Daxili turizm canlanır

25-06-2021, 07:17           
Amma sektorun tam özünə gəlməsi yalnız 2023-cü ildə mümkün sayılır
Daxili turizm canlanır
Pandemiya dövrü olduğundan, bir çox ölkələrə gediş-gəliş hələ də mümkün deyil. Sərhədlərini turistlərə açan bəzi ölkələrdə isə COVİD-19-a qarşı vaksinasiya ilə bağlı sərt tələblər var. Belə ki, Avropa Birliyinin aparıcı ölkələri Çin və Rusiya peyvəndi vurdurmuş əcnəbiləri ölkəyə buraxmağa tələsmir. Bütün bunlar Azərbaycan əhalisini daha çox daxili turizmə üz tutmağa vadar edir.

May ayından etibarən istirahətini bölgələrdə keçirənlərin sayında kifayət qədər artım var. Sektorda canlanma yaranıb. Bəs, daxili turizm obyektləri tələbi qarşılaya bilirmi? Bu sahədə mövcud vəziyyəti və perspektivləri necə qiymətləndirmək olar?

Dövlət Turzim Agentliyi mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə “Press Klub”a açıqlamasında daxili turizmin pandemiyadan xeyli zərər gördüyünü xatırlatdı:

“Əvvəlki illərlə müqayisə etsək, pandemiya səbəbindən ötən il 3 milyona yaxın daxili turizm səfərinin təxirə salındığını deyə bilərik. Sevindiricidir ki, bu ilin yanvarın sonundan başlayaraq turizm sahəsində canlanma müşahidə olunur. Təkcə cari ilin mart ayında daxili turist səfərlərinin sayı ötən illə müqayisədə 21% çox olub. Nazirlər Kabinetinin şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması ilə bağlı qərarından sonra daxili turizm xidmətlərindən istifadə də artdı. Hazırda daxili turizmdə xidmət sahələri müəyyən məhdudiyyətlərlə də olsa, fəaliyyət göstərir. Hotellər qonaqlar qəbul edir, turizm agentlikləri fəaliyyətdədir. Daxili turizmin intensivləşməsi ilə xüsusilə regionlarda yerləşən hotellərin doluluq dərəcəsində artım müşahidə olundu. Bu baxımdan paytaxt hotelləri müəyyən çətinliklər yaşayır. Belə ki, ilk 3 ayın nəticələrindən aydın oldu ki, region hotellərində gecələmə sayı ötən illə müqayisədə 18% azaldığı halda, paytaxtda müvafiq azalma 84% olub. Bununla belə, statistik göstəricilərin aylıq təhlili göstərir ki, tendensiya artıq müsbətə doğru dəyişib. Belə ki, ötən ilin mart ayında Bakı şəhərində yerləşən hotellərdə cəmi 40 min gecələmə olduğu halda, 2021-ci ilin martında bundan 38.6% çox, yaxud 55.4 min gecələmə qeydə alınıb”.

K.Quluzadə qeyd etdi ki, daxili turizm hazırda ənənəvi 4 turizm dəhlizi üzrə fokuslanıb:

“Bakı-şimal, Bakı-şimal-qərb, Bakı-qərb, Bakı-cənub turizm dəhlizləri üzrə əsas turizm resurslarının cəmləşdiyi bölgələr ən çox səfər olunan istiqamətlərdir. Xüsusilə bayram və istirahət günlərində bu bölgələr üzrə daxili səfərlərin artdığı müşahidə olunur. Bir məqam da qeyd olunmalıdır ki, yerli turistlər ümumilikdə digər turizm xidmətlərindən daha az istifadə edirlər. Məsələn, daxili turistlərin muzeyləri ziyarət və ya turizm obyektlərinə səfər etmək dərəcəsi xarici turistlərlə müqayisədə aşağıdır”.

K. Quluzadənin sözlərinə görə, Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosunun keçən ilin martında başlatdığı “Macəra yaxındadır” kampaniyası davam etdirilir:

“Kampaniyanın əsas vəzifəsi daxili turizm potensialının tanıdılmasına və vətəndaşların daxili turizm imkanlarından faydalanmasına hədəflənib. Bu yay mövsümü üçün də kampaniya davam etdiriləcək. Ölkə ərazisində regionlararası ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsi haqqında qərar 2021-ci ildə, xüsusilə də yay turizm mövsümündə daxili turizm potensialından səmərəli istifadə üçün əlverişli imkanlar yaradır. Epidemioloji vəziyyət pisləşmədiyi təqdirdə, 2021-ci ildə ölkə daxilində turizm məqsədi ilə səfər edən yerli vətəndaşların sayında təxminən 50% artım olacağı proqnozlaşdırılır”.

Qurumun rəsmisi Dövlət Turizm Agentliyinin hazırda turizm fəaliyyətlərini bərpa etmək üçün 3 istiqamətdə çalışdığını söylədi:

“Birincisi, təhlükəsiz beynəlxalq səfərlərin bərpasına nail olmaqdır. İkincisi, həm xarici, həm daxili turizmi canlandırmaq üçün marketinq və məlumatlandırma kampaniyasının davam etdirilməsidir. Üçüncü fəaliyyət istiqaməti kimi hazırda bizim də əsas vəzifəmiz turizm sahəsində digər dövlət strukturları ilə birgə epidemioloji təhlükəsizliyin təmin edilməsi üçün qaydalara əməl olunmasına nəzarəti təmin etməkdir. Bu məqsədlə hotellərdə pandemiya ilə əlaqədar müəyyən edilmiş məhdudiyyət və tələblərə riayət olunması üçün digər aidiyyəti dövlət qurumları ilə birlikdə monitorinqlər keçiririk. Monitorinqlərin başlıca məqsədi hotelçilik sənayesini pandemiyanın mənfi təsirlərindən qorumaqdır. Monitorinqlər məhz hotellərdə qalan qonaqlar arasında yoluxmaların sayının minimuma endirilməsi, bununla da hotellərin fəaliyyətdə qalması və biznes mühitinin qorunması üçün aparılır. Biz prosesə optimist yanaşırıq. Hesab edirik ki, 2023-cü ildən etibarən turizm əvvəlki inkişaf tempinə qayıdacaq. Xüsusilə, bütün dünyada vaksinasiyanın sürətlənməsi ilə turizmin bərpası prosesi də sürətlənəcək. Beynəlxalq təşkilatların da qiymətləndirmələrinə əsasən pandemiyadan əvvəlki rəqəmlərə yaxınlaşma 2023-cü ildən etibarən mümkün olacaq”.

Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru, Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının baş müəllimi Samir Dübəndi “Press Klub”a şərhində pandemiyanın yaratdığı fəsadlar – sərhədlərin qapalı olması, vizaların verilməməsi, hava nəqliyyatında olan durğunluq və sair səbəblərin dünyada daxili turizmə diqqəti artırdığını vuğruladı:

“Ölkədə uzun müddətdir sərhədlər qapalıdır, gediş-gəliş hələ də məhduddur. Digər tərəfdən, bilet qiymətlərində bahalaşma müşahidə edilir. Əslində biz buna sevinirik. Çünki dövlət və bir çox qurumlar anladılar ki, daxili turizmi inkişaf etdirmək lazımdır. Dövlət qurumları, müxtəlif assosiasiyalar həm aqrar, həm də ekoturizmin inkişafına istiqamətlənmiş, “yaşıl turizm”in genişləndirilməsinə yönəldilmiş müxtəlif layihələr həyata keçirirlər. Biznesin də bu sahəyə marağı artmağa başlayır və regional səviyyədə canlanma müşahidə olunur”.

S.Dübəndi regionlarda turizm infrastrukturunun hələ də zəif olduğunu diqqətə çatdırdı:

“Milli parkların resurslarından kifayət qədər istifadə olunmur. Ekoturizm fəaliyyətlərini – piyada yürüşlər, vəhşi heyvanları seyr etmək, dağa tullanma, alpinizm, sualtı ekskursiyalar kimi istiqamətləri geniləndirmək yaxşı olar. Bakı şəhərində də palçıq vulkanlarından tutmuş, Xəzər dənizinin imkanlarına qədər, müxtəlif ekoturizm və açıq səma altında olan fəaliyyətləri zənginləşdirmək lazımdır. Təbiət bütün bunlar üçün imkan yaradıb”.

Ekspert bildirdi ki, regionlarda turizm agentliklərinin sayı azdır:

“Uzunmüddətli istirahət günləri onu göstərdi ki, regional hotellərdə (beşulduzlu) yüz faiz doluluq müşahidə edilib. Aşağı seqmenti götürsək, orada 60-70 qonaqlama faizi var idi. Çünki kiçik müəssisələr bir müddət qapalı olduğundan onlar sonradan bərpa oluna bilmirdilər. Artıq yay mövsümü gəldi, iyul ayından məzuniyyətlər dönəmi başlayacaq. Artıq müraciətlər də gəlməkdədir. Bu sahədə öncədən planlama bir qədər zəifdir. Ümid edirik ki, sərhədlərimiz bir çox ölkələrə açıq olacaq, bununla da xarici turistlərin də sayı artacaq. Bu il xaricə üz tutacaq vətəndaşlarımızın sayı az olacaq və insanlar daha çox yerli bazarın imkanlarından yararlanacaqlar. Bu istiqamətdə də bir çox işlərimiz var”.

Ülviyyə Şahin












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.