"Mənim "övladlarım" həbs olunublar, erməni bu cür hərəkət etməz" - ETİRAZ

4-02-2021, 10:37           
"Mənim "övladlarım" həbs olunublar, erməni bu cür hərəkət etməz" - ETİRAZ
Azərbaycan Rəssamlar və Reklamçılar İttifaqının üzvü, ilk keçəçi rəssam, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, yüzlərlə əsərin müəllifi olan Rauf İsmayılovun bir müddətdir ki, yaradıcılıq emalatxanası əlindən alınıb.

O özü bu haqda Moderator.az-a açıqlama verib.

“Emalatxana Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində yerləşir. Bu emalatxana 25 ildən artıqdır dostluq etdiyim rəssam Vaqif Məmmədovun şəxsi mülkiyyəti olub. O kimsəsiz biri idi, heç kimi yox idi. Uzun illər idi ki, bu adam şəkərli diabet, ürək xəstəliyindən əziyyət çəkirdi. Elə oldu ki, Vaqif 2015-ci ildə dünyasını dəyişdi. Dünyasını dəyişməzdən 1 il öncə mən ona qəyyumluq edib, sözün əsl mənasında qulluq göstərirdim, öz vəsaitim hesabına dərmanlarını alırdım və s. Dünyasını dəyişəndə xəstəxananın morquna qoymuşdular ki, yaxınları gəlsin. O ərəfədə heç kim gəlmədi, çünki Vaqif dəfələrlə mənə heç kəsinin olmadığını demişdi. Xəstəxanada bildirdim ki, onun yaxını mənəm və çox çətinliklə də olsa onu morqdan götürüb dəfn etdirdim. Hətta məclisini də təşkil etdim, ehsan süfrəsi verdim. Rəssamlar İttifaqının köməyilə qəbirüstü abidəsini hazırlatdım. O vaxt heç kim peyda olmamışdı ki, mən bunun qohumuyam” - deyə Rauf İsmayılov bildirib. Rəssam daha sonra əlavə edib.

“ Üstündən 2 il 7 ay keçəndən sonra bir nəfər Səkinəxanım Məmmədova adlı qadın peyda oldu ki, mən Vaqifin bacısıyam. Sən demə bunlar artıq məhkəmənin köməyi ilə qanunsuz vərəsə kimi sənəd də düzəldiblər. Qanun məcəlləsində belə bir maddə var ki, 3 ay müddətində vərəsə gəlməsə o vərəsəlik hüququndan məhrum olunur. Bütün bunlara əsəblərim dözmədi, ürək xəstəliyi tapdım, ağır əməliyyat keçirdim. Xəstə yatağında mənə zəng edib dedilər ki, gəlin hər şeyinizi götürün emalatxanadan. Mən isə əməliyyat olunmuşdum, yerimdən tərpənə bilmirdim. Bunlar mənsiz gəlib giriblər emalatxanaya, oranın açarını dəyişib gediblər. Vərəsə kimi iddia qaldıran qadın deyir ki, mən onun bacısıyam, amma o necə bacıdır ki, ata adları fərqlidir? Məhkəmə də bunların xeyrinə qərar çıxarıb. Həm Sabunçu rayon, həm də Xətai rayon İcra və probasiya şöbəsində mənim emalatxanadan çıxmağımla bağlı qərar qəbul edilib. Təbii ki, bu haqsız qərardır və qanunsuzdur. Mənim bütün əsərlərim emalatxanada qalıb. Bir sözlə həbs olunublar. Mən Vaqifin vaxtında heç vaxt fikirləşmirdim ki, çörək kəsdiyim dostuma deyim ki, sən gəl mənə sənəd ver, bu emalatxana mənə qalsın. Hətta Rəssamlar İttifaqından da aidiyyatı orqanlara müraciət etmişdilər ki, emalatxana bizə qalsın” deyə rəssam bildirib.

Rauf İsmayılov sonda prezidentə müraciət etdiyini də bildirib.

“ Məsələ ilə bağlı cənab prezidentə və xanımı Mehriban Əliyevaya da müraciət etmişəm. Onların humanist və ədalətli olduğuna əsaslanaraq bu məsələyə müdaxilə etməklərini xahiş etmişəm. 2 aydır mən emalatxanadan uzaq düşmüşəm. Hər gün oturub fikirləşirəm ki, görəsən əsərlərimin vəziyyəti necədir? Mənə sual verəndə hər dəfə deyirəm ki, əsərlərim övladlarımdır. Mənim "övladlarım" həbs olunublar, erməni bu cür hərəkət etməz. Onu da bildirim ki, mən Azərbaycanda ilk və yeganə keçəçi rəssamam. Əsərlərim BMT-nin keçmiş baş katibi Butros Butros-Qaliyə, Türkiyənin keçmiş baş naziri Məsud Yılmaza, 2 dəfə Ulu Öndər Heydər Əliyevə və Heydər Əliyev Fonduna hədiyyə olunub. Yeganə rəssamam ki, YUNESKO-nun üzvüyəm. 4 dəfə Bakıda, ABŞ-da, Türkiyədə, Kiprdə fərdi sərgilərim olub. Bir sözlə, yaradıcılıqla məşğul olan bir insan emalatxanasız qalmalıdır? Rəssamlıq sənətindən və elmindən başı çıxmayan bir adam, özünü bacı kimi təqdim edən şəxs rəssamlıq emalatxanasına sahib olmalıdır? Emalatxanada “Mehriban” adlı rəssam qrupum var, mən uşaqlarla təmənnasız məşğul oluram.” deyə Rauf İsmayılov bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.