Bakının “qul bazarı”ndan şok: hamilə qadınlar da iş axtarır
2-02-2016, 09:27
“Çoxumuz bura ərimizdən xəlvət çıxırıq”
rrBakıda təkcə kişilərin deyil, qadınların da “qul bazarı” var. Maştağa kəndində “Xəyal” marketin yaxınlığındakı tinə hər gün səhər saat 07:00-dan günorta saatlarına kimi 100-dən çox qadın kiminsə qapısında günəmuzd işləmək üçün dayanıb gözləyir. Onların içində yaşlısı da var, cavan olanı da. Hətta hamilə qadın da. Üzlərindən kədər və üzgünlük yağan bu qadınların hər birinin acı həyat hekayəti var.
“Evdə deyirik ki, alverə gedirik”
Bu da qadınların qul bazarı. Qəzetdən gəldiyimi biləndə əksəriyyəti “neynirsiniz bizimlə söhbəti, siz yazmaqla bizim dərd-sərimiz bitəcək?”-deyib, yanımdan uzaqlaşdılar. Onlar özlərini tanıtmaqdan, burada olduqlarını söyləməkdən utanırdılar. Ancaq bir neçəsi ilə söhbətləşə bildim. Hər birinin əlində torbaya qoyub qoltuğuna vurduğu köhnə iş paltarı vardı. Onlar deyir ki, əllərindən süpürmək, paltar, qab yumaq, yemək bişirmək, yun çırpmaq, uşaqlara baxmaq, parnikdə işləmək və s. işlər gəlir. Əksəriyyəti Sabunçu, Zabrat və Bakının digər kəndlərindən gəlib, “qul bazarı”nda dayanır. Aralarında şəhərdə yaşayanlar da var. Onlar əsasən Maştağa, Nardaran və Bilgəhdə yerləşən evlərdə işləməyə gedirlər.
42 yaşlı Firəngiz adlı qadın 9 ildir “qul bazarı”na ayaq döyür: “Bura toplaşan qadınların çoxu ərindən xəlvət çıxıb işləyir. Ərimiz bilsə ki, ”qul bazarı”na gəlirik, bizi öldürər. Deyirik ki, alverçiliklə məşğul oluruq. Nə edim?! 4 uşaq anasıyam. Ərim də iş tapmır…”.
Sabunçu rayonundan bura gələn 34 yaşlı adını çəkmək istəməyən, üzündən qəm-kədər yağan qadın da yoldaşından xəbərsiz bu məkana üz tutub: “Yoldaşım qəzetdə adımı oxuyub bilsə ki, ”qul bazarı”na çıxıram, başımı kəsər. 10 ildən çoxdur ömrümü bu küçədə çürüdürəm. Bu qul bazarına çıxdığımı heç qohum-əqrəba da bilmir. Uşağımı 6 aydı görə bilmirəm. İnternatdadır…”. Bu vaxt həmin qadının gözləri dolur. Danışa bilməyəcəyini deyib, söyüd ağacına söykənib hönkür-hönkür ağlamağa başlayır.
Ölüm-dirim mübarizəsi
Çox keçmir ki, yolun kənarında bahalı avtomobil dayanır. Bütün qadınlar maşını mühasirəyə alır. Stajlı qadınlar cəld maşının salonuna əyləşib, sürücünün təklif etdiyi işlə maraqlanırlar. 7 manata parnikdə işləmək üçün iki qadın razılaşıb, yola düşürlər. Elə bu vaxt bir maşın da siqnal verib dayanır. Onlar maşının üstünə şir ovunun üstünə cuman kimi qaçırlar. Ancaq aralarında mübahisə yaranır. Bir-birilərinə söyüş-təhqir yağdırırlar. Müştəri onlara iki nəfərin hər birinə turşu bağlamaq üçün 8 manatdan iş təklif edir. Bir qadın xahiş edir ki, 10 manat verirsə, gəlsin. Digər qadın müştərinin təklif etdiyi məbləğlə razılaşır. Bu zaman bir həngamə qopur ki, gəl görəsən. Az qalır ki, bir-biriləri ilə saçyoldusuna çıxsınlar. Əlbəttə ki, bir tikə çörək üçün. Onlara tamaşa edən ətrafdakı insanlar deyir ki, hər gün bu cür səhnələrin şahididirlər. İş üstündə bir-birilərini öldürməyə belə, hazırdırlar.
“Villa sahibləri bizi işlədib pulumuzu vermirlər”
“Bəzilərindən heç işlədiyinin halal haqqını da ala bilmirsən. Mənim başıma belə bir iş gəlib. Bir nəfər varlı villa sahibinin evində səhərdən axşamadək işlədim. Axırda isə pulumu vermədi. Sürdüyü maşına baxırsan bahalıdır, amma simicdir”. Bunu Naxçıvan bölgəsindən olan 53 yaşlı Firəngiz Əzizova deyir. Firəngiz xala kirayədə yaşayır: “Heç bir yerdən yardım almıram. Pensiya almağa da yaşım çatmır. 6-cı sinifdə oxuyan bir oğlum var. Yoldaşım da rəhmətə gedib. Məcburam gəlib qul kimi işləyib, çörək pulumu çıxaram”. 28 yaşlı Narınc da gözləri dola-dola bunları deyə bildi: “Ayda 80 manat kirayə pulu verirəm. Yoldaşım 2 ildir 6 yaşlı uşağımla məni atıb Rusiyaya gedib. Burada dayanıb iş tapmaqla birtəhər dolanıram. Daha çox parnikdə işləməyə gedirəm. Bəzən elə adama rast gəlirsən ki, yemək də vermədən işlədir. Axırda da pulunun yarısını kəsir”. Saatlı rayonundan olan, adını çəkməyən 46 yaşlı qadın da dəbdəbəli evlərdə işləyib, haqsızlıqla üzləşdiyini deyir: “Bizə pis gözlə baxanlar da olur. Allah elələrinin çörəyini kəssin. Kim istəyər ki, ”qul bazarı”nda dayansın?”.
“Biz qocayıq deyə, işləməyə aparmırlar”
Yuxarıda qeyd etdiyim kimi, oradakı qadınlar arasında yaşlıları da vardı. Onlar kənara çəkilib bir tərəfdə dayanmışdılar. 57 yaşlı Səkinə xala deyir ki, qoca olduğu üçün həmişə kənarda qalır: “Mənə deyirlər qocasan, işləyə bilmirsən. 5-10 manat çörəkpulu qazanmaq üçün yenə də gözləyirəm. Bəlkə bir insaflısı çıxdı, mənə də iş təklif etdi. 3 oğlum var, yoldaşım xəstədir. Onlardan xəbərsiz bura gəlirəm”. Onunla yanaşı oturan qadınlar da eyni dərdlidir. Deyirlər ki, cavan gəlinləri işləməyə daha çox aparırlar. Elə mən orda olduğum zaman bunun şahidi də oldum. Yolun kənarında dayanan bahalı avtomobil sahibi qadınlara yaxınlaşaraq: “Cavanlardan ikisi gəlib, otursun”- deyərək, əlini yelləyə-yelləyə maşına doğru getdi. Müştəri çıxıb gedəndən sonra, qadınlardan biri mənə yaxınlaşıb dedi ki, həmin 40-45 yaşlı kişi mənim də qul olduğumu zənn edibmiş: “Xahiş etdi ki, yaxşı pul verəcək. Səni də götürüm birlikdə gedək. Ancaq mən ona başa saldım ki, sən bizdən deyilsən”.
“Yoldaşım evdə oturur…”
25 yaşlı hicablı Nərgiz ailəlidir. 2 uşaq anası olan bu xanımın təhsili də yoxdur. Yoldaşının iş tapa bilmədiyini deyir: “2 aydı bu ”qul bazarı”na üz tutmuşam. Yoldaşım hara gedirsə qapılar bağlıdır. Başqa yerdən də kömək yoxdur. Ona görə gəlmişəm bura”. Onunla həmyaşıd Günel də ailəlidir. O, deyir ki, iş təklif olunanda birlikdə gedirlər: “Yoldaşım bir gün işləyir, 5 gün işləmir. Uşaqlarımı bağçaya qoymuşam. Yoldaşım evdə oturur. Sabunçuda kirayədə yaşayırıq”.
27 yaşlı adını çəkməyən digər qadın bugünkü günə düşməsini valideynlərinə heç vaxt bağışlamayacağını deyir: “Valideynlərim məni 16 yaşımda ərə verdi, instituta sənəd verməyə qoymadılar. O vaxt oxusaydım, indi rahat yolla çörək pulu qazanardım. Ərim narkomandı. Ayrılmışam. Burda da gizlincə dururam. Çünki ərim bilsə məni öldürər. 2 uşağım üçün yaşayıram…”.
35 yaşlı Sədaqət Zəngilan rayonundan məcburi köçkündür. Hər səhər tezdən bura gəldiyini deyir: “Allah kəssin belə yaşamağı. Uşaqlarımı başlı-başına evdə atıb, gəlirəm qul kimi işləməyə. Kim hara apardı gedirik. Bizimçün fərqi yoxdur. Varlı evi oldu, ya kasıb evi. Etibarlı adamların şəhərdəki bağ evlərinə də gedirik. Hərdənbir yazığı gələn imkanlı adamlar bizi işlədib 20 manat verir ”.
Qadınlara “əmək yarmarkaları haqqında eşitmisinizmi” sualını verəndə onlar təəccüblənərək, bu haqda ilk dəfə məndən eşitdiklərini dedilər. Onlardan onu da öyrəndim ki, “qul bazarı”nda onlara dəyib-toxunan da yoxdur. Günortaya az qalsa da, qadınların çoxu hələ də gözləyirdi. İş üçün müraciət edən olmadığı üçün onlar çox acıqlı idilər, həm də ac idilər. Özləri isə belə deyir: “Özümüzlə heç nə götürmürük. Əgər burda gözləyəndə iş olacaqsa, yemək də olacaq. Yox, əgər iş dalınca getmirsənsə, deməli, yemək də yoxdur, sadəcə, aclığa dözməlisən”. (xural.com)