimə məbləği oradan tutulsun”.
Xatırladaq ki, karantin dövründə yazılan cərimələrlə bağlı xeyli ziddiyətli məqamlar var. "AzPolitika.info" bu barədə araşdırma aparıb, hüquqşünasların fikirlərini oxuculara təqdim edib.
Yüzdən artıq ictimaiyyət nümayəndəsi Baş nazirə müraciət edib

Bir neçə gün əvvəl yüzdən artıq vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünaslar və ekspertlər Baş nazir Əli Əsədova müraciət edərək, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13.04.2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitar - gigiyena və karantin rejimlərinin pozulması) üzrə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmadığını, bu səbəbdən həmin tarixə qədər yazılan cərimələrin ləğv olunmasının zəruri olduğunu bildiriblər.
Müraciətdə qeyd olunub ki, DYP əməkdaşları tərəfindən Respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında 18 687 hərəkət iştirakçısı İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib: “Bildiririk ki, Prezidentin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında" Prezidentin 13 aprel 2020-cü il tarixli Fərmanınadək "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nda Dövlət Yol Polisinin vəzifəli şəxslərinin İXM-nin hansı maddələri ilə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətləri olmasını müəyyən edən 2.2.-ci və 2.4.-cü bəndlərində İXM-nin 211-ci maddəsi göstərilməyib.
İXM-nin 211-ci maddəsi " Prezidentin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında" Prezidentin 13 aprel 2020-cü il tarixli Fərmanı ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın 2.2. -ci və 2.4.-cü bəndlərinə əlavə edilib və bununla da Dövlət Yol Polisinin vəzifəli şəxslərinə İXM-nin 211-ci maddəsi ilə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib.
Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Dövlət Yol Polisi əməkdaşlarının İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti 13.04.2020-ci il tarixindən sonra yaranıb və dövlət yol polisi əməkdaşlarının həmin tarixədək İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh vermə barədə qərar tərtib etmək səlahiyyəti olmayıb.
“İnzibati icraat haqqında” Qanunun 67.1.-ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən ləğv oluna bilər". Müraciət müəllifləri Baş nazir Əli Əsədovdan xahiş edirlər ki, göstərilən müddətdə İXM-nin 211-ci maddəsi üzrə tərtib edilən inzibati tənbeh verməyə dair qərarları ləğv etsin.
Kamran Əliyev deyir, amma...

Polis polkovniki Kamran Əliyev isə mətbuata açıqlamasında bu müraciətə cavab olaraq deyib ki, DYP əməkdaşları tərəfindən aprelin 13-dək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib. Onun sözlərinə görə, sözügedən qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb: "O qərarlar niyə ləvg olunmalıdır? Həmin qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb. Yaxşı olardı ki, həmin şəxslər ayın 12-nə kimi verilən qərarlara baxsınlar. Görsünlər ki, o inzibati xətalar üzrə qərarları hansı əməkdaşlar çıxarıb. Yəni həmin qərarların bir çoxu polis sahə rəisləri, polis şöbə rəisləri, rəis müavinləri tərəfindən çıxarılıb. Yol polisi əməkdaşları tərəfindən ayın 13-dək İXM-nin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib”.
Kamran Əliyev qeyd edib ki, həmin vaxtadək YPX əməkdaşlarının həmin maddə üzrə qərar qəbul etmək səlahiyyəti olmayıb: "Bu səlahiyyət aprelin 13-də qüvvəyə mindi. Səlahiyyət DYP-yə verildikdən sonra bizim tərəfimizdən həmin maddə üzrə qərar qəbul edilib”.
Hüquqşünas ortaya faktlar qoyur, DYP öz paylaşımını silir
Hüquqşünas Hafiz Həsənov bildirir ki, Kamran Əliyevin inkar etməsinə rəğmən DYP əməkdaşları tərəfindən 13.04.2020-ci il tarixədək bu cür qərarların tərtib edilməsi ilə bağlı televiziyaların xəbərlər proqramlarında və sosial şəbəkələrdə kifayət qədər videoçəkilişlər efirə gedib. Hüquqşünas belə verilişlərin linklərini və tərtib edilən protokolların, sürücülərə verilən bildirşlərin fotolarını sosial şəbəkədəki hesabında paylaşıb. Bu videoçəkilişlərədən bir neçəsi ilə aşağıdakı linklərdən də tanış olmaq olar.
https://www.youtube.com/watch?v=oo-VUZn5Bzk
https://www.youtube.com/watch?v=Gco_c3SKAEU
https://www.youtube.com/watch?v=-ba_rf2S2Us
https://www.youtube.com/watch?v=oo-VUZn5Bzk&t=63s
Hafiz Həsənov daha sonra qeyd edib ki, DYP tərəfindən 13.04.2020-ci il tarixədək 16483 hərəkət iştirakçısının inzibati məsuliyyətə cəlb edilməsi barədə məlumatı DYP-nin özünün internet səhifəsindən götürüblər. Hüquqşünas istinad etdiyi linki də paylaşıb. (https://www.dyp.gov.az/?/az/news/view/733/) Amma həmin linkə daxil olarkən məlumatların silindiyinin şahidi olduq...
Cərimələnən sürücü danışdı

Sürücü Fikrət Cəfərli "AzPolitika.info"-ya bildirib ki, aprelin 7-də Mərdəkandakı bağ evindən çıxıb şəhərə gedərkən DYP əməkdaşı tərəfindən cərimələnib: "Mərdakanın çıxışında saxlayıb sənədlərimi yoxladılar. Mənim işə çıxmamla bağlı icazəm olduğu halda, polis əməkdaşları DYP işçilərini dəvət etdilər. Onlardan biri məni İXM-nin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimələyərək, sərbəst buraxdı". Qeyd edək ki, F. Cəfərli yazılan cərimə protoklonun sürətini sosial şəbəkədə paylaşıb.
Ancaq bütün bu faktlara baxmayaraq, Kamran Əliyev deyir ki, cərimə məbləğini ödəməyən şəxslərin əmlakı və mülkiyyətinin üzərinə həbs qoyula bilər.
Qeyd edək ki, koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək cərimə edilir.
"AzPolitika.info"

