Peyvəndlərin istehsalına nə vaxt başlanılacaq? - TƏBİB açıqladı

25-11-2020, 23:11           
Peyvəndlərin istehsalına nə vaxt başlanılacaq? - TƏBİB açıqladı
Son günlər yoluxma saylarının artımı heç də ürəkaçan deyil. Hazırda pandemiyanın ölkəmizə gəlməsinin 39-cu həftəsini yaşayırıq. Son bir həftə ərzində ümumi yoluxma sayı 17 min 406 nəfər təşkil edib. Təəssüf ki, koronavirus səbəbindən son həftə 164 nəfər həyatını itirib. Rəqəmlər hər birimizi narahat edir.

KONKRET.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

“Yayda yoluxma saylarındakı azalmanın və hazırki artımın müəyyən səbəbləri var, buna bir sıra amillər təsir edir. Dünyadakı artımın fonunda bizim ölkədə də artım var. Təbii ki, bu fəsillə, havaların soyuması ilə əlaqədardır. Artım tendensiyası gündən-günə çoxalır. Bu günün iki min xəstəsini götürsək, onların hər birinin başqaları ilə təmasda olduğunu da nəzərə almalıyıq. Bir neçə gün sonra yoluxanlarla təmasda olanlarda da əlamətlər inkişaf edir. Nəticədə yoluxma sayı riyazi silsilə ilə artır. Hazırda 30 mindən çox aktiv xəstə var. Xəstələrin böyük bir qismi evdə müalicə olunur. Onların nə dərəcədə izolyasiya qaydalarına əməl etməsi vacibdir. Həmin şəxslər yaşadıqları yeri tərk edə bilməzlər. Yoluxanların ailə üzvləri bir neçə gündən sonra potensial koronavirus xəstəsi hesab olunurlar”.

N.Mustafayeva bildirib ki, dünyada koronavirusa qarşı peyvəndlərlə bağlı tədqiqatlar davam edir: “Ümidverici 11 şirkətin açıqlamaları var ki, onlar hazırda peyvənd sanaqlarının üçüncü mərhələsindədir. Ötən həftə iki şirkət elan verdi ki, onların hazırladığı peyvəndlərin qoruyuculuğu, yəni effekti 90 faizdən çoxdur. Bu, həmin şirkətlərin özünün açıqlamasıdır. Burada son sözü nüfuzlu qurumlar deməlidir. Növbəti mərhələdə isə peyvəndlərin kütləvi istehsalına başlanılacaq, ölkələrə paylanılacaq. Bu, uzun bir prosesdir. Peyvəndlər öz təsdiqini taparsa, onların istehsalına gələn ilin əvvəllərində başlanılacaq, ilin ortalarına, axırlarına doğru isə ölkələrə paylanılacaq.

Hazırda Azərbaycana gətirilən peyvəndlər isə qrip əleyhinə vaksinlərdir. Hazırda soyuq fəsildəyik, mövsümi qriplərin baş qaldırdığı dövrdə yaşayırıq. Bu dövrdə əlavə ağırlaşmaların olmaması, koronavirusla bərabər qripə yoluxmanın qarşısının alınması, səhiyyənin yükünün azaldılması məqsədilə həmin vaksinlər ölkəyə gətirilib. Hər kəs öz sahə poliklinikalarına müraciət edərək, xüsusilə də yaş faktoru, xroniki xəstəlikləri olanlar nəzərə alınmaqla, risk qrupunda olanlar həmin peyvənddən yararlana bilərlər”.

Karantin qaydalarına riayət olunmasına münasibət bildirən N.Mustafayeva deyib: “Maska qoruyucu vasitədir, əks halda isə həm özümüzü, həm də ətrafımızı yoluxdura bilərik. Maskanın ən azı xarici səthi infeksiyalaşıb. Təmasda olduğumuz insanlardan kimin yoluxduğunu bilmirik. Bir maskadan dəfələrlə istifadə etmək, onu çantada, cibdə gəzdirmək və yenidən istifadə etmək yoluxma riskini artırır. Belə ki, bu zaman maskanın xarici səthinə əlimizi vururuq, əlimizi üzümüzə, hansısa səthlərə toxundururuq. Nəticədə həm özümüz yoluxa bilərik, həm də toxunduğumuz səthlərə kimsə əli ilə təmas etdikdə onlar da yoluxa bilərlər. Maskadan mütləq şəkildə düzgün istifadə eləmək lazımdır. Maska istifadəsi ilə yanaşı, əl və respirator gigiyena qaydalarına əməl olunmalıdır. Asqırarkən, öskürərkən ağzımızı dirsək bükümü ilə örtməliyik və ya birdəfəlik salfetlərdən istifadə etməliyik ki, virusu yaymayaq. Bunlar hamısı qoruyucu tədbirlərdir. Qeyd edim ki, şəxsi gigiyenaya əməl etmək bir sıra infeksiyalardan qorunmaqda mühüm rol oynayır”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.