“Virusa” yoluxan TƏBİB və Səhiyyə Nazirliyində peyvənd müəmması

22-01-2021, 00:52           
“Virusa” yoluxan TƏBİB və Səhiyyə Nazirliyində peyvənd müəmması
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. İlk olaraq peyvəndləmə prosesinə Səhiyyə naziri Oqtay Şirəliyevdən və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlıdan başlanılıb.

Daha sonra proses Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarında davam etdirilib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli və universitet rəhbərliyində təmsil olunan şəxslər peyvənd olunublar.

Bu, vaksinasiya prosesində ictimaiyyətə açıqlanan ilkin məlumatlardır.

Maraqlıdır, 4 gün ərzində nə qədər səhiyyə işçisi peyvəndlənib? Gündəlik statistika ictimaiyyətə niyə açıqlanmır?

Redaksiya sözügedən sorğu ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.

TƏBİB-in ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış məsələ ilə bağlı bizi Səhiyyə Nazirliyinə yönləndirib:

“Səhiyyə Nazirliyindən soruşun. Bakı şəhəri üzrə peyvəndləməni nazirlik aparır”, – deyə TƏBİB rəsmisi cavablandırıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyevin isə cavabı belə olub:

“Peyvənd olunan şəxslərin məlumatları TƏBİB-in sistemində işlənilir. Onlardan soruşun”.
Göründüyü kimi, TƏBİB və Səhiyyə Nazirliyi Azərbaycan səhiyyəsinin hansı “virus”a yoluxduğunu gündəlik açıqlamalarında hiss etdirir.

Pandemiya dövründə insanların kabusuna çevrilən hər iki qurum məsuliyyətlərini bir-birlərinin üzərinə atmaqla cəmiyyətə xidmət yolunu etinasızlıq prinsipi ilə seçirlər. Ölkənin gərgin epidemioloji durumunda və ilkin vaksinasiya dövründə hər iki qurum ictimaiyyəti birbaşa maarifləndirmək əvəzinə, xidmətlərini “siçan-pişik” oyunu ilə nümayiş etdirirlər. /bizim.media/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.