Cavid Qurbanovla bağlı prezidentə şikayət
27-01-2016, 09:47
"Paytaxt Bakıda yollarda tıxacların qarşısının alınması, insanların rahatlığının təmin edilməsi məqsədilə Sizin göstərişləriniz əsasında müasir dövrün tələblərinə cavab verən Bakı-Sumqayıt elektrik qatarları xalqın istifadəsinə verilib. Əfsuslar olsun ki, Dövlət Dəmir Yolu İdarəsi, Nəqliyyat Nazirliyi bunu lazımınca dəyərləndirmir”.
Bu sözlər Sumqayıt şəhər sakini Arzu Miriyevanın dövlət başçısı İlham Əliyevə göndərdiyi müraciətdəndir.
O qeyd edib ki, qatarların hərəkət qrafiki səmərəsiz tərtib edilib. "Səhər saat 8-30 dan sonra Sumqayıtdan Bakıya və əks istiqamətdə növbəti qatar 16-00 yola düşür. 8-30dan sonra Bakıya və əks tərəfə qatarla yola düşmək üçün vətəndaş 7 saat gözləməlidir. Qatarların hərəkət qrafikinin bu cür səmərəsiz təşkili yenə də tıxaclara səbəb olur. Bu qrafik nə 1-ci nə də 2-ci növbənin tələbələri istifadə edə bilmir. Bundan əlavə səhər saatlarında insanlar ayaq üstə, bəzən də yerdə oturub Bakıya getməli olur. Sadə gedişdən 3 dəfə baha olan Biznes klass salonları isə bom-boş olur”.
Arzu Miriyeva qeyd edir ki, bütün bunlarla əlaqədar dəfələrlə Dövlət Dəmir Yolu İdarəsi, Nəqliyyat Nazirliyinə şikayət etsələr də, tədbir görülməyib. "Sizdən xahiş edirik qatarların hərəkət qrafikinin normal, səmərəli tərtib olunması üçün aidiyyatı qurumlara göstəriş verəsiniz”.(jam.az)