Polis mebel təmiri ilə məşğul olan qaziləri işləməyə qoymur - NK yanında Operativ Qərargahın qərarının 4.17 bəndinə zidd olaraq iddia

15-12-2020, 18:31           
Polis mebel təmiri ilə məşğul olan qaziləri işləməyə qoymur -
Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 14-dən 2021-ci ilin yanvarın 18-ə kimi sərtləşdirilmiş karantin rejiminin tətbiqi haqqında qərarı ilə fəaliyyətinə icazə verilən sahələr arasında mebel istehsalı və təmiri ilə məşğul olan şəxslər də nəzərdə tutulub. Di gəl, 14 dekabrda Qarabağ qaziləri və şəhid ailələrinin “Xalqlar dostluğu” metrostansiyasının Heydər Əliyev parkına çıxışındakı Nizami rayonu, Qara Qarayev -116 saylı binanın qarşısında dövlətin ayırdığı köşklərdə mebel təmiri ilə məşğul olmaq hüququna polis imkan verməyib. Əlil sahibkarlar ha çalışsalar da, NK yanında Operativ Qərargahın 4.17 bəndini polis qüvvələrinə anlada bilməyiblər. Rejimə nəzarəti həyata keçirən DİN yetkililəri ancaq ərzaq məhsullarının alverinə icazə verildiyini diqqətə çatdırıblar. Maraqlıdır , görəsən, onda hökumətin sözügedən qərarının sözügedən bəndi niyə qəbul olunub? Polisin qanun -qərarda “boşluq” axtarması nədən qaynaqlanır? Belə çıxır, mebel təmirinə icazə verilir, amma köşkləri açmaq olmaz? İndi qazi, şəhid ailələri neyləsin ki, onlara iri bizneslə məşğul olmağı hökumət rəva bilmir, xırda alverlə çörək, dərman pulunu çıxarmağa köşk ayrılır? ! Di gəl, polis də aztəminatlı ailələrin çörək, dərman pulu köşklərinin işləməsinə imkan vermir. Yeri gəlmişkən, onu da vurğulayaq ki, qəzet -jurnalların da nəşrlərinə icazə verilsə də, köşklərin fəaliyyəti dayandırıldığından, satışı mümkün deyil. Mebel təmirinin “hovayı” , daha doğrusu, “ nisyə “ olduğunu başa düşmək olar, axı qəzetləri anbarda saxlamaqla onu bazarda işlənən adi kağıza çevirməyin nə anlamı var? Qəzet, mebel sahibkarlarına dəyən ziyanın ödənilməsi haqqında da fikirləşən yoxdur.
Fikrimizcə, ya operativ qərargahın qərarı dəyişməlidir, ya da vətəndaşa, sahibkara münasibət.
Məğrur Bədəlsoy
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.