Qusar rayonu ərazində yerləşən “Şahdağ” İstirahət Mərkəzinin “Şahdağ Resort Spa Otel”ində vətəndaşdan 5 manata təklif olunan xidmət üçün 28 manat hesab alıblar.
Aktual.az-a müraciət edən oxucu bildirir ki, o bunun səbəbini, xidmətin hansı səbəbdən belə baha olduğunu soruşduqda ona “Ürəyin istəmir, bura gəlmə, get başqa yerdə dincəl” deyə kobud cavab veriblər. Ən dəhşətlisi isə sonradan müzakirələrə qatılan inzibatçının dedikləri olub: “Pulun yoxdur, burada nə işin var. Bura “şişkalar”ın yeridir ”.
Azərbaycanda turizm potensialının artırılması məqsədilə dövlət rəhbərliyi tərəfindən təşkil olunan çoxsaylı beynəlxalq tədbirlərə, kütləvi idman, musiqi yarışmalarına baxmayaraq, turizmlə məşğul olan bəzi sahibkarların istehlakçı hüquqlarını kobud sürətdə pozması və onlara inamsızlıq aşılaması, müştəriləri aşağılaması heç bir halda başadüşülən və təqdirolunan hal deyil. Nə yazıq ki, hələ də qanuna və qanunun tələblərinə dırnaqarası yanaşanlar var. Qarşı tərəfin mövqeyini dərc edə bilərik.