Prezident tapşırıq verdi, komitə hərəkətə keçdi - Özəlləşmə ilə bağlı yeni təkliflər hazırlanır
29-01-2016, 17:00
"Prezident İlham Əliyev tərəfindən geniş özəlləşdirmə proqramının hazırlanması, bu sahəyə investisiyaların cəlb edilməsi barədə tapşırıqlar verilib. Artıq bu istiqamətində tədbirlərə başlanılıb, yeni sahələrin özəlləşməyə açılması ilə bağlı iqtisadi təhlillər aparılır və təkliflər hazırlanır”.
Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib.
K. Həsənov bildirib ki, yerli və xarici investorların prosesə aktiv cəlb olunması nəzərdə tutulur: "Bu mərhələdə əsas məqsəd büdcə yükünün azaldılması və büdcə gəlirlərinin artırılmasıdır. Həmçinin, özəlləşdiriləcək müəssisələrin fəaliyyətinin yenidən qurulması, iş yerlərinin açılması, daxili tələbatın təmin edilməsi və ixrac qabiliyyətli malların istehsalı əsas prioritetdir.
Bununla bağlı xarici təcrübə də nəzərdən keçirilir. Prosesə beynəlxalq məsləhətçi şirkətlər və ekspertlərin cəlb edilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə danışıqlara başlanılıb. Eyni zamanda özəlləşdirməyə xarici investorların cəlb edilməsi məqsədilə iri maliyyə institutları və fondları, strateji investorlarla danışıqların aparılması istiqamətində işlər aparılır”.
K. Həsənov indiyədək özəlləşdirmə prosesinin dövlət əmlakının özəlləşdirilməsinin I və II Dövlət Proqramına və bu sahəni tənzimləyən qanuna əsasən aparıldığını diqqətə çatdırıb: "Burada əsas məqsəd dövlət mülkiyyətinin özəl mülkiyyətə transformasiya olunması idi ki, bu sahədə qoyulan məqsədlərə nail olunub. Hazırda özəl sektorun ÜDM-də xüsusi çəkisi 85%-i keçib.
Özəlləşdirmə sahəsində geniş təcrübə qazanılıb. Bir sıra strateji müəssisələr də özəlləşdirilib. Bunlara "Azərcell” və "Bakcell” BM-dəki dövlət paylarının, ölkənin ikinci ən böyük bankı olan "Kapital Bank”ın, iri sənaye müəssisələrdən "Qaradağ Sement”, iri şərabçılıq müəssisələri, quşçuluq fabrikləri, mehmanxana komplekslərinin və digər iri müəssisələrin özəlləşdirilməsini misal göstərmək olar.
Özəlləşdirmə nəticəsində dövlət büdcəsinə 1 milyard manata yaxın vəsait ödənilib. Özəlləşdirilmiş müəssisələrə 1 milyard manatdan çox investisiya qoyulub. Özəlləşdirmə prosesində 26 milyon ədəd özəlləşdirmə çekinin, 12 milyona yaxın özəlləşdirmə opsionunun silinməsi təmin edilib.
Hazırkı mərhələdə özəlləşdirmə prosesində dövlət əmlakının dünya praktikasında daha çox tətbiq edilən və beynəlxalq standartlara uyğun bazar üsulu ilə qiymətləndirilməsi təklifləri hazırlanıb”.
Komitə sədrinin sözlərinə görə, özəlləşdirmə prosesində daha rasional və optimal üsulların tətbiqi və bu üsullara yenidən baxılması da nəzərdən keçirilir.
"Əsasən investisiya müsabiqələri yolu ilə özəlləşdirmə üsuluna üstünlük veriləcək. Burada hər bir müəssisəyə fərdi yanaşmaların tətbiq edilməsi nəzərdə tutulur. Özəlləşdiriləcək müəssisələr üzrə investisiya layihələri, açılacaq iş yerləri, habelə müəssisənin iqtisadi fəaliyyəti ilə bağlı xarici investorlara təkliflər veriləcək.
Dövlət başçısının qeyd etdiyi kimi, özəlləşdirmə prosesi daha şəffaf olmalı, dövlətin maraqlarını təmin etməlidir. Bu məqsədlə, effektiv tədbirlər nəzərdə tutulur, aktiv ictimai məlumatlandırma təmin ediləcək. Yerli və xarici investorların cəlbi ilə bağlı investisya yarmarkalarının təşkili məsələləri nəzərdən keçirilir”,– deyə, o, bildirib.
APA