Belə getsə, bizi martda virusun idarəolunmaz artımı ilə bağlı böyük faciə gözləyir"

30-12-2020, 11:53           
Belə getsə, bizi martda virusun idarəolunmaz artımı ilə bağlı böyük faciə gözləyir"
Həqiqəti görür, reallığı təhlil edir, baş verəcəkləri düşünür və dəhşətə gəlirəm. Hər gün Bizim TV kanallarında, xüsusən axşamlar, bu virus infeksiyası ilə heç bir əlaqəsi olmayan, müxtəlif peşə sahiblərinin, o cümlədən təbabət sahəsinə çoxdan əlvida deyib hazırda siyasət və digər sahələrə üz tutan bəzi həkimlərimizin çıxışlarını dinlədikcə, çox qəribə hisslər keçirirəm.



Əvvəla, insanların stress və gərginlikdən qurtarmasının ilkin və həlledici şərti, digər peşə sahiblərinin bu infeksiyaya münasibət bildirməsinə birdəfəlik və qeyri-şərtsiz olaraq son qoyulmasıdır. Digər tərəfdən, tibbin digər sahələri, eləcə də siyasətlə məşğul olan dəyərli siyasətçi-həkimlərimiz, yaxşı olar ki, bu problemə yalnız siyası münasibət- dövlətin münasibətini bildirsinlər. COVİD 19-un zərəri və gözlənilən fəsadları haqqında ictimaiyyətə tövsiyyə xarakterli məlumat verməsinlər. İnanın, bu məlumatlar dərin psixoloji sarsıntı, maddi və mənəvi sıxıntı içərisində yaşayan hər bir sadə vətən övladına yalnız zərər gətirir (mən bunların, COVİD19-u tədqiq edərkən, sentyabr ayına qədər, ölkəmizin şəhər, rayon, kənd və qəsəbələrini gəzərkən, canlı şahidi oldum).



Unutmayın ki, COVİD 19 haqqında bu gün hətta heç bir savadı olmayan adi vətəndaşın bilgisi belə, mütəxəssis olmayan istənilən həkim və ya əczaçının bilgisindən zərrə qədər də olsa az deyildir. Odur ki, nəyinsə xatirinə TV ekranı və ya sosial şəbəkələrdə ictimayətə onların bildiyi məlumatın təkrarən söylənilməsi yalnız əlavə stress və ruhi sarsıntıya səbəb olur. İnanın, bunları etmək ən yaxşı halda günahdır. Bəzən bu infeksiya haqqında hətta mütəxəssislər danışanda belə, yol verilən adi xətaların, insanlar arasında necə gərginlik və sarsıntı törətdiyini görüncə, adam dəhşətə gəlir. “Axı suda boğulana adi bir saman çöpü də ümüd yeridir” bunu unutmaq olmaz.



Qəribə də olsa, bu gün sevinclə bildirirlər ki, ki, hazırkı kəskin karantin tədbirləri covid-ə yoluxmanı azaldıb. Başa düşün, viral infeksiyanı heç bir karantin tədbiri tarixlər boyu mütləq şəkildə azaltmayıb və azalda da bilməz. Bu halda müşahidə olunan azalma yalnız nisbi azalmadır. Mən dəfələrlə yazmışam və bir daha təkrar edirəm: kəskin karantin Dövlət Başçısının çökməkdə olan Səhiyyə Sisteminə (işıqlı dünyadan zülmət aləmə), elmə istinadən çıxış yolu tapmaq üçün məhdud zaman müddətində uzatdığı yeganə nicat əlidir. Bu qısa müddətdə problemin həlli və rəhbərə uğurlu hesabatın yeganə yolu, yalnız alim potensialından səmərəli istifadə etməklə mümkündür. Lakin hazırda davam edən əvvəlki, təfəkkür, təbliğat mexanizmi, təbliğat maşını və icraçılarla bu hal praktik olaraq mümkün deyildir. İnanmırsızsa yadınıza salım:



aprel və may aylarında PZR testi müsbət çıxan vətəndaşları yerin deşiyində də olsa tapır, aparıb 1-2 həftə ən yaxşı yerdə Dövlət hesabına yedirib-içirib saxlayır, növbəti test sınağı mənfi olan kimi (1 həftəlik karantin zamanı bu test mütləq mənada mənfi olmalıdır: bunu çoxsaylı məqalələrimdə elmi cəhətdən əsaslandırmışam) sağalmağı haqqında rəsmi məlumat verib, evinə göndərirdilər. Halbu ki, həmin dönəmdə Çin və Çənubi Koreyada bu çür PZR testi pozitiv olan, lakin simptom verməyən xəstələr nəinki təcrid olunmur, hətta onlar heç covid 19 xəstələri kimi qeydiyyata da götürülmürdü. İndi düşünun, həmin dövrdə bizim ölkəmizun iqtisadiyyatına nə qədər zərər vuruldu. Bunun hesabı çəkiləcəkmi. Axı bu pul, yalnız günəmuzd fəhlə əməyi ilə ailəsinə bir parça quru cörək qazanan insanların, maddi təminatlarının ödəniıməsinə yönəldilə bilməzdimi. Ataların söylədikləri doğrudan da ibrətamizdir: “tox heç bir vaxt, acın çəkdiyi əzabların nə olduğunu bilə bilməz”.



Mən bu infeksiya başlayandan, yəni mart ayının sonundan bu günə kimi yazdığım 50–dən artıq məqalə, 1000-dən artıq tövsiyyə və verdiyim məsləhətlərdə yalnız bir məqsəd güdmüşəm: başı sonsuz bəlalar görən, son 500 ildə yalnız bir dəfə, bu il-2020-ci ildə qələbə sevinci yaşayıb, vətənə bəslədiyi sonsuz məhəbbətə görə, övladının şəhid olmasına, şəhadətin mübarək deyən xalqımız maariflənsin, stress və ruhu sarsıntıdan qurtarsın, tapdığı bir parça quru çörəyi heç olmasa könül xoşluğu ilə yeyə bilsin.



Lakin hazırda aparılan mübarizə formasını, qeyri professional təbliğat və dərman təminatı üsulunu, bu problemlə heç bir əlaqəsi və bağlılığı olmayan müxtəlif peşə sahibləri, o cümlədən, hazırda bu sahəyə yad olan bəzi həkimlərin elmi məntiqə söykənməyən müraciət və çıxışlarını eşitdikcə istəməsəm də, deməyə və xəbərdarlıq etməyə məcburam:



bu cür yanaşma, bu cür təbliğat, bu cür müalicə, bu cür dərman təminatı, bu cür qeyri-peşəkar profilaktik tədbirlər aparılarsa, Bizi mart ayında COVİD 19-un idarəolunmaz artımı iıə bağlı böyük faciə gözləyir. Heç olmasa Allah xatirinə bunları düşünün cənablar... Düşünün ki, bu faciə Sizdən və əzizlərinizdən də yan keçməyəcəkdir.

Bir daha düşünün, bilin ki, hazırda az da olsa, bunun həllinə hələ ki, vaxtınız vardır.

Düşünün, düşünün, bir daha düşünün...



Musa Qəniyev, Tibb Universitetinin professoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.