“Başa düşə bilmirəm Şahmar Mövsümovu nədən "xərcləmək" istəyirlər?”

21-07-2020, 10:19           
“Başa düşə bilmirəm Şahmar Mövsümovu nədən "xərcləmək" istəyirlər?”
“Nazirlər Kabineti yanında Operativ Qərargah (NKOQ) brifinq keçirib. Brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov, Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə jurnalistlərin suallarını cavablandırıb. Adları çəkilən şəxslər arasında Şahmar Mövsümovun daşıdığı vəzifənin bu sahədə görulən işlər və qarşıda duran vəzifələrlə əlaqəsi olmasa da, o artıq ikinci dəfədir ki, NKOQ-nin brifinqində çıxış edir. Şahmar Mövsümov bu müzakirələrə yoluxma sayı kəskin artandan sonrakı mərhələdə cəlb edilib. Heç şübhəsiz onun hazırkı müzakirələrdə aktiv iştirakı bundan əvvəlki dövrdə bu işi görənlərə olan etimadsızlığın göstəricidir”.

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, Şahmar Mövsümovu savadına və peşəkarlığına görə hazırkı hakimiyyətin uğurlu sayılan azsaylı kadrlarından hesab etmək olar: “Onunla Dövlət Neft Fondunda icraçı direktor vəzifəsində çalışdığı dövrdə mədən sənayesində şəffaflıq təşəbbüsü (MSŞT) çərçivəsində hökümət-biznes-vətəndaş cəmiyyəti müstəvisində aparılan müzakirələrdə tanış olmuşam. Ondan əvvəl bu işi hökümət adından Samir Şərifov görürdü. Sələfindən fərqli olaraq Şahmar Mövsümov vətəndaş cəmiyyətinə və mətbuata daha açıq və dözümlü idi. 2013-2017-ci illərdə beynəlxalq səviyyədə MSŞT-də Azərbaycanla bağlı gedən müzakirələrdə çoxlu fikir ayrılıqlarımız çox olsa da o bu müzakirələrdə dünyanın 50-dən çox ölkəsini təmsil edən hakimiyyət nümayəndələrindən savad və səviyyəsinə görə seçilərdi. O, Neft Fondundan prezident aparatına gedəndən sonra Fondun açıqladığı göstəricilərin sayında da azalma müşahidə olunur, bəzi göstəricilər artıq Fondun dövrü olaraq açıqlanan gəlir və xərclərinə dair məlumatdan, eləcə də investisiya fəaliyyətinin yekunlarına dair təqdimatdan çıxarılıb, hesabatlar və press relizlər yubadılmağa başlayıb. Hesab etmirəm ki, Şahmar Mövsümovun məsul olduğu iqtisadi məsələlər və innovativ inkişaf siyasəti sahəsində görəcəyi işlər az olduğuna görə, o hazırda aidiyyatı olmayan məsələlərlə həvəslə məşğuldur. Düşünürəm ki, onun bu prosesdə iştirakı heç də ürəyincə deyil, bunu çıxışlarından da sezmək mümkündür. Çünki ağıllı adamlar bilir ki, qeyri-müəyyən və ziddiyyətlərlə dolu olan pandemiya məsələsi hər kəsi qısa müddətdə nüfuzdan sala, cəmiyyətdəki yerinə, hakimiyyətdəki mövqeyinə mənfi təsir edə bilər. Başa düşə bilmirəm Şahmar Mövsümovu nədən "xərcləmək" istəyirlər? Onu qorumaq fikrim olmasa da, bu tendensiya kənardan aydın görsənir. Məsələn, Şahmar Mövsümovun tez-tez istinad etdiyi və sevindirici hal saydığı son günləri xarakterizə edən virusa yoluxanların sayı ilə bağlı rəqəmlər çox adamlarda, xüsusilə də həkimlərdə şübhə doğurur. Fikrimcə, yoluxanların sayındakı "müsbət dinamika" karantin rejiminin effektivliyini əsaslandırmaq və onu uzatmaq üçün siyasi məqsədlər üçün istifadə olunur. Artıq son rəqəmlər işsizlik və yoxsulluq göstəriciləri kimi bu da saxtalaşdırılır. Çox arzulayardım ki, belə olmasın, gerçəkdən müsbət dinimaka başlasın və Azərbaycan xalqı bu bəladan mümkün qədər tez qurtulsun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru