Azərbaycan dövləti nələri satışa çıxarır? - Böhrandan çıxış...

20-01-2016, 14:20           
Azərbaycan dövləti nələri satışa çıxarır? - Böhrandan çıxış...
Prezident İlham Əliyev keçirdiyi sonuncu müşavirədə ölkədə geniş özəlləşdirmə proqramının hazırlanmalı olduğunu diqqətə çatdırıb. Ölkə başçısı bu barədə müvafiq tapşırıqların verildiyini qeyd edib.

Prezident çıxışı zamanı bildirib ki, biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik.

“Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər”,-deyə ölkə başçısı çıxışı zamanı vurğulayıb.

Millət vəkili Vahid Əhmədovun fikrincə, bu günə kimi özəlləşmə sahəsinə böyük səhvlərə yol verilib.

AzVision.az-a açıqlama verən deputat hesab edir ki, hazırki durumda dövlətin tabeliyində olan bir çox müəssisələr özəlləşdirilməlidir.

Millət vəkili qeyd edib ki, müəssisələrin 40-45%-i özəlləşdirilməli, yerdə qalan hissə isə dövlətin tərkibində olmalıdır: “Özəlləşdirilmiş hissələr səhmdar cəmiyyət və ya başqa formada ola bilər. Elə şirkətlər var ki, özəlləşdirilib, amma fəaliyyət göstərmirlər. Məsələn, Qubada 3 konserv zavodu var. Onlardan yalnız biri işləyir. Digərləri fəaliyyət göstərmir. Halbuki, bu gün emal zavodlarına böyük ehtiyac var. Hesab edirəm ki, bu sahədə ciddi işlər görülməlidir”.

V.Əhmədov əlavə edib ki, hazırda müəyyən şirkətlər, nazirliklərin tərkibində olan bəzi müəssisələrin özəlləşdirilməsi planlaşdırılır.

Deputat özəlləşdiriləcək müəssisələrin siyahısının hazır olduğunu, hökumətdə bu məsələyə baxıldığını vurğulayıb.

“Strateji əhəmiyyətli obyektlər dövlətin tabeliyində saxlanılacaq. Amma qalan hissələr özəlləşdirilməyə getməlidir”-deyə V.Əhmədov əlavə edib.

Ekspertlər hesab edirlər ki, “Azərenerji”, AZAL, “Azərsu”, “Azəristliktəchizat”, “Azəraliminium” kimi ASC-lər böyük özəlləşdirmə proqramına daxil ediləcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.