Pandemiyada da xaricə axan milyardlar: - “Azərbaycanda risk dərəcəsi yüksəkdir”
1-04-2021, 19:54

2020-ci ildə Azərbaycandan 4 milyard 472,2 milyon dollar məbləğində kapital çıxarılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
2019-cu ildə Azərbaycandan 3 milyard 222,1 milyon dollar məbləğində kapital çıxarılıb. Beləliklə, hesabat ilində Azərbaycandan kapitalın çıxarılma həcmi 38,8% artıb.
Həmçinin birinci rübdə çıxarılan kapitalın həcmi 990 milyon dollar, ikinci rübdə 854 milyon dollar, üçüncü rübdə 1 milyard 559,1 milyon dollar, dördüncü rübdə 1 milyard 69,1 milyon dollar təşkil edib.
AMB qeyd edir ki, 2020-ci il ərzində Azərbaycanın rezidentləri xarici kreditlər üzrə 0,5 milyard dollar (2019-cu ildə 474,7 milyon dollar) məbləğində faiz ödənişi həyata keçiriblər.
2019-cu ildə Azərbaycandan çıxarılan kapitalın həcmi 2018-ci illə müqayisədə 2,1% artıb.
Azərbaycandan kapital axınının əsas səbəbləri hansılardır? Bu faktor ölkəmizdə investitsiya mühitinin durumu ilə bağlı ola bilərmi?
İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda xarici valyutanın, xüsusilə ABŞ dollarının alışında ciddi artım var:
“Bu artım təxminən 30-40 faizə çatıb. Paralel olaraq banklarda yatırılan manat əmanətlərində sabitlik müəyyən qədər qorunub saxlansa da, dollar əmanətlərində 70 faizə qədər azalma var. Bu bankların aktivlərində özlərini göstərir. Görünən odur ki, Azərbaycanda orta və kiçik sahibkarlar daha çox xarici ölkələrdəki iqtisadiyyatlarda iştirakçıya çevrilməyə çalışırlar. Məsələn, Azərbaycan vətəndaşlarının 2020-ci ildə Türkiyədə daşınmaz əmlaka qoyduqları yatırım 2 dəfəyə qədər artıb. Avropanın bir sıra kiçik ölkələrində də azərbaycanlıların məzil aldıqlarını müşahidə edirik”.
İqtisadçı hesab edir ki, bu Azərbaycanda iqtisadi sabitliyin süni şəkildə qorunub saxlanmasının fəsadlarıdır:
“Eyni zamanda güvən və etibar indekslərinin aşağı düşdüyünü göstərir. Ətraf ölkələrdə - Rusiya, Türkiyə və Gürcüstanda, hətta Ermənistanda belə xarici şokların təsirindən milli valyutalarda dalğalanmalar var. Milli valyutaların dəyər itirməsi və ya dəyər qazanmasını müşahidə edirik. Amma son bir ildə Azərbaycan manatı ilə bağlı bu proseslərin heç biri baş vermir. Əlbəttə ki, bu yaxşı hal deyil. Çünki Azərbaycan manatı inzibati resurslar, əlavə vəsait sərf edilməsi hesabına xarici valyutalar qarşısında dəyərini sabit saxlayır. Nəticə etibarən ölkədə maliyyə sabitliyi ilə bağlı sərt risklər ehtimalları var”.
Razi Abbasbəyli bildirir ki, prosesi önləmək üçün ölkədə təbii maliyyə alətlərindən istifadə edilməlidir:
“Bazara sərbəstlik vermək lazımdır. Manat dəyər itirməlidir, bu bir realıqdır. Pandemiya və ticarət münasibətlərində volunterliyin aşağı düşməsi Azərbaycan kimi ölkələrdə milli valyutaların təsirlər qarşısında duruş gətirməsinin süni yolla təmin edilməsinin doğru olmadığını ortaya qoyur. Hesab edirəm ki, bundan sonra da proses davam edəcək. Azərbaycandan xarici valyuta axınları təkcə iri investitsiyalar formasında deyil, elektron ticarət vasitəsilə də baş verir. Yəni bu fiziki formada baş vermir”.
Maliyyə axınının ölkəmizdəki mövcud investitsiya mühiti ilə əlaqəsinə gəlincə, Razi Abbasbəyli deyir ki, bu faktor da var:
“Azərbaycanda investisiya mühiti ilə bağlı risk dərəcələri hələ də yüksək olaraq qalmaqdadır. Həm gömrük orqanları ilə bağlı lazım olan islahatlar həyata keçirilmir, həm vergi siyasəti ilə bağlı islahatlar ləngdir. Bu baxımdan da həm Azərbaycan bazarında iştirakçıya çevrilmək xarici investorların marağında deyil, həm də Azərbaycan investorları da burada hər hansı şəkildə maraqlı tərəfə çevrilmirlər. Nəticədə Azərbaycan yalnız tranzit hesabına – investirların ölkədən keçməklə başqa ölkələrə daşımalarından gəlir əldə edir”.