Qərargah toy bazarına bahalaşma gətirir: - “Müştərilər çalışacaq ki, arxalı sahibkarların restoranını seçsin”

22-06-2021, 16:01           
Qərargah toy bazarına bahalaşma gətirir: -
Azərbaycanda “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib və iyulun 1-dən etibarən toyların keçirilməsinə icazə verilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmalı, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportu tələb olunacaq. Bundan başqa, iyulun 1-dən bir sıra riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir; 2.5-3.2. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur; 2.5-3.3. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur; 2.5-3.4. şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) bu Qərarın 2.4-cü bəndinin tələblərinə cavab verməlidir; 2.5-3.5. şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir; 2.5-3.6. şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir; 2.5-3.7. şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn zəruri tədbirlərin görülməsini təmin edəcəklər.

Maraqlıdır toylar 300-500, bəzən 800 nəfər üçün nəzərdə tutulan şadlıq saraylarında 150 nəfərlə toy mərasimlərinin keçirilməsi toy bazarında restoran qiymətlərinə necə təsir göstərəcək? Restoran sahibləri qiymətləri qaldıracaqmı?

Məsələ ilə bağlı Cebhe.info- ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, toy biznesinin açılmasının hansısa fərqli nüansları il yarımdan sonra qarşımıza çıxacaq:

"Birincisi, son 1,5 ildə ərzaq qiymətləri ciddi artıb. Bu, həm ərzaq, həm qeyri-ərzaq bazarında bu müşahidə olunur. Yəni cehiz, mebel, məişət avadanlıqları qiymətlərində ciddi sürətdə artım var. Eyni zamanda toy menyularının qiymətində də bu qaçılmazdır. Xüsusən ötən illə müqayisədə dünyada ərzaq qiymətləri indeksi 35% qədər artıb. Biz gündəlik ərzaq qiymətlərində bu artımı hiss edirik. Ötən il 4 faiz inflyasiya olub və bu il ərzaq qiymətlərinin 5%-ə qədər artımı var. Bütün bunlar onsuz da menyu qiymətlərini artıracaq".

O qeyd edib ki, restoranlar pul qazanmaq üçün ya qiymətləri artırmalı, ya da keyfiyyəti aşağı salmalıdırlar: "Toylarda say məhdudiyyətinin olması restoranlara imkan vermir ki, qiymətlərdə güzəşt təqdim etsinlər. Ümumiyyətlə, qayda budur ki, müştəri çox olanda, bəzi sabit xərcləri minimallaşdırmaq olur. Çünki müştəri sayından asılı olmayaraq, restoran sahibi, məsələn, bir baş aşpaz işlətməlidir. Bu baxımdan bir çox xərcləri müştəri sayı azalanda endirmək olmur. Müştəri sayına limit qoyulması da əlavə faktordur, yəni restoranlar ya menyu qiymətlərini artırmalı, yaxud da onsuz da pis vəziyyətdə olan göstəriciləri daha da pisləşdirməlidir. Həm bu, həm də vaksin pasportuyla bağlı məhdudiyyətin olması polisə, nəzarət qurumlarına imkan verəcək ki, əlavə səlahiyyətlər əldə etsinlər. Burada isə müxtəlif “razılaşmalar” olacaq, birinə göz yumulacaq, digəri cərimələnəcək. Rüşvətxorluq, korrupsiya, ayrı-seçkilik hallarını görəcəyik. Yəni filan məmura aid restorana toxunulmayacaq və s. Bu da rəqabəti korlayacaq. Müştərilər toy üçün məkan seçəndə çalışacaq ki, arxalı sahibkarların restoranını tapsın”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.