“Banklara qoyulan əmanətlərin qaytarılmasına zəmanət var, lakin...”

29-01-2016, 14:02           
“Banklara qoyulan əmanətlərin qaytarılmasına zəmanət var, lakin...”
Bugünlərdə maliyyə naziri Samir Şərifov əhaliyə xitabən maraqlı tövsiyyə ilə çıxış edib. Belə ki, maliyyə naziri insanlara çağırış edərək onları öz pullarını evdə saxlamamağı, banklara qoymağı təklif edib və bunu evdə qalan pulun oğurlana və ya yana biləcəyi ilə izah edib: “Hazırda dövlət və Mərkəzi Bank tərəfindən bir sıra tədbirlər görülür ki, ajiotaj aradan qalxsın və manata olan hörmət yenidən bərpa olunsun. Bunun üçün yaxın günlərdə bazara Maliyə Nazirliyi tərəfindən manat istiqrazlar buraxılacaq. İstiqrazlara qoyulan fazilər isə yüksək olacaq. Əhaliyə tövsiyə edərdim ki, manatlarını bu istiqraza qoysunlar. Böyük məbləğdə pulun evdə saxlanılması riskdir, oğru gələ bilər, yanğın ola bilər”.
Maraqlıdır, S.Şərifovun bu açıqlaması banklara inamını çoxdan itirən Azərbaycan vətəndaşlarını öz vəsaitlərini banklara qoymağa həvəsləndirə biləcəkmi? Bugünə qədər Azərbaycan banklarının timsalında xeyli problemlə qarşılaşan, banklara qoyduğu əmanətləri itirən və ya bu əmanətləri geri almaqda ciddi çətinliklərlə qarşılaşan insanların yenidən banklara etibar etməsi mümkündürmü?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış iqtisadçı Samir Əliyev vətəndaşların banklarda olan əmanətlərinin batması, insanlarda banklara inamın olmaması kimi fikirlərlə razılaşmadığını bildirib: “İnsanların banklara qoyulan əmanətləri batır” ifadəsi açığı çox sərt bir fikirdir. Mən elə deməzdim. Ancaq təbii ki, bağlanan banklar var. Bu il bağlanan bankları nəzərə almasaq, əvvəl bağlanan banklarda belə bir problem yaşanmayıb. Çünki əmanətlər sığortalanıb. “Röyalbank”ın timslında meydana çıxdı ki, bankdakı əmanətlərin böyük bir hissəsi sığortalanmayıb. Bu kimi hallar olub. Lakin birmənalı şəkildə demək olmaz ki, qoyulan əmanətlərin hamısı batır. Belə deyil. Əmanətlərin yalnız sığortalanmayan hissəsinin taleyi sual altına düşür və ya onun qaytarılması mümkün olmur. Uzun müddət Azərbaycanda bank bağlanmamışdır. Lakin bu il bir-birinin ardınca bir neçə bank bağlandı.
Ölkədə sığorta sistemi mövcuddur. Bu sığorta sistemi imkan verir ki, vətəndaş gedib bankdan öz pulunu götürsün. Lakin məsələ bundadır ki, həmin sistemin özü bu gün təkmil deyil. Birincisi, 30 min manat kompensasiya azdır. Bunun artırılmasına ehtiyac var. Bağlananan banklardakı əmanətlərin bir hissəsi sığortadan kənarda qalır. Elə bankar var idi ki, onlar bağlanmamışdı. Amma vətəndaş öz əmanətini bankdan götürə bilmirdi. Bank bu məsələdə bir sıra problemlər yaradırdı. Sığortanın ödənilməsi üçün bank bağlanmalıdır. Bank bağlanmırsa, sığorta pul ödəmir. Bəzən olur ki, bank bağlanmır ki, camaat gedib pulunu alsın. Fəaliyyətini davam etdirir və əmanətçilərə pul vermir. Belə hallar bank sektoruna etibarı azaldır. Hesab edirəm ki, son vaxtlar bəzi bankların bağlanması prosesi də buna öz təsirini göstərəcək.
Ancaq bununla belə hesab edirəm ki, bu gün insanlarda banklara etibar var. Əmanətlərin qaytarılmasına zəmanət var. Lakin bu zəmanəti inkişaf etdirmək lazımdır. Elə etmək lazımdır ki, vətəndaşlarda bu inam çoxalsın və onlara xidmətdə heç bir problem yaranmasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.