Azərbaycanda yumurta qıtlığı - SƏBƏB

19-01-2021, 09:10           
 Azərbaycanda yumurta qıtlığı - SƏBƏB
Dekabrın sonu, yanvarın əvvəlindən etibarən Azərbaycanda müəyyən qədər yumurta qıtlığı müşahidə olunmaqdadır. Əksər iri marketlərdə yumurta günlərlə olmur, gələndə isə çox tez bitir. Müxtəlif marketlərdə apardığımız söhbətlərdən məlum olur ki, istehsalçı quşçuluq fabriklərindən yumurta çox az sayda, əvvəlkindən iki-üç dəfə uzun fasilələlərlə verilir. Bir çox satış nöqtələrində qıtlıqdan istifadə edərək qiyməti 20-21 qəpiyə qədər bahalaşdırıblar.

Aldığımız məlumata görə, yumurta istehsalçısı olan müəssisələrin bir neçəsində toyuqlar arasında xəstəlik yayılıb. Öldürücü olmayan bu xəstəlik toyuqların 2-3 həftə ərzində yumurtadan kəsilməsinə gətirib çıxarır. Mənbənin dediyinə görə, dekabrdan başlayan xəstəliyin pik dövrü arxada qalıb, yaxın 1-2 həftə ərzində yumurta qıtlığı aradan qalxacaq.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkədə hər hansı yumurta qıtlığı olmadığını deyir: “Mən də bu gün bütün böyük marketlərə baxmışam, yumurta var hamısında. Hər hansı xəstəlik-filan yayılmayıb. Əvvəla, tələbat çoxdur, ikincisi, yumurta istehsalı üçün zəruri olan bütün yem və yem əlavələri bahalaşıb. Biz onların hamısını xaricdən alırıq. Ötən ilin iyunundan başlayaraq, xaricdə bu məhsulların qiyməti arta-arta gedir. Buna görə də ola bilsin ki, kiminsə lazım olan qədər yem əlavəsi almaq imkanı olmur. Bu isə məhsuldarlığa təsir edir, yumurta istehsalı aşağı düşür”.

A.Vəliyev bildirir ki, yem və yem əlavələrinin bahalaşması Azərbaycanda benzin və dizelin bahalaşması ilə qətiyyən bağlı deyil: “Bahalaşmanın əsas səbəbi mənbə ölkələrində yem və yem əlavələrinin bahalaşmasıdır. Soyadan tutmuş qarğıdalıya qədər, bütün yem və yem əlavələri hazırlanan məhsulların qiymətində artım var. Bu da istər-istəməz qiymətlərin bahalaşmasına səbəb olur”.

Onu da qeyd edək ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən dünya bazarında Taxıl Qiymət İndeksi dekabrda əvvəlki ayla müqayisədə 1.1 faiz, 2020-ci ildə isə 6.6 faiz yüksəlib. 2019-cu illə müqayisədə 2020-ci ildə qarğıdalı və buğda ixrac qiymətləri müvafiq olaraq 7.6 faiz və 5.6 faiz bahalaşıb. Argentinadakı tətillər səbəbindən qismən yüksələn beynəlxalq soya yağı qiymətləri indeksi 2020-ci ildə 19.1 faiz artıb. Bu isə Azərbaycanda quşçuluq təsərrüfatlarının xərclərinin ciddi şəkildə artması deməkdir.

Məlumdur ki, Azərbaycan ölkə olaraq təbii yem ehtiyatları məhdud olan ölkələr qrupuna aiddir. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, hazırda təbii yem mənbələrinin ümumi heyvandarlığın yemlə təminatında payı cəmi 5,2 faizdir. Sənaye yemlərinin payı isə 2,2 faizə çatır. Heyvandarlıqda yemlə təchizatda əsas ağırlıq taxıl və taxıl məhsullarının, həmçinin ot yeminin üzərindədir. Mərkəz hesab edir ki, Azərbaycan rəqabətqabiliyyətli heyvandarlığı inkişaf etdirmək üçün bundan sonra intensiv ferma modelini və cənaye üsulu ilə quşçuluq istehsalını genişləndirməlidir. Bunun üçünsə dövlətin sənaye üsulu ilə yem istehsalını dəstəkləməsinə ehtiyac var. Yəni biz təbii səbəblərdən örüşlərin sahəsini artıra bilməsək də, sənaye üsulu ilə yem istehsalını artıra bilərik.

ATM-in apardığı qiymətləndirmələrə görə, ölkədə sənaye üsulu ilə yem istehsalı potensialı 900 min tondur. Hazırda ölkədə 700 min tona yaxın belə yem istehsal olunur. Bunun təxminən 400 min tonu quşçuluq sektorunun tələbatını ödəməyə yönəldilir. Təxminən 300 min tonu isə heyvandarlıq təsərrüfatlarına yönəldilir. Ümumi istehsal olunan yemin 300 min tonu bazarda reallaşır, 400 min tonunu təsərrüfatlar öz ehtiyaclarının qarşılanmasına sərf edirlər. Hesablamalar göstərir ki, intensiv fermalar və sənaye üsulu ilə quş istehsalında ətin maya dəyərinin 65 faizini sənaye yemi təşkil edir. İntensiv fermalarda və sənaye üsulu ilə quş istehsalı müəssisələrində əldə olunan süd və yumurtanın maya dəyərinin 70 faizi belə yemin payına düşür. Bu baxımdan, idxal olunan sənaye yeminin qiymətindəki artım dərhal son məhsulda - yumurtada özünü büruzə verir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda yumurta ilə özünütəminat səviyyəsi 2016-cı ildəki 98, faizdən 2019-cu ildə 101,8 faizə çatıb. Belə ki, 2016-cı ildə adambaşına yumurta istehlakı 156 ədəd idisə, 2019-cu ildə bu, 165 ədəd olub. 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox - 1 milyard 748 milyon 339 min ədəd yumurta istehsal olunub. Ötən ilin yanvar-noyabrında cəmi 123,2 min ədəd təzə toyuq yumurtası idxal olunub, ixrac olmayıb.

Xatırladaq ki, 2016-cı ildən etibarən Azərbaycanda yumurta idxalına əlavə rüsum təyin olunub. 2019-cu ildə ölkə Prezidentinin fərmanı ilə təsdiqlənən Vergi Məcəlləsinə dəyişikliklərə əsasən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin satış dövriyyəsi ƏDV-dən azad edilir. Azadolma dövrü 4 illik müddəti əhatə edəcək.

Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılıb. Quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Məcəlləyə edilən dəyişikliklə bu müddət daha 4 illiyə artırılıb.
“Yeni Müsavat”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.