Keçmiş bələdiyyə sədrindən Baş Prokurora şikayət - Şəhid ailəsinin torpağını satdı...
13-02-2021, 12:18

Cəlilabad rayon Muğan kənd sakini, eyni zamanda, Muğan kənd orta məktəbinin riyaziyyat müəllimi Rəhimov Hacı redaksiyamıza şikayət məktubu göndərib. H.Rəhimov məktubunda Muğan kəndinin keçmiş bələdiyyə sədri, hazırda bələdiyyədə mühasib işləyən Rasif Həsənov tərəfindən ona qarşı haqsızlıq edildiyini bildirib. Şikayətçi bununla bağlı Baş prokuror Kamran Əliyevdən kömək istəyib.
“Mən 42 ildir müəllim işləyirəm. Vətən müharibəsində qardaşım oğlu leytenant Tural Rəhimov şəhid oldu. R.Həsənov kimi adamlar üçün şəhid ailəsinin problemi yox, pul vacibdir. Belə adamlar pula görə vətəni də satar”
Müraciətdə deyilir:
Hörmətli Cənab Baş Prokuror”
Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən pay torpağım iki koordinatla qeydə alınıb. 30 sotu kəndə yaxındır, 1 hektar 40 sotum isə kənddən 15 kilometr kənarda yerləşir. Pay torpağımı sənədləşdirmək üçün Reyestr və Kadastr idarələrinə müraciət etdim. Araşdırmalar nəticəsində məlum oldu ki, 1 hektar 30 sot torpağım onların balansına 1 hektar 10 sot olmaqla yerləşdirilib. Mən kömək üçün Muğan kənd bələdiyyəsinin keçmiş sədri, hazırda bələdiyyədə mühasib işləyən Rasif Həsənova müraiət etdim. R.Həsənov mənə kömək etmək əvəzinə torpağımın qeydə alınmayan 30 sotunu və digər ərazilərdən daha 70 sot torpaq əlavə edərək ümumilikdə 1 hektar torpağı Maşlıq kənd sakini Cavanşir Hüseynova qeyri-qanuni satdı.
Hörmətli Cənab Baş Prokuror!
Rasif Həsənova bu cür əməllərinə görə dəfələrlə Baş Prokurorluqda cinayət işi açılsa da, hər dəfə o, “sehirli qüvvələrin” köməyi ilə “sudan quru çıxmışdır”. Bu adam yaşadığımız kənddə ancaq adamları bir-birinə qarşı qoymaqla məşğuldur. Bələdiyyənin 100 hektarlarla torpaqlarını qeyri-qanuni istədiyi adamlara satıb. Bir sözlə, Rasif Həsənovun işi vətəndaşları dövlətdən narazı salmaqdır. R.Həsənov bu gün həbs edilən nazirlərdən daha təhlükəlidir. Lakin kiçik vəzifə daşıdığı üçün korrupsioner əməlləri o qədər də gözə çarpmır.
Hörmətli Cənab Baş Prokuror!
Mən 42 ildir müəllim işləyirəm. Vətən müharibəsində qardaşım oğlu leytenant Tural Rəhimov şəhid oldu. R.Həsənov kimi adamlar üçün şəhid ailəsinin problemi yox, pul vacibdir. Mən bir şəhid əmisi kimi dövlətin məmurundan kömək istədim, o, isə bundan istifadə edərək haqqı, ədaləti pula satdı. Belə adamlar pula görə vətəni də satar. Maraqlı olan odur ki, rayon rəhbərliyi belə korrupsioner məmurları özünə necə yaraşdırır? Bu torpağı islahat komissiyası pay torpağı kimi mənə verib. Müraciətim əsasında kadastr idarəsinin iki mütəxəssisinin iştirakıyla araşdırma aparılıb və məlum oldu ki, 1 hektar 40 sot torpağımın yerində cəmisi 76 sot torpağım qalıb. Sizdən xahişim odur ki, mənim problemimin həll edilməsi üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.
Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.
Məsələylə bağlı R.Həsənovun da mövqeyini işıqlandırmağa hazırıq.
Teref.az
