BAHAR MURADOVANIN OBYEKTINDƏ 3 UŞAQ ATASI BOĞULUB
23-06-2021, 00:06

Qadın və Uşaq Haraylarının Boğulması Komitəsi
Bildiyimiz kimi, Qəbələ rayonunun Vəndam kəndində dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın heykəli var. Bu günlərdə xəbər yayılıb ki, Van Dammın oğlu Kris azərbaycanlı qızla nişanlanıb. Ona görə də indi kino ulduzu ilə adaş olan həmin kənddə indi sevinən çoxdur. Amma dünən həmin kənddə baş vermiş faciə bu xoş ovqatı pozub. Hadisə Vəndam kəndində, dağların ətəyində və sıx meşələrin əhatəsində yerləşən “Xəzər” istirahət mərkəzində vaqe olub – hovuzda 3 azyaşlı uşaq atası olan gənc kişi boğulub.
Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, 3 metr dərinlikdə olan hovuz can alandan sonra hadisə yerinə təcili yardım ekipi və polis də gəlib. İstirahət mərkəzinin işçiləri hadisə şahidlərinə deyiblər ki, hovuzun dərin olması səbəbindən təhlükə daşıdığı barədə müdiriyyəti xəbərdar edibmişlər, lakin rəhbərlik buna məhəl qoymayıb. Suyun səviyyəsi endirilməyib. O da bildirilir ki, əslən Ucar, ya da Göyçay rayonundan olan boğulan şəxsin meyitini Bakıya aparıb morqa yerləşdiriblər.
Məsələni araşdırmaq üçün “Xəzər” istirahət mərkəzinin internet resurslarında əlçatan nömrəsinə zəng vurub administrasiyanın bir təmsilçisi ilə danışdıq. Həmin şəxs mərkəzdə elə bir hadisənin baş verdiyini dandı. Ehtimal olunur ki, ölüm hadisəsinin əsl səbəbini ictimaiyyətdən gizlədilməsinə səy göstəriləcək. Çünki məlumata görə, istirahət mərkəzi sabiq deputat, hazırda Qadın və Uşaq Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Bahar Muradovaya məxsusdur. Beləliklə, üç uşaq atasını, bir qadın həyat yoldaşını itirdi. Hovuzu dərin olanlara isə qazandıqları pul insan həyatından daha qiymətlidir.
Mövzuya qayıdacağıq (deryaz.az)