İcbari tibbi sığortanın tətbiq edilmədiyi şəhərlərdə sığorta haqqının toplanmasının səbəbi

5-02-2021, 07:14           
İcbari tibbi sığortanın tətbiq edilmədiyi şəhərlərdə sığorta haqqının toplanmasının səbəbi
Şəxsiyyət vəsiqəsində Bakı qeydiyyatı yazılmış icbari tibbi sığorta haqqı tutulduğu iddia edilir.
Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

Qanunvericiliyə əsasən 1 aprel 2021-ci il tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunacaq.

Məsələ ilə bağlı Bizimyol.info-nun sorğusuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən cavabda sığorta haqqının yanvar ayından toplanılmasına səbəb bəzi əmək müqaviləsi ilə işləyən şəxslərin çalışdıqları inzibati ərazi ilə qeydiyyatda olduqları inzibati ərazinin eyni olmadığı qeyd olunub.

Agentlikdən bildirilib ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bütün ölkə üzrə 1 yanvar 2021-ci il tarixindən etibarən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb.

“Bakıda icbari tibbi sığortanın tətbiqinə cari ilin aprel ayından başlanılacaq. Sığortahaqqının isə yanvar ayından toplanılmasına səbəb bəzi əmək müqaviləsi ilə işləyən şəxslərin çalışdıqları inzibati ərazi ilə qeydiyyatda olduqları inzibati ərazinin eyni olmamasıdır. Bu səbəbdən icbari tibbi sığorta haqlarının mərhələli şəkildə toplanılmasını həyata keçirmək praktik olaraq mümkün deyil.

Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığortanın tətbiq ediləcəyi tibb müəssisələrini göstərdikləri tibbi xidmətlərin həcminə əsasən maliyyələşdirəcək. Belə ki, icbari tibbi sığortanın tətbiq ediləcəyi və edilməyəcəyi ərazilərdə fəaliyyət göstərən tibb müəssisələri arasındakı əsas fərq onların maliyyələşdirilməsi mexanizmi ilə bağlı olacaq. İcbari tibbi sığorta tətbiq edilməyən tibb müəssisələrində isə maliyyələşmə müəssisənin saxlanma xərcləri üzrə aparılacaq”,-deyə Agentlikdən bildirilib.

Agentlikdən qeyd edilib ki, hazırda Xidmətlər Zərfindən icbari tibbi sığortanın tətbiq edildiyi 59 şəhər və rayonda rəsmi qeydiyyatda olan əhali istifadə edir. 7 şəhər və rayonda (Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa) icbari tibbi sığorta tətbiq edilmədiyi halda da vətəndaşlar mövcud qanunvericiliyə əsasən dövlət tibb müəssisələrinə müraciət edərək tibbi xidmətlərdən yararlana bilərlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.