Əjdər Olun sözü çox zaman Səlim Müslümov üçün son qərar olub - TƏFƏRRÜATLAR

11-02-2021, 00:43           
Əjdər Olun sözü çox zaman Səlim Müslümov üçün son qərar olub - TƏFƏRRÜATLAR
Bu gün məni ən çox qıcıqlandıran problemlərdən biri bəzi adamların hər məsələ barədə “peyğəmbərlik” etməsidir. Başı çıxdı-çıxmadı, dəqiq məlumatı var, ya yox, elə danışırlar. Amma bilmirlər ki, bəsit və savadsız danışıqları ilə o adamlar özlərini daha çox gözdən salırlar. Belə “qəhrəmanlardan” biri də keçmiş vəkil Aslan İsmayılovdur. Mənim bu adam haqqında qənaətim hər zaman mənfi olub. Çünki onu sabitqədəm hesab etmirəm. Və ən pisi də odur ki, onun vəkillik fəaliyyəti dövründə hansısa müvəkkili ilə sona qədər yola getdiyini və aldığı pullar müqabilində hansısa köməklik göstərdiyini nə eşitmişəm, nə də görmüşəm. Bəlkə elə bu xüsusiyyətinə və haqqındakı şikayətlərə görə onu Vəkillər Kollegiyasından xaric ediblər.

Bu yaxınlarda Aslan İsmayılov haqqında bir jurnalist həmkarımın hazırladığı 30 dəqiqəlik araşdırma materialına baxandan sonra isə bu adamdan tamamilə əlimi üzdüm. Aslan İsmayılov hər zaman imkanlı adamların “kompromat çamadanı” olub. İşi-gücü də kimlər haqqındasa artıq-əskik danışmaq olub.

Köhnə şakərindən hələ də əl çəkməyən Aslan İsmayılov bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq Aparat rəhbəri Əjdər Ol haqqında danışır. Deyir ki, “Əjdər Olun bəlkə də heç Səlim Müslümovun bütün maxinasiyalarından, yeyintilərindən xəbəri olmayıb. Ancaq az bir hissəsini bilib, lakin buna baxmayaraq, onun yanında olmağın özü belə şairlik, yazıçılıq və ziyalılıqla bir araya sığmır”.

Bu fikirlə tanış olandan sonra mən bir şeyi anlamadım ki, Aslan İsmayılov əslində Əjdər Olu müdafiə edir, yoxsa qınayır. Deyir ki, Əjdər Olun Səlim Müslümovun bütün maxinasiyalarından xəbəri olmayıb. Soruşuram: Ay Aslan bəy, hardan bilirsən? Sən hüquqşünassan. Gərək yüz faiz bilmədiyin məsələni dilinə gətirməyəsən. Çünki deyilən hər sözün ən azı sosial-mənəvi məsuliyyəti var. Və sənin dediyindən belə çıxır ki, Əjdər Ol nahaqdan həbs olunub. Soruşuram: Bu əminlik səndə hardandır? Yoxsa özünə Əjdər Olun simasında “kliyent” axtarırsan? Və yaxud özünü kimlərinsə yadına salırsan?

Bilmirəm… Bildiyimsə odur ki, “od olmayan yerdən tüstü” çıxmaz. Bu gün Azərbaycandakı idarəetmə sisteminə bələd olan hər kəs bilir ki, nazirlikdə aparat rəhbəri nazirin ən yaxın adamı olur. Və onlar nazir müavinlərindən də üstün səlahiyyətlərə sahibdirlər. Təkcə elə bir faktı deyim: Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun fəaliyyəti və törətdiyi əməllər göz önündədir. O, sözün tam mənasında nazirliyin “qara kassası” olub. Və dolayısı ilə nazirliyi uzun illər məhz Vidadi Zeynalov idarə edib. Bütün bunları bilə-bilə Aslan İsmayılov hansı əsasla deyir ki, Əjdər Olun Səlim Müslümovun bütün maxinasiyalarından xəbəri olmayıb.

Amma mən deyirəm ki, olub. Çünki xəbəri olmasaydı, Əjdər Ol həbs olunmazdı. Üstəlik, bilirəm ki, Səlim Müslümovla Əjdər Ol arasında uzun illərə söykənən dostluq əlaqələri var. Səlim Müslümov hələ Maliyyə Nazirliyində idarə rəisi işləyəndə Əjdər Ol da o zaman nazirliyin mətbuat xidmətinin rəhbəri idi. Və mən dəfələrlə şahidi olmuşdum ki, onlar arasında isti münasibətlər var. Onlar həm də bir-birilərinə həmyerli kimi hörmət edirdilər. Amma etiraf edim ki, Əjdər Ola heç zaman qanım qaynamayıb. Özü yazı-pozu adamı olsa da, heç vaxt bu sahənin adamlarına hörmətlə yanaşmayıb. Əksinə, onlara yuxarıdan aşağı baxıb. Amma onun əksinə olaraq Səlim Müslümov hər zaman mətbuata açıq adam olub. Ən azı tədbirlərdə rastlaşdığı jurnalistlərə təbəssümlə salam verib keçib. Və eşitdiyimə görə, ona nə iləsə bağlı müraciət edən söz adamlarına da öz köməyini əsirgəməyib. Lakin Əjdər Ol onun kimi səmimi olmayıb.

Yadımdadır ki, vaxtilə Əjdər Ol AzTV-də veriliş aparırdı. Həmin verilişin rejissorunun DSMF ilə bağlı hansısa problemi vardı. O zaman Əjdər Ol ona köməklik göstərmədi. Halbuki Əjdər üçün rejissorun xahişi çox xırda məsələ idi. Lakin o xırda məsələni belə Əjdər Ol həll etmək istəmədi. Amma mən dəfələrlə şahidi olmuşam ki, əksər məsələlərdə Səlim Müslümov Əjdər Olla məsləhətləşirdi. Və Əjdərin sözü çox zaman son qərar olurdu. Üstəlik, Əjdər bütün nəslini DSMF-ə, daha sonra isə ƏƏSMN-ə yığmışdı. Bir sözlə, Əjdər Ol Səlim Müslümovun rəhbərlik etdiyi bütün strukturlarda hər zaman söz sahibi olub. Ona görə də Səlim Müslümovun həbsindən həmən sonra Əjdər Olun da saxlanılması məntiqi baxımdan qanunauyğundur. Amma Aslan İsmayılov nəyə arxalanıb ikibaşlı fikirlər səsləndirir, bax, onu bilmirəm?!

Yeri gəlmişkən, Aslan İsmayılovun yuxarıda qeyd etdiyim müsahibəsində bir fikrə də münasibət bildirmək istəyirəm. O deyir ki, “Bizim əsas problemimiz ölkədən oğurlanan milyardlar yox, aşınmış mənəviyyatımız, oğru ziyalılarımız, “reket jurnalistika”mızdır. Əgər bunlardan canımızı qurtarmasaq, heç bir milyardlar bizi xilas etməyəcək, xoş gələcəyə aparmayacaq”.
Aslan İsmayılov artıq bu vəziyyətdə nə dediyini heç özü də bilmir. “Oğru ziyalı” deyəndə kimləri nəzərdə tutur? Əgər bir adam oğrudursa, deməli, onun adı elə oğrudur də… Oğrunun da ziyalısı olur bəyəm? Bəlkə Aslan İsmayılov özü kimiləri nəzərdə tutur? İnanmıram. Çünki o, hüquqşünasdır, elə-belə ip ələ verməz. Amma mən Aslan İsmayılovu “oğru ziyalı” sayıram. Mən bilən, onun 20 ildən artıqdır real gəliri yoxdur. Amma milyonluq villada yaşayır. Özü və oğlu “Qalik” və “Mazeratti” sürür. Maraqlıdır, “çistıy paqon, çistıy sovest” havasıyla danışan Aslan İsmayılovda bu qədər var-dövlət hardandır?

Və bütün bunların üstündən cəmiyyəti “oğru ziyalılar”a və “reket jurnalistika”ya bölür. Yenə təkrar edirəm: ziyalı elə ziyalıdır. Hər qalstuk taxan və ali təhsilli adama Aslan bəy ziyalı deyirsə, onda mənim ona deyəcək heç bir sözüm yoxdur. Çünki bu gün ziyalılar həyatın dibində sürünür, ayda 200-300 manatla yaşam mübarizəsi aparırlar.

O ki qaldı onun “reket jurnalistika” fikrinə, mən bu cür yanaşmanı da doğru hesab etmirəm. “Reketçilik” tamam başqa şeydir. Aslan bəy özü “rossiyski parindi”. Rusiyada reketçiliyin tarixi 30 ildən artıqdır. Və ordakı “reket” dəstələrinin üzvləri bəy kimi dolanırlar. Və ayda əllərindən yüz minlərlə dollar pul gəlib-keçir. Aslan İsmayılovun “reket jurnalistlər” dediyi adamlar isə acından günorta duran, dilənçiliklə aya 200-300 manat pul toplayan adamlardır. Çünki Azərbaycan cəmiyyətində ziyalıların da, jurnalistlərin də ən yüksək qonorarı cəmi-cümlətanı 200-250 manatdır. Mən 35 ildir mətbuat camiəsindəyəm. 20-ci əsri demirəm, son 20 ildə hansısa qəzet jurnalistinin hansısa məmurdan 50 manatdan artıq pul aldığını nə eşitmişəm, nə də görmüşəm. 50 manatsa “Korrupsiya haqqında” Azərbaycan Respublikasının Qanununa görə rüşvət sayılmır. Doğrudur, bu gün “reketçilik” bizim cəmiyyətimizdə də var. Amma onlar jurnalistlər deyil, dövlət orqanlarının qırmızı vəsiqəsini cibində gəzdirən bəzi məmurlardır. Jurnalistlər olsa-olsa zavallı və səfil həyat keçirən, təsadüflərlə ailə saxlayan insanlardır. Baxmayaraq ki, mətbuat cəmiyyətin güzgüsüdür, təəssüf ki, Azərbaycan cəmiyyətində mətbuatı, daha doğrusu, güzgünü çoxdan sındırıblar. Ona görə də cəmiyyətimizdəki “eybəcərlikləri” demək Aslan İsmayılov kimilərinin “üzərinə düşüb”. Çox təəssüf…

Surxay Atakişiyev,

KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.