COVİD -19 - pandemiya ili və Qarabağ -20 -Qələbə ili

31-12-2020, 08:44           
COVİD -19 - pandemiya ili və Qarabağ -20 -Qələbə ili
Yola saldığımız 2020-ci il dünya tarixinə COVİD -19 -pandemiya ili kimi düşüb . Dünya birliyinin bir hissəsi olaraq, təbii ki, Vətənimiz Azərbaycanın da 2020-ci ili “ koronavirus ili” kimi yadda qaldı. Amma yola saldığımız ilin 44 günü ortalıq 30 illik Şuşa, Laçın, ... Qarabağ ayrılığına son qoyduğundan 2020 Azərbaycan tarixinə QƏLƏBƏ İLİ kimi yazıldı !
Teref.az yazır ki, poçtumuza göndərilən məqalədə belə yazılıb. Daha sonra müəllif yazır:
İlin sosial-iqtisadi, siyasi göstəricilərinə gəldikdə, ürəkaçan olmadığını deyə bilərik. Ünvanlı sosial yardımların, əlillik təyinatlarının daha çox “elektron dələduzluq” xarakterinin dəyişmədiyi göz önündədir. Pandemiya ilə bağlı 190 manatlıq yaşayış minimumuna “seçilən” 600 min nəfərin “dəyişməzliyi” də sürür . Elə ilin əvvəlində parlamentə növbədənkənar “seçilənlərin” böyük çoxluğu da dəyişməz qaldı. Dəyişən Milli Məclisin və komitələrinin rəhbərliyi oldu ki, bu da hələ ki, müsbətə doğru dəyişikliyə gətirməyib. Aydın olsun deyə, məsələn, əmək və sosial siyasət komitəsinin əvvəlki sədri Hadı Rəcəblinin vətəndaş müraciətlərini , hazırkı xələfi Musa Quliyevin tam susqunluğundan fərqli olaraq , operativ cavablandırmasını vurğulayaq.
Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması tədbirləri də hələ də “axsamaqdadır” və daha çox imitasiya , saxta reklam xarakteri daşıyır. Prezidentin 20.06.2016 tarixli 569 saylı Sərəncamına əsasən 2014-cü ilə kimi növbədə duranlar ən geci 2018-ci ildə mənzillə təmin olunmalı idilər . Lakin Prezidentin sərəncamının icrasının gecikməsinin 3-cü ilinə qədəm qoyuruq . Və gecikmənin “dərdi-dərmanı” də sərəncamın icra tarixini 10 il geri çəkməklə “tapılıb”. Bu sahədə adı daha çox korrupsiya ilə qoşa çəkilən, hətta 1-ci vitse-prezidentin tapşırığına əməl etməyən Vüqar Behbudovun yeni yaradılan Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri təyin edilməsi qazi və şəhid ailələrinin ümidlərini alt-üst edib. Eyni zamanda, Bakıda yaşayan əlil və şəhid ailələrinə Abşeron rayonunun kəndlərində mənzillər alınması da ciddi narazılıq doğurur. Bu il ərzində 1500 ailənin mənzillə təminatı bildirilsə də, buna əməl edilmədi və əsasən kənd rayonlarında yaşayanlara üstünlük verildi. Vətəndaşların əlillik dərəcələrinin, pensiyalarının məhkəmə qərarı olmadan ləğv edilməsi halları hələ də davam edir. Hətta məhkəmə qərarı ilə təyin edilən pensiyaların sıradan məmurun göstərişi ilə kəsilməsi adi hal alıb. Bu isə ölkənin demokratik imicinə vurulan zərbədir. Əlillərin müalicələrinin təşkili isə tamam yaddan çıxıb. Respublikadan kənarda müalicəyə ehtiyacı olanlara “nazirliyin heç bir ölkə ilə müqavilə bağlamadığı” bildirilir, yerli reabilitasiya mərkəzlərinin həkimləri isə “bir-iki əlilə görə işə gəlməyi “Hippokrat andı”na sığışdırmır “ . Müharibə əlillərinin “qanpulu”nu isə hələ də “qansız” Dövlət Sığorta Kommersiya Şirkətinin “qansız” məmurları yeyir. Təbii ki, Maliyyə Nazirliyinin, hüquq mühafizə orqanlarının , insan hüquqları “müdafiəçiləri”nin , ən başlıcası Ədliyyə Nazirliyinin icra şöbələrinin ortaqlığı ilə. Təsəvvür edin, məhkəmə qərarlarının icrası onlarla illərdir “qanpulu korrupsiyası” sonucu icra olunmur!
Kommunal, nəqliyyat və rabitə sektorunda da durum ürəkaçan deyil . Təbii inhisarçı xidmət qurumları – “Azərişıq”, “Azəriqaz” , “ Azərsu” , rabitə qurumları “Elektroenergetika haqqında “, “ Qaz təchizatı haqqında “ , “ Su təchizatı və tullantı suları haqqında” qanunlara, NK-qərarlarına zidd olaraq fiziki şəxslərdən texniki şərtin hazırlanmasına, sayğac quraşdırılmasına görə ödənişlər tələb edir, illərdir məhkəmə qərarlarını belə icra etməkdən imtina edirlər. Təsəvvür edin, “Azərişıq” 4 ildir texniki şərt verib, amma sayğac quraşdırmaqdan imtina edir ki, Qarabağ əlilindən 200 manatdan da yuxarı “haqq” almayıb! “Azərsu” , “ Azəriqaz” 13-cü ildir qanunsuz sayğac haqqı tələb edib, Qarabağ qazisinin sahibkarlıq hüququna qadağa qoyub. “Azərsu” 2 ildir məhkəmə qərarını da icra etməkdən imtina edir, “smart” su sayğacının kartını 2 ildir vermir! Telefon xidməti eyni nömrəyə görə 2 dəfə (?) çəkiliş haqqı alır, NRYTN rəhbərliyi, Ombudsman Aparatı, hüquq mühafizə orqanları bu “ikili” özbaşınalığa haqq qazandırır! Ümumiyyətlə, istehlakçıların hüquqlarının müdafiəsindən daha çox, belə müdafiənin olmamasından danışmaq daha düzgün olar.
İqtisadiyyat Nazirliyi bütövlükdə vətəndaşlara xidməti ilə seçilsə də, yanındakı Əmlak Məsələləri Dövlət Xidmətinin, Vergi Xidmətinin və digərlərinin köhnədən qalma “vərdişləri” əhalini narazı salır. Təsəvvür edin, “Əmlak Xidmətləri Məkanı” bir ildir arayış haqqı alsa da, hələ də nə arayışı verib , nə də pulu qaytarır! (?) Vətəndaşlara belə “əmlak xidməti” ilə necə xidmət etmək mümkündür? Əmlak Məsələləri Dövlət Xidməti əmlakın icarəyə verilməsində də rüşvət ayrı-seçkiliyinə yol verir, hətta məhkəmə qərarını belə illərdir icra etmir. Təsəvvür edin, borclu ƏMDX məhkəmə qərarından 2 il sonra əmlakı tələbkar Qarabağ əlilinə yox, 14 yaşlı uşağın adına saxta şəhadətnamə ilə sənədləşdirib ! (?) Belə məhkəmə -hüquq sistemi ilə yalnız Avropa Məhkəməsi yolu ilə əmlak , hüquq yiyəsi olmaq olar. Kiçik və orta biznesin inkişafı Agentliyinin sahibkarların müdafiəsində mühüm rolunu vurğulayıb, vətəndaşların müraciətlərinə baxılmasının da yaxşı təşkil olunduğunu demək olar. İstehlak bazarında da “koronavirus bazarı” hökm sürür. Təsəvvür edin, zəncəfilin qiyməti 12-20 manat arası dəyişir! Guya virusa əlacdır. Elə vaxtaşırı bəzi meyvələrin, dərmanların qiymətinin “kəllə-çarxa” qaldırılması da virusla bağlıdır.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin vətəndaş müraciətlərinə diqqətlə yanaşması özəl diqqət çəkən məqamlardandır. Nə yazıq, PA-nın vətəndaşların müraciətləri və sənədlər ilə iş şöbəsi haqqında bu fikirdə olmaq mümkün deyil. Vətəndaşa diqqətsizliyin kökündə da elə müraciətinə cavab verməmək dayanır.
2021-ə qalib xalq kimi giririk . Qaliblik hissi qürurvericidir. Bu qüruru hər sahədə yaşamaq ümidi qədəm qoyduğumuz ilə qalır. Ümidlər doğrulacaqmı ?

Məğrur Bədəlsoy
P.S. Əvvəllər imzadan sonra “Qarabağ hələ də işğaldadır” yazardıq. Nə mutluyuq ki, indi qürurla deyirik və yazırıq : QARABAĞ AZƏRBAYCANDIR!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.