"Azəriqaz"ın sayğac siyasəti haqda: Həmin koordinat, həmin dalğadır...

2-02-2021, 16:21           
"Azəriqaz"ın sayğac siyasəti haqda: Həmin koordinat, həmin dalğadır...
"Azəriqaz" təbii inhisar subyektinin saytında yalnız bir növ sayğac, “İTRON” firmasının istehsalı olan smartkart tipli sayğac haqqında məlumat var. Hansı ki, bunlar da mexaniki-elektron tipli ilə əvəz olunmağa başlayıb. Qalan sayğaclar haqqında məlumatlar rəsmi resursdan yığışdırılıb və ya ümumiyyətlə belə məlumatlar saytda açıqlanmayıb".
AFN xəbər verir ki, bunu Milli İnternet Forumunun prezidenti Osman Gündüz açıqlayıb. O xatırladıb ki, indi də "Azəriqaz" rəsmi olaraq 1 fevral tarixdən daha bir yeni növ sayğacların quraşdırılacağını açıqlayıb. Bu dəfə Almaniya istehsalı olan “Zenner” markalı sayğaclara üstünlük veriləcək: "Elan edilib ki, bu sayğacların zavod tərəfindən quraşdırılan proqram təminatına qurum tərəfindən müdaxilə edilib və yeni, əlavə yerli proqram təminatları quraşdırılıb.
Maraqli məqam odur ki, bu proqram təminatının kim tərəfidən hazırlanması, aidiyyatı dövlət qurumu tərəfindən audit edilməsi, hansı funksiyanı icra etməsi haqqında heç bir kəlmə açıqlanmayıb. Yenə də həmin koordinat, həmin dalğadır. Xidməti satan da özüdür, tərəzini alıb ona müdaxilə edən də özüdür, tərəzidə çəkən də özüdür, məlumatları emal edən proqram təminatını da özü hazırlayıb və alınan məlumatları da özü ötürür.
Odur ki , biz yenə o fikirdə qalırıq ki, yuxarıda sadalanan funksiyalar xidməti verənin özündə qalacaqsa hansı tip sayğacın qoyulmasından asılı olmayaraq, istehlakçının şübhələnməsi üçün həmişə əsaslar olacaq. Çünki bu tip sistemin özü, mahiyyəti bu cür şübhələrə əsas yaradır".

Ekspert bildirib ki, bundan əvvəl də hökumətə çıxış yolu təklif olunub: "Təkidlə hökumətdən xahiş və tələb edirik ki, hər üç təbii inhisar subyektinin - "Azəriqaz", "Azərişıq" və "Azərsu"nun bütün sayğac əməliyatları, sayğac infomasiyalarının əldə edilməsi və emal olunması, hər üçü vahid informasiya sistemində birləşdirilərək, vahid şəxsi kabinet yaradılaraq digər bir quruma, məsələn, "ASAN Kommunal"a verilməlidir. Ola bilər ki, bu informasiya sisteminin operatoru digər bir dövlət qurumu olsun, hesablamalar isə ASAN Kommunalda gedə bilər. İstənilən halda, "tərəzi" məsələsinin xidməti təqdim edən inhisarçıda qalması hər zaman problemlər yaradacaq. Vətəndaşlar yalnız bir pəncərədən, bir şəxsi kabinetdən istifadə edərək hər üç xidməti uzaqdan idarə etməli və onlayn nəzarət etməlidir.
Ümid edirəm Antiinhisar Dövlət Xidməti hazırda "Azəriqaz"da və digər təbii inhisarlarda tətbiq edilən bütün növ sayğaclar haqqında məlumatların qurumların saytında yerləşdirilməsini təmin edəcək".

Mövzu ilə bağlı AFN-in sorğusunu cavablandıran "Azəriqaz" İB mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bu iradlarla razı olmadığını bildirdi: "Sayğaclarla bağlı mətbuatda ətraflı məlumat gedir. İyul-iyun ayında bu sayğaclar sınağa gətirilərkən məlumat vardı, sayğaclar haqqında videoroliklər hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb. Bundan əlavə, biz artıq bir həftədir ki, geniş məlumatları mətbuatda dərc edirik, TV-lərdə gedir. Kim məlumatsızdırsa, biz o barədə bir söz deyə bilmərik. Lakin bu barədə ətraflı məlumat biz tərəfdən yayımlanıb, heç bir qaranlıq məsələ qalmayıb. Sayğacların xüsusiyyəti haqda da, istehsalçısı haqda da, proqram təminatı haqda da bütün ictimaiyyətə məlumat verilib".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.