“Pul qabı”ndakı pulu karta köçürmək olacaq - ƏDV ilə bağlı yenilik

21-07-2020, 13:56           
“Pul qabı”ndakı pulu karta köçürmək olacaq - ƏDV ilə bağlı yenilik
Artıq geri qaytarılan ƏDV-ni karta köçürmək mümkün olacaq.
Dövlət vergi Xidmətindən verilən məlumata görə, artıq “BirBank” mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV-ni geri al” bölməsi yaradılıb və virtual “pul qabı”na yerləşdirilmiş vəsaitlərin ölkədaxili bank kartlarına köçürülməsi üçün texniki imkanlar təmin edilib. İndi vətəndaşlar https://www.edvgerial.az portalından topladığı vəsaitləri özünün kart hesabına köçürərək vəsaiti nağdsız ödənişlərdə xərcləyə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, minimum 5 AZN məbləğində vəsaiti kart hesabına köçürə bilər. Karta bir köçürmə əməliyyatı üzrə maksimum məbləğ isə 500 AZN müəyyən edilib.

Xatırladaq ki, ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 10 iyul 2020-ci il tarixədək təqribən 364 min nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 80 faizi (təqribən 290 min nəfəri) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib.

Bu müddətə qədər vətəndaşlar tərəfindən 10,3 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği təqribən 5 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 2,7 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.