Azərbaycanda məmur biznesi... - xərcləmələrdə şəffaflıq təmin olunubmu?

27-07-2021, 11:52           
 Azərbaycanda məmur biznesi... -
Ötən həftə Qərb bölgəsinə səfər edən Prezident İlham Əliyev Dövlət Televiziyasına müsahibə verərək bir sıra mühüm məsələlərə toxunub. Bu məsələlər arasında məmur biznesinin və izafi büdcə xərcləmələrinin qarşısının alınması xüsusi yer tutur.

Prezident bildirib ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılmasına rəğmən Azərbaycan heç bir qurumdan kredit almayıb: “Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik. Lazım olmayan layihələrə, xeyir gətirməyən layihələrə, sadəcə, görüntü naminə, yaxud da ki, hansısa başqa maraqlar naminə dövlət investisiya xərcləri verilməyəcək. Bunu hər kəs bilir. Ona görə valyuta ehtiyatlarımızın artımı da çox vacib məsələdir. Nə qədər çox valyutamız olsa, biz özümüzü o qədər də əmin hiss edirik”.

Ölkə rəhbəri bu ilin ilk yarısında vergi və gömrük yığımlarındakı artımın şəffaflaşma ilə bağlı olduğunu deyib: “Aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları nəzərdə tutulandan daha çox vəsait toplayıblar. Vergi orqanları 810 milyon manat daha çox, gömrük orqanları 206 milyon manat. Nəyin hesabına? İslahatların hesabına. Nəyin hesabına? Dürüstlüyün, şəffaflığın hesabına, uçotun hesabına, aparılan islahatların hesabına. Biznes qurumlarına vaxt verilmişdir, onlara tövsiyələr edilmişdir ki, bax, bundan sonra belə işləməlisiniz, kölgə iqtisadiyyatı olmamalıdır, hər kəs vergisini verməlidir. Hər hansı bir qanunsuz ödəmələr olmamalıdır. Heç bir dövlət məmuru hansısa biznes qurumuna sahiblik etməməlidir. Bu yanaşma biznes qurumları, dairələri tərəfindən çox müsbət qarşılandı. Onlar üçün də vaxt lazım idi yeni münasibətlər qaydalarına öyrəşsinlər, düz işləsinlər, dürüst olsunlar və artıq biz bunu görürük. Biz bir milyard manatdan çox əlavə gəlir əldə etmişik və bunun hesabına sosial ödəmələr edirik, şəhid ailələrini evlərlə təmin edirik, maaşları, pensiyaları qaldırırıq, infrastruktur layihələrini icra edirik. Əgər belə getsə, əlbəttə ki, ilin sonuna qədər rəqəmlər daha böyük olacaq”.

Qeyd edək ki, son müsahibəsində toxunduğu məsələlərlə bağlı Prezidentin tapşırığı ilə 2018-ci ildən etibarən bir sıra addımlar atılıb. Bura ilk növbədə vergi və gömrük orqanlarında şəffaflaşma, müxtəlif qurumlarda kadr dəyişiklikləri, vergidənyayınmaya, kölgə iqtisadiyyatına qarşı mübarizə və sair daxildir. Ölkə Prezidenti bir neçə dəfə biznes maraqları olan məmurları sərt tənqid edib, onların inhisarçı fəaliyyətlərini qınayıb. Onun sözlərinə görə, bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar: “Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq. Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz. Eyni zamanda haqsız rəqabət, bu da bizim üçün böyük problem yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz".

2018-ci ildən bəri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində böyük biznes imperiyalarına malik çox sayda yüksək vəzifəli məmur işindən alınıb. Onların bir çoxunun biznesi əllərindən alınmasa da, bütün fəaliyyətlərinin vergiyə, qeydiyyata cəlb olunması təmin edilib.

Dövlət xərcləmələrində səmərəliliyin artırılması üçün iri dövlət şirkətlərinin idarəetməsinin təkmilləşdirilməsi istiqamətində də addımlar atılmaqdadır. Əksər iri şirkətlərdə müşahidə şuraları yaradılıb, idarəetmə sisteminin müasirləşdirilməsi prosesi başladılıb. Lakin bütün görülən işlərdən sonra bu gün Azərbaycanda məmur biznesinin, inhisarçılığın olmadığını demək mümkündürmü? Ölkə iqtisadiyyatındakı şəffaflaşma prosesi qaranlıqda qalan bütün sahələri əhatə edibmi?

Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda məmur biznesi uzun illərdir var və bu, ölkədə hər kəsə aydındır: “Çox təəssüf ki, ölkəmizdə formalaşmış məmur biznesi kifayət qədər dərin köklərə malikdir. Bu gün ölkədə hansı məmurun iqtisadiyyatın hansı sahəsində biznesə malik olduğu, üzdə olan iri holdinqlərin hamısının kimlərə, hansı məmurlara bağlı olduğunu hər bir vətəndaş bilir. Elə bir şirkət yoxdur ki, hansısa yüksək vəzifəli məmura bağlı olmadan inkişaf etdiyini demək mümkün olsun. Rayonlarda isə yerli icra başçılarının obyektləri, fermer təsərrüfatları rayon əhalisinin hamısına məlumdur. Bir çox hallarda icra başçıları öz bizneslərinə rəqib olan sahibkarları rayondan çıxarırlar”.

Bəs məmurları biznesdən necə aralamaq olar? Daha hansı addımlar atılmalıdır ki, bu problem köklü şəkildə həll olunsun? Ekspertin fikrincə, bunun çox asan yolu var: “Məmuru bizneslə vəzifə arasında seçim qarşısında qoyursan. Elə şərtlər müəyyənləşdirirsən ki, məmur ya kreslosunu, ya da biznes marağını üstün tutmalı olur. Təəssüf ki, uzun illərdir ki, məhz bu məsələdə hətta Prezident səviyyəsində ciddi iradlar, tənqidlər, xəbərdarlıqlar səsləndirilsə də, ciddi bir irəliləyişə nail olunmayıb”.

N.Cəfərli deyir ki, dövlət xərcləmələrinə effektiv nəzarətin formalaşdırılması, dövlət vəsaitlərinin səmərəli xərclənməsi sahəsində də ciddi bir dəyişikliklər hələlik baş verməyib: “Dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilən tenderlərə nəzər yetirmək kifayətdir ki, xərcləmələrin nə qədər effektiv həyata keçirildiyini müəyyənləşdirəsən. Təəssüflər olsun ki, hələ də iri tenderlərin demək olar ki, tamamı bu və ya digər iri məmur-oliqarxa bağlı şirkətlərə verilir. Hətta orta və aşağı həcmli layihələrdə belə kiminsə adamı olmadan dövlət qurumlarının hər hansı birində tenderdən qalib ayrılmaq mümkün deyil. Dövlət satınalmaları sahəsindəki vəziyyət acınacaqlı olaraq qalır. Düzdür, olimpiada, beynəlxalq yarışmalar kimi meqalayihələr artıq dayandırılıb, lakin bununla belə, orta və aşağı həcmli satınalmalarda qanunvericiliyin tələblərinə əməl olunduğunu söyləmək mümkün deyil. Eyni sözləri xərcləmə prosesində şəffaflıq və hesabatlılıqla bağlı da demək olar. İri dövlət şirkətləri hələ də büdcədən irihəcmli dotasiyalar almağa davam edirlər. Onların demək olar ki, hamısı hələ də ziyandan az da olsa gəlirə çıxa bilməyiblər. Bu şirkətlərin idarəçiləri heç özlərinə əziyyət verib böyük məbləğləri ifadə edən zərərlərin səbəbini belə cəmiyyətə açıqlamırlar. Bütün bunlar onu göstərir ki, bu problemləri təməlli həll etmək, aradan qaldırmaq üçün sərt və köklü struktur islahatlarına gedilməsinə ehtiyac var. Ritorik olaraq nəticədən danışmaqla yanaşı, səbəblərin aradan qaldırılması üçün kifayət qədər ciddi siyasi, iqtisadi və idarəetmə islahatlarının aparılması lazımdır. Yerli icra hakimiyyəti orqanları bir idarəetmə orqanı olaraq artıq çoxdan nüfuzdan düşüb. İnstitutsional olaraq yerli icra hakimiyyətləri ləğv edilməli, yerlərdə hökm sürən amansız məmur biznesi rejimi aradan qaldırılmalıdır. Bütün bu addımlar büdcə xərcləmələrində səmərəliliyi təmin edər, iqtisadiyyatın inkişafına təkan verər. Hələlik görünən odur ki, hakimiyyət belə kəskin struktur və sistem əhəmiyyətli dəyişikliklərə getmək istəmir”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.