“Monopolistlər imkan versə, Bakıda ətin qiyməti 7-8 manat olar” - Ekspert
21-07-2020, 13:40

Ətin qiymətinə təsir edən amillər, əsasən, toy-yas mərasimləri və restoran biznesidir. Məlum olduğu kimi, hazırda bunların hamısı karantin tətbiq olunan bölgələrdə qadağan edilib. Belə olan halda isə biz bazarda ət bolluğu müşahidə etməliyik, bu isə öz növbəsində qiymətin ucuzlaşması ilə nəticələnməlidir. Lakin mağazalarda ətin qiymətində heç bir dəyişiklik hiss olunmur. Maraqlıdır, bunun səbəbi nədir?
İqtisadçı-ekspert Akif Nəsirli Yenisabah.az-a açıqlamasında bildirib ki, ucuzlaşma Bakı şəhərində müşahidə olunmur, rayonlarda isə ətin qiyməti xeyli düşüb:
“Rayonlarda qiymətdəki azalma təxminən 20 fazi müşahidə edilir. Sadəcə olaraq bölgələrdən Bakıya ətin gətirilməsi sahəsində müəyyən problemlər var. Bildirim ki, hazırda yalnız rəsmi qeydiyyatdan keçmiş sahibkarlar ət tədarük edə bilir. Qeyri-rəsmi şəkildə öz heyvanını gətirən və yaxud başqasından heyvan alıb gətirən adamlar artıq bu işlə məşğul ola bilmirlər, yəni Bakı şəhərinə əvvəlki qədər ət gətirilmir. Çünki hazırda Bakı şəhərinə və karantin tətbiq olunan digər bölgələrə girdikdə sənəd təqdim etməlidirlər, sözügedən şəxslər bunu edə bilmirlər, nəticədə isə qiymət düşmür. Məsələnin biri budur. İkincisi, rayonlarda bazara mal çıxarılmasında ciddi əngəllər var. Bazarların əksəriyyəti ya işləmir, ya da zəif işləyir. Bazara heyvan çıxarmaq üçün fermerlərdən, kəndlilərdən sənədlər istənir. Onlardan biri bu sənədi ala bilir, digəri ala bilmir. Üçüncüsü, Bakı şəhərinə ət gətirən insanlar tələbi nəzərə alaraq tədarükü azaldıblar. Bu da rəsmi ət tədarük edən sahibkarların sayının az olması ilə bağlıdır. Belə ki, sayı az olduğuna görə onlar bir-birləri ilə sindikat razılaşmaya gedirlər. Onlar düşünürlər ki, yay vaxtıdır, bazarda tələbat aşağıdır, mal müəyyən qədər azaldılmalıdır. Bu da monopoliyanın bir formasıdır. Bakı şəhərində ətə tələbatı elə tənzimləyirlər ki, qiymət sabit qalsın”.
Ekspert vurğulayıb ki, əslində, Bakı şəhərində ətin qiyməti hazırda indikindən təxminən 20-30 faiz aşağı olmalı idi:
“Amma süni əngəllər nəticəsində düşmədi. Rayonlarda ətin qiyməti olduqca ucuzdur. Məsələn, ən çox ət gətirilən rayonlar Bərdə, Beyləqan, Ağcabədi, İmişli, Saatlı, Sabirabaddır. Həmin rayonlarda qoyun ətinin qiyməti 8-9, cavan quzu əti 9-10, mal əti isə 7-8 manatdır. Hətta Bakıya mal tədarük edən sahibkarların razılaşaraq Bakıda qiyməti sabit saxlamağa nail olmaları rayonlardakı qiymətə ciddi təsir edən amillərdəndir. Çünki rayonlardan Bakıya mal az gəlir, nəticədə yerlərdə çox qalır, belə olduqda isə təklif tələbi üstələyir, digər bir tərəfdən isə mövsümlə əlaqədar ətə tələbat aşağı düşür, bunlar isə yerlərdə ətin qiymətini aşağı salır”.