Karantin cərimələrinə amnistiya - 2 rəy: İqtisadçılar “hə”, deputatlar “yox” deyir...

26-06-2021, 11:58           
Karantin cərimələrinə amnistiya -
Karantin qaydalarının pozulmasına görə yazılan və ödənilməyən cərimələrin silinməsi gündəmdədir. Belə ki, bu məsələ qonşu Gürcüstanda karantin rejiminin pozulmasına görə bütün cərimələr əhalinin üzərindən silinəcəyi ilə bağlı informasiyadan sonra meydana çıxıb.
Belə ki, Gürcüstan baş naziri İrakli Qaribaşvili cərimələrə amnistiya elan edəcəyini bildirib. Pandemiya zamanı qaydaların pozulması səbəbindən inzibati və ya cinayət məsuliyyətinə cəlb olunan şəxslərə aid iki qanun layihəsi parlamentə təqdim olunub. Bu təşəbbüs çərçivəsində 245 min vətəndaş və 344 hüquqi şəxs üzərindən həm inzibati, həm də cinayət məsuliyyəti götürüləcək. Söhbət 76 milyon lari (41 milyon manat) həcmində ödənilməmiş cərimələrdən gedir.
İndi hamını düşündürən odur ki, Azərbaycanda analoji addımın atılması mümkünmü?
Fazil Mustafa
Deputat Fazil Mustafa indiki məqamda buna gedilməsini tövsiyə etməyib. Qaynarinfo-ya açıqlamasında Fazil Mustafa qeyd edib ki, gələcəkdə vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün bu addımı atmaq olar: “Hazırkı vəziyyətdə toyların keçirilməsi ilə bağlı verilən qərarda cərimələr nəzərdə tutulur. İndi cərimələrlə bağlı qərar ləğv olunsa, onda heç kim qaydalara əməl etməyəcək və yoluxma sürətlə artacaq. Ona görə də bunun müəyyən detallarına baxıb həll eləmək lazımdır”.

Fikrət Yusifov

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Azərbaycanda da mütləq belə bir addım atılmalıdır: “Mən həm iqtisadçı alim kimi bunu deyirəm, həm də icraçı direktoru olduğum İctimai Nəzarət Mərkəzinin İdarə Heyətinin adından deyirəm. Amnistiya olmalıdır, çünki bu cərimələri tətbiq edərkən bizim məqsədimiz dövlət üçün hansısa maddi resurslar yaratmaq deyildi. Məqsəd o idi ki, insanlar nizam-intizamlı olsunlar, qaydaları pozmaqdan çəkinsinlər ki, pandemiya dövründə virus tüğyan etməsin, hökumət onu idarə edə bilsin. İndiki şəraitdə cərimələri əfv etmək üçün uyğun bir zamandır və bunu etmək lazımdır. Bunun insanlarda qaydalara, cərimələrə qarşı laqeydlik yaradacağından qorxmaq lazım deyil, yazı izahını verib cərimə borclarını silmək lazımdır”.
Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini gözləmirdim" » Reyting.az
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, Gürcüstanda belə bir qərarın verilməsi ciddi müzakirələrdən keçdi: “Parlamentdə müzakirələr başladı, daha sonra hökumətə təkliflər oldu. Hökumət də növbəti seçkilərdə əhalinin rəğbətini qazanmaq üçün müəyyən addımlar atır. Bunun nəticəsi olaraq cərimələrin silinməsi ilə bağlı qərar verildi. 70 milyon lariyə yaxın bir məbləğdən söhbət gedir. Beləliklə də pandemiyadan sonra gəlirləri azala əhalinin vəziyyətini yüngülləşdirmək üçün bu önəmli bir addım oldu. Məsələn, əgər artıq açıq havada maska taxmaq qaydası ləğv edilibsə, öncəki dövrdə bu səbəbdən yazılan cərimələrin ləğvi də məntiqli olardı. Bu yolla Azərbaycan əhalisinin bir qisminin maddi yükünün azaldılması mümkün olardı. Biznesə qarşı da belə bir addım atmaq olar, çünki biznes çevrələrinin də ciddi cərimələri var və onların da əfvi yaxşı olardı. Azərbaycanda da belə bir əfvin olması kifayət qədər ciddi rəğbətlə qarşılanar. Həm də hökumət üçün də sosial problemlərin həlli yolunda bir addım kimi stimul olar. O cümlədən cərimələrin amnistiyası ölkədəki sosial duruma müsbət təsir edər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.